
Serbiyada parlament seçkilərində qalib gələn tələbə hərəkatı hakimiyyət dəyişikliyi ərəfəsində ölkədən mümkün kapital qaçışının qarşısını almaq üçün bankları maliyyə əməliyyatlarına nəzarəti gücləndirməyə çağırıb.
Yeniavaz.com “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Tələbə Siyahısı hərəkatının şənbə günü axşam yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, fəallar Serbiyada fəaliyyət göstərən yerli və beynəlxalq banklara, eləcə də beynəlxalq bank qruplarının baş ofislərinə müraciət ediblər.
Hərəkat banklardan dövlət vəsaitləri, dövlət müəssisələri və dövlət qurumları ilə əlaqəli beynəlxalq ödənişlərə xüsusi diqqət yetirməyi istəyib. Bildirilib ki, bu cür maliyyə əməliyyatları müvafiq sənədlərlə müşayiət olunmalı və ödənişlərin qanuniliyi təsdiqlənməlidir.
Tələbə hərəkatı vurğulayıb ki, müraciətin məqsədi qanuni biznes fəaliyyətinə mane olmaq və ya bankların müstəqilliyinə müdaxilə etmək deyil. Əsas hədəf hakimiyyətin ötürülməsi dövründə maliyyə şəffaflığını və sabitliyini qorumaqdır.
Xatırladaq ki, Tələbə Siyahısı hərəkatı oktyabrın 25-də Serbiyada keçirilən növbədənkənar parlament seçkilərində qələbə qazanıb. İlkin nəticələrə əsasən, hərəkat 250 yerlik parlamentdə təxminən 140 mandat əldə edib. Prezident Aleksandar Vuçiçin rəhbərlik etdiyi hakim Serbiya Proqressiv Partiyası isə 104 mandat qazanıb.
Seçkilərin rəsmi nəticələrinin təsdiqlənməsi yeni parlamentin və hökumətin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Tətbiqimizi yükləyə bilərsiniz