
Toronto Metropolitan Universitetinin alimləri müəyyən ediblər ki, fərdi zövq və emosional vəziyyət nəzərə alınmaqla seçilmiş musiqiyə ritmik səs impulslarının əlavə edilməsi stress hormonunun səviyyəsini əhəmiyyətli dərəcədə azalda bilər.
Yeniavaz.com xəbər verir ki, araşdırmanın nəticələri “International Journal of Psychophysiology” elmi jurnalında dərc olunub.
Təcrübə iştirakçıları təsadüfi qaydada iki qrupa bölünüblər. Birinci qrup 24 dəqiqə ərzində hər bir iştirakçının ilkin əhval-ruhiyyəsinə uyğun seçilmiş musiqiyə qulaq asıb. Musiqi tədricən daha sakit və müsbət emosional vəziyyət yaratmağa hesablanıb. Bu proses ritmik səs impulsları ilə stimullaşdırma (ABS) ilə müşayiət olunub.
İkinci qrup isə rahatlama və diqqətin cəmlənməsi üçün istifadə edilən çəhrayı səsə (pink noise) qulaq asıb.
Alimlər dinləmədən əvvəl və sonra iştirakçıların stress hormonu kortizolun səviyyəsini, beyin fəaliyyətini, ürək ritminin dəyişkənliyini, narahatlıq dərəcəsini və əhval-ruhiyyəsini ölçüblər.
Nəticələr göstərib ki, hər iki səs təsiri iştirakçıların narahatlığını azaldıb və əhval-ruhiyyəsini yaxşılaşdırıb. Lakin fizioloji göstəricilərdə ciddi fərqlər qeydə alınıb.
Belə ki, dinləmədən 15 dəqiqə sonra fərdi seçilmiş musiqiyə qulaq asan qrupda kortizolun səviyyəsinin azalması çəhrayı səs dinləyən qrupla müqayisədə iki dəfədən çox olub.
Bundan başqa, musiqi dinləyən iştirakçılarda emosiyaların tənzimlənməsi ilə əlaqəli beyin fəaliyyətində cüzi artım müşahidə edilib. Çəhrayı səs dinləyənlərdə isə bu göstərici əksinə, azalıb. Ürək ritminin dəyişkənliyindəki dəyişikliklər isə hər iki qrupda təxminən eyni olub.
Tədqiqat müəlliflərinin fikrincə, araşdırma stress və narahatlığın azaldılması zamanı insanın özünü necə hiss etməsi ilə orqanizmdə baş verən fizioloji dəyişikliklərin hər zaman üst-üstə düşmədiyini göstərir.
Alimlər hesab edirlər ki, stresslə mübarizə üsullarının effektivliyini qiymətləndirərkən yalnız insanın özünü nə dərəcədə sakit hiss etməsinə deyil, həm də orqanizmdə baş verən bioloji dəyişikliklərə diqqət yetirilməlidir.
Tətbiqimizi yükləyə bilərsiniz