
Bir dəfə yaşlı bir adamın xəstəxanaya düşmək üçün bilərəkdən dəmir pul udduğunu eşitmişdim. Və istər-istəməz, o yaşlı adamın bu addımı nə üçün atdığını öyrənmək istəmişdim. Çünki düşünürdüm ki, bir insan belə bir addım atırsa, bunun mütləq bir səbəbi (həm də çox ciddi bir səbəbi) olmalıdır. Elə isə bəs bu səbəb nə ola bilərdi? Və bu sual məni o hadisənin arxasınca apardı. Nə qədər qəribə olsa da, o hadisənin səbəbi də elə o hadisənin özü qədər qəribə idi: “Xəstəxanada olanda tibb bacıları, həkimlər mənə xoş münasibət göstərirlər. Bu da mənim çox xoşuma gəlir”.
Bəli, bir çoxları kimi o yaşlı adam da özünü həyatda tənha hiss edirdi. Və xəstəxanada gördüyü xoş münasibət ona tənhalığını unutdururdu.
Başqa bir yaşlı adam da tanıyıram. Bir dəfə ondan: “Həyatın ən böyük yükü nədir?” - deyə soruşdum. O da düşünmədən: “Daşıyacağın bir yükün olmaması”, - deyə cavab verdi. Bəli, əslində tənhalığın ən asan müalicəsi insanın daşıyacağı bir yükünün olmasıdır. Ona görə də, arabir tənha insanları ziyarət edin. Onların dərdləri, sərləri ilə maraqlanın. Əlbəttə ki, kömək əlinizi uzatmağı da unutmayın. Onda görəcəksiniz ki, başqalarının yükünü yüngülləşdirməklə, əslində, öz yükünüzü yüngülləşdirirsiniz...
Həyatın müxtəlif mərhələlərində hamımız ağrılı-acılı günlər yaşayırıq. Hamımız bu və ya digər şəkildə həyatın zərbəsi altında qalırıq. Məhz elə o məqamlarda özümüzü tənha hiss edirik (əlbəttə ki, burada nisbi tənhalıqdan söhbət gedir).
İnsan təkcə yaşa dolanda və ya başqa sözlə, ətrafındakı insanları itirəndə tənhalıq quyusuna düşmür. Əsl tənhalıq bir dost qəlbinin hərarətindən, ya da bir dost əlinin istiliyindən məhrum qalanda baş verir. Odur ki, nə olursa-olsun, ətrafınızdakı insanlardan bir təbəssümünüzü, bir salamınızı əsirgəməyin. Səmimi bir təbəssümün, səmimi bir salamın nələrə qadir olduğunu bax onda görərsiniz. Hətta bu kiçik yaxşılığınızla insanları dəmir pul udmaq məcburiyyətindən belə xilas edə bilərsiniz.
P. S. “İnsanlar körpü quracaqları yerdə, divar hördükləri üçün tənha qalırlar” (İsaak Nyuton).
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz