Vəkillər Kollegiyasının üzvünə cinayət işi açıldı


Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Şahquliyev Misir Vidadi oğlunun qanunsuz hərəkətləri ilə bağlı vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Vəkillər Kollegiyasının iştirakı ilə araşdırma aparılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
“Araşdırma zamanı Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsilə baxılan cinayət işi üzrə təqsirləndirilən şəxsin müqavilə əsasında müdafiəçisi qismində iştirak edən Misir Şahquliyevin öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə etməklə məhkəmə kollegiyasının qərarına qanunsuz təsir etmək imkanının olmasını bildirib təqsirləndirilən şəxsə yüngül cəza təyin olunması məqsədilə 15 min manat pul vəsaiti almasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Misir Şahquliyev şübhəli şəxs qismində tutulmuş və ona Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham elan edilməklə, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir”, - məlumatda deyilir.
M. Şahquliyev isə sosial şəbəkələr vasitəsilə məlumat yayaraq bildirib ki, vətəndaşın şikayəti onunla bağlı deyil.
“Müqavilə əsasında 1 il müddətində müdafiə etdiyim şəxsin əməli məhkəmədə Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsindən 177.2.4-cü maddəyə tövsif edilərək (ən azı 7 il həbsdən 3 il qolbağa) barəsində 3 il azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Həmin vətəndaşı 4 vəkil müdafiə etmişik. Verdiyimiz vəsatətlər məhkəmə tərəfindən qəbul edilmədiyi üçün və ibtidai istintaq müddətində işin əsaslı sübutları olmadığı üçün həmin işlə bağlı özəl ekspertiza rəyi üçün ödəniş alınmışdır. Həmin rəy məhkəməyə sübut kimi təqdim edilmişdir. İşin uğurlu həlli üçün əhəmiyyət kəsb edən bütün müdafiə vasitələrindən istifadə edilmişdir. Vətəndaşa vəd verilməmişdir və qarşılığında pul alınmamışdır. 96 min manatlıq oğurluq işini müdafiə etmişik və nəticədə şəxs 6 min manat oğurlamaqda təqsirli bilinib azadlıqda qalıb”.

DİGƏR XƏBƏRLƏR

Top