Azərbaycana məğlub olmayan lixtenşteynli futbolçuların əsl peşələri – Tam siyahı


Məlum olduğu kimi, UEFA Millətlər Liqasının D Divizionunda Azərbaycan milli komandası gözlənilməz nəticə ilə üzləşib.
Yeniavaz.com
xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi Azərbaycan yığması oktyabrın 1-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda Lixtenşteyn millisini qəbul edib və qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Oyunda Azərbaycan millisi topa daha çox nəzarət etsə də, 90 dəqiqə ərzində hesabı aça bilməyib.
Nəticənin diqqət çəkən məqamlarından biri də komandaların FIFA reytinqindəki mövqeləridir.
FIFA-nın 20 iyul 2026-cı il tarixli son rəsmi reytinqinə əsasən, Azərbaycan 126-cı, Lixtenşteyn isə 206-cı pillədə qərarlaşıb. Yəni komandalar arasında 80 pillə fərq var.

Toral Bayramovun transfer dəyəri Lixtenştey yığmasının ümumi dəyərindən 3 dəfə çoxdur
Komandaların heyətlərinin təxmini bazar dəyəri arasında da böyük fərq var. “Transfermarkt”ın 2026-cı il məlumatına görə, Azərbaycan milli komandasının heyətinin ümumi bazar dəyəri təxminən 19,08 milyon avro göstərilir. Lixtenşteyn yığmasının heyətinin ümumi bazar dəyəri isə təxminən 625 min avrodur.
Bu göstəriciyə əsasən Azərbaycan yığmasının heyəti Lixtenşteyninkindən təxminən 30 dəfə yüksək bazar dəyərinə malikdir.
Azərbaycanın heyətində ən yüksək qiymətləndirilən futbolçular arasında Toral Bayramov və Nəriman Axundzadə yer alır. “Transfermarkt” onların hər birinin bazar dəyərini təxminən 2 milyon avro göstərir. Mahir Emrelinin göstəricisi isə 600 min avro təşkil edir. Emin Mahmudovun bazar dəyəri 450 min avro, Anton Krivotsyukun bazar dəyəri isə 650 min avro olaraq göstərilir.
“Transfermarkt”ın ən son yenilənmiş məlumatlarına əsasən, hazırda Lixtenşteyn milli komandasının ən bahalı futbolçuları iki nəfərdir. Həm Yustin Ospelt (qapıçı), həm də Lars Traberin (müdafiəçi / “SC Brühl SG” klubu) transfer dəyəri 150 min avrodur. Onlardan sonra siyahıda 100 min avro dəyərlə yarımmüdafiəçi Alessio Hasler (“FV Illertissen” klubu) gəlir.
Ümumilikdə “Transfermarkt”da Azərbaycan milli komandasının heyətindəki 30 futbolçunun, demək olar ki, hamısının peşəkar müqaviləsi və rəsmi transfer qiyməti var. Lixtenşteynin 27 oyunçusundan isə cəmi 4-5 nəfərinin “Transfermarkt”də transfer qiyməti yazılıb, digərləri həvəskar statusunda olduqları üçün bazar dəyərləri "0" və ya "məlumat yoxdur" olaraq göstərilir.

Lixtenşteyn komandasında futbolçudan çox tələbə var
Onu da qeyd etmək lazımdır ki, zaman-zaman Lixtenşteyn futbolçuları ilə bağlı sosial şəbəkələrdə və müxtəlif paylaşımlarda onların əsas işlərinin futbol deyil, müxtəlif mülki peşələr olduğu barədə məlumatlar yayılır.
Lixtenşteyn Futbol Assosiasiyasının rəsmi məlumatlarında da milli komandanın bəzi üzvlərinin əsas fəaliyyətlərinin futbol olmadığı göstərilir.
Komandanın heyətində həm peşəkar futbolçular, həm tələbələr, həm də futbol fəaliyyəti ilə yanaşı başqa sahələrdə çalışan oyunçular var.
Bakıya səfər edən Lixtenşteyn futbolçularının əsl peşələri aşağıdakı kimi olub:
Əsas heyət:
Benjamin Büxel — Peşəkar futbolçu, “FC Vaduz” klubunun qapıçısı və kapitanı.
Yens Hofer — İT mütəxəssisi, korporativ proqram təminatı sahəsində çalışır.
Maksimilian Göppel — İnzibati idarəetmə işçisi, ofis meneceri.
Lars Traber — Mühasibatlıq və maliyyə mütəxəssisi.
Yonas Vayssenhofer — Tələbə, logistika sahəsində çalışır.
Alessio Hasler — Tələbə, ofis işçisi.
Marsel Büxel — Peşəkar futbolçu, keçmiş İtaliya A Seriyası oyunçusu.
Nikolas Hasler — Peşəkar futbolçu, milli komandanın kapitanı, keçmiş MLS oyunçusu.
Kenni Kindle — Sənaye mühəndisliyi və istehsalat texniki sahəsində çalışır.
Alessandro Lo Russo — Tələbə, pərakəndə satış sahəsində çalışır.
Aron Sele — İdman layihələrinin meneceri və inzibati işçi.


Ehtiyat heyət:
Yustin Ospelt — Peşəkar futbolçu, Almaniyanın regional liqalarında çıxış edir.
Lorenzo Lo Russo — Daxili satış və inzibati işlər üzrə mütəxəssis.
Niklas Bek — Bank işçisi, müştəri xidmətləri sahəsində çalışır.
Severin Şlegel — Tələbə, idman menecmenti üzrə təhsil alır.
Fabio Lük-Notaro — Peşəkar futbolçu, idman akademiyasında təhsil alır.
Villi Pitsi — Kommersiya və logistika sahəsində çalışır.
Livio Mayer — Ətraf mühit mühəndisi.
Andrin Netzer — Kommersiya sahəsində satıcı və satış məsləhətçisi.
Bruno Poytner — Ofis assistenti və tələbə.
Liam Krants — Bank mütəxəssisi və təcrübəçi.
Emanuel Zünd — Tələbə.

Florian Allgoyer — Tələbə.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top