Polis ictimai fəalları saxladı - Foto


Xəbər verdiyimiz kimi, bu gün Bakı Apelyasiya Məhkəməsi Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı şikayətinə baxıb.
Yeniavaz.com
Meydan TV-yə istinadən xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir neçə üzvü məhkəmənin qarşısında saxlanılıb.
Bildirilib ki, buna səbəb “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həbs edilən ictimai fəal B.Hacıyevin azadlığa buraxılması tələbi ilə elan etdiyi aksiyadır.
AXCP üzvləri bildirib ki, saxlanılanlar arasında AXCP Xətai şöbəsinin sədri Faiq Nağıyev, AXCP üzvü Tofiq Məmmədov və reportyor Emil Manıyev də var. ADR Partiyası sədrinin müşaviri Hüseyn Məlik bu gün səhər saatlarında saxlanılaraq 41-ci polis bölməsinə aparılıb. Onların sözlərinə görə bu gün Bakı Apelyasiya Məhkəməsinin qarşısına xeyli polis cəlb edilib.
Bundan əlavə D18 Hərəkatının üzvləri – Afiyəddin Məmmədov və Samir Sultanov da Apelyasiya Məhkəməsinin yaxınlığında saxlanılıblar.

Qeyd edilib ki, dekabrın 23-də polis həmçinin ictimai fəallardan bəzilərinin evinə gedib. Səbəb baş tutacaq hər hansı aksiyanın qarşısını almaq olub.
“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının aksiya ilə bağlı elanına da Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Aparatından müsbət cavab verilməyib.
Saxlanılanlarla bağlı hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Dekabrın 22-də Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov jurnalistlərə bildirmişdi ki, aidiyyəti dövlət qurumları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsinə cəhd edilərsə, bu, qanunsuz hesab olunacaq və qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək.
Məlumat üçün bildirək ki, Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Həmin insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib. O, ittihamları qəbul etmir. Harvard Universiteti məzunu olan Hacıyev 2011-ci ilin martında da həbs edilmişdi. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi. Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

DİGƏR XƏBƏRLƏR

Top