
ABŞ-nin “Boeing” korporasiyası Belarusun dövlət aviaşirkəti “Belavia” ilə əməkdaşlıq etmək üçün ABŞ Ticarət Nazirliyindən icazə alıb.
Yeniavaz.com xəbər verir ki, bu qərar nəticəsində tərəflər arasında birbaşa əməkdaşlığı qadağan edən məhdudiyyətlər aradan qaldırılıb.
İcazə “Belavia”ya donanmasında olan “Boeing” təyyarələri üçün ehtiyat hissələrini, komponentləri və proqram təminatını birbaşa Amerika istehsalçısından almağa imkan verəcək. Qərar, həmçinin Belarus aviaşirkətinə yeni təyyarələrin alınması ilə bağlı “Boeing”lə birbaşa danışıqlar aparmaq imkanı yaradır.
“Belavia”nın baş direktoru İqor Çerqinets bildirib ki, ABŞ Maliyyə Nazirliyinin daha əvvəl verdiyi razılıq əməkdaşlığın bərpası üçün lazımi texniki şərtləri yaradıb.
Onun sözlərinə görə, bu qərarın qəbul edilməsi Belarus Prezidenti Aleksandr Lukaşenko ilə ABŞ nümayəndə heyəti arasında aparılan danışıqların nəticəsində mümkün olub.
Bununla yanaşı, ABŞ-nin Belarusun “Lakokraska” və “Belesbumprom” müəssisələrinə qarşı tətbiq etdiyi sanksiyaları yumşaltmağı planlaşdırdığı bildirilir. Bu məsələ ABŞ-nin xüsusi nümayəndəsi Con Koul ilə Aleksandr Lukaşenko arasında Minskdə keçirilən görüşlə əlaqələndirilir.
Qeyd edək ki, Vaşinqtonun Belarusla bağlı sanksiyaları yumşaltmaq istiqamətində addımlar atdığı bir vaxtda Minsk Polşa və Litva ilə sərhədləri yaxınlığında hərbi təlimlərə başlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz