
Yaponiyanın əczaçılıq şirkəti “Sumitomo Pharma” Parkinson xəstəliyindən əziyyət çəkən pasiyentə induksiya olunmuş pluripotent kök hüceyrələrinin (iPS-hüceyrələr) dünyada ilk transplantasiyasının həyata keçirildiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Medical Xpress” məlumat yayıb.
Əməliyyat oktyabr ayında Kioto Universitetinin xəstəxanasında, Yaponiya tənzimləyici qurumlarının mart ayında terapiyaya şərti icazə verməsindən sonra həyata keçirilib.
Yeni metod donor iPS-hüceyrələrindən əldə edilən milyonlarla hüceyrənin beynə köçürülməsini nəzərdə tutur. Bu hüceyrələr yetişmiş və ixtisaslaşmış hüceyrələrin daha ilkin vəziyyətə qaytarılması yolu ilə yaradılır və müxtəlif hüceyrə növlərinə çevrilə bilir. Terapiya çərçivəsində onlardan hərəkət sisteminin normal fəaliyyəti üçün vacib olan dopamin maddəsini istehsal edən neyronların sələf hüceyrələri yetişdirmək üçün istifadə olunur. Parkinson xəstəliyi zamanı bu neyronlar tədricən məhv olur.
Klinik tədqiqat çərçivəsində 50-69 yaş arası yeddi pasiyent müalicə alıb. Hər birinin beyninin hər iki yarımkürəsinə 5-10 milyon hüceyrə köçürülüb. İştirakçıların vəziyyəti iki il ərzində izlənilib. Ciddi əlavə təsirlər qeydə alınmayıb, dörd pasiyentdə isə xəstəliyin simptomlarında yaxşılaşma müşahidə olunub.
Qeyd edək ki, Parkinson xəstəliyi hərəkət sisteminin fəaliyyətini pozan xroniki və proqressiv nevroloji xəstəlikdir. O, titrəmə, əzələ sərtliyi və hərəkət çətinliyi ilə müşayiət oluna bilər. “Parkinson's Foundation”ın məlumatına görə, dünyada 10 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Mövcud müalicə üsulları simptomları nəzarətdə saxlamağa kömək etsə də, xəstəliyin inkişafını dayandırmır və ya ləngitmir.
“Sumitomo Pharma” 2029-cu ilin mart ayına qədər daha 20-30 pasiyent üzərində transplantasiya aparmağı planlaşdırır. Şirkət terapiyanı ABŞ-də də sınaqdan keçirir.
Yaponiyada müalicə metoduna verilən icazə hələlik şərti xarakter daşıyır. Tam təsdiq üçün qarşıdakı yeddi il ərzində onun təhlükəsizliyi və effektivliyi sübut edilməlidir.
Tətbiqimizi yükləyə bilərsiniz