ABŞ-də erməni əsilli həkimin 45 milyon dollarlıq botoks fırıldağı – 15 il həbs cəzası verilib


ABŞ-də Kaliforniya ştatında yaşayan erməni əsilli həkim Violetta Mailyan 45 milyon dollardan çox məbləğdə səhiyyə fırıldaqçılığına görə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 45 yaşlı Mailyan dövlətin “Medicare” səhiyyə proqramına heç vaxt həyata keçirilməyən, tibbi zərurəti olmayan və ya yalnız kosmetik məqsədlər üçün edilən “Botoks” inyeksiyalarına görə saxta hesablar təqdim edib.
Kaliforniyanın Qlendeyl şəhərində yerləşən “Healthy Way” Tibb Mərkəzinin sahibi olan həkim minlərlə saxta tibbi prosedur üçün ödəniş tələb edib. Halbuki “Medicare” proqramı “Botoks” inyeksiyalarının xərcini yalnız xroniki miqren kimi xəstəliklərin müalicəsi üçün tibbi zərurət olduqda qarşılayır.
İstintaq zamanı məlum olub ki, Mailyan klinikanın fəaliyyət göstərmədiyi günlərdə belə, ümumi dəyəri 19 milyon dollardan çox olan tibbi xidmətlər göstərdiyini iddia edib. O, hətta Meksika, Havay, Las-Veqas və digər yerlərdə istirahət edərkən Kaliforniyada xəstələrə prosedurlar həyata keçirdiyini göstərən saxta hesablar hazırlayıb.
Belə hallardan birində həkim Meksikanın Kabo şəhərində çimərlikdə istirahət etdiyi vaxt tibbi xidmətlərə görə 200 min dollardan çox ödəniş tələb edib.
Federal müstəntiqlər fırıldaqçılıq sxemini araşdırmağa başlayanda Mailyan saxta tibbi qeydlər və xəstə imzaları hazırlamaqla əməllərini gizlətməyə çalışıb. Saxta sənədlərdə həmin vaxt federal həbsxanada cəza çəkən şəxsin də imzasından istifadə edilib.
Həkim qanunsuz yolla əldə etdiyi pulları dəbdəbəli əşyalara və daşınmaz əmlaka xərcləyib. Onun aldığı əşyalar arasında 12 min dollar dəyərində XVII əsrə aid arbalet, 3 min dollarlıq rəsm əsəri və “Tesla” avtomobilləri, o cümlədən “Cybertruck” da olub.
2026-cı ilin mayında andlılar məhkəməsi Mailyanı doqquz elektron fırıldaqçılıq və səhiyyə sahəsində aparılan araşdırmaya mane olmaqla bağlı üç maddə üzrə təqsirli bilib.
15 il həbs cəzası ilə yanaşı, məhkəmə 16 milyon dollardan artıq dəyəri olan əmlakın müsadirə edilməsinə və Mailyanın “Medicare” proqramına 32,9 milyon dollar təzminat ödəməsinə qərar verib.
Qeyd edək ki, cinayət işi ABŞ Federal Təhqiqat Bürosu (FTB) və ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamentinin Baş Müfəttişliyi tərəfindən araşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top