ÜRFAN MƏMMƏDLİ

“Sabahın ulduzları” yenidən parlamağa başladı

“Sabahın ulduzları” yenidən parlamağa başladı

ÜRFAN MƏMMƏDLİ
Uzun fasilədən sonra yenidən bərpa olunan “Sabahın ulduzları” layihəsində Bakı Kuboku yarışlarına yekun vuruldu.
İki yaş qrupunda keçirilən yarışlarda üst-üstə 24 komanda iştirak edirdi. Onlardan 12-si peşəkar futbol klublarının deyil, futbol məktəblərinin təmsilçiləridir. Bakı Futbol Federasiyasının (BFF) AFFA ilə birgə təşkil etdiyi bu yarışlarda istisna hal kimi 2 region komandası – “Sumqayıt” və “Qəbələ” komandaları da mübarizəyə qoşulmuşdular.
Yarışlarda iştirak üçün U-14 qrupunda 281, U-15 qrupunda isə 302 gənc futbolçu sifariş olunmuşdu. İki yaş qrupunda 583 futbolçunun iştirakı “Azərbaycanda futbolçu qıtlığı var” deyənlərə tutarlı cavabdır. Nəzərə almaq lazımdır ki, bu yarışlar təkcə Bakı regionunu əhatə edir. Bölgələrdə futbol oynamaq arzusu ilə alışıb-yanan uşaqları da bura əlavə etsək, bir futbolçu ordusuna sahib olduğumuzu demək olar.
Hər iki qrupda komandalar, peşəkar liqalarda olduğu kimi, oyuna 11 nəfərlə çıxıb, FIFA standartlarına uyğun ölçülü meydançada mübarizə aparıblar.
Yarımfinala vəsiqə qazanmış 8 komandadan 5-i peşəkar futbol klublarının, 3-ü isə futbol məktəblərinin təmsilçiləridir.
U-14 qrupunda peşəkar klubların təmsilçiləri ilə sona qədər layiqli mübarizə aparan “Azərbaycan Qartalları” komandası yarımfinala vəsiqəni yalnız sonuncu oyunun 80+1-ci dəqiqəsində qol buraxmaqla əldən verdi.
Bu isə onu göstərir ki, uşaq-gənclər futbolunda peşəkar klublarla rəqabət apara bilən futbol məktəblərimiz var, onlara dəstək artırılsa və “Sabahın ulduzları” kimi layihələr bölgələrdə də təşkil olunsa, gələcəyə nikbin baxa bilərik.
U-14 qrupunda ilkin mərhələdə 70 oyun keçirilib. Bu oyunlarda qapılara 357 qol vurulub. Bu qədər qolu 111 futbolçu vurub. Ən məhsuldar oyunçu “Neftçi”nin hücumçusu Adil Şabanov olub. Onun hesabında 23 qol var. 2-ci yerdə 16 qolla “Qarabağ”ın hücumçusu, özünü Bayıl uşağı sayan azərbaycanlı-nigeriyalı Ceyms Eziyaşidir. Bombardirlər siyahısında 3-cü yerdə 15 qolla Hünər Səmədli (“Ulduz”) gəlir. Onu 12 qolla Emir Əmirxanov (“Azərbaycan Qartalları”) izləyir.
U-15 qrupunda da 70 oyun keçirilib. Bu qrupda qapılara 328 qol vurulub. Qollara 113 futbolçu imza atıb. Burada bombardirlər siyahısına 15 qolla neftçili İlham Qubadov başçılıq edir. Əli Hüseynov (“Zirə”) və Şahin Qasımzadə (EFA) 12 qolla 2-ci-3-cü yeri bölüşürlər. Yusuf Ağayevin (“Sabah”) hesabında 11 qol var.
Oyunları 4 hakimdən ibarət hakimlər briqadası idarə edirdi. Ümumiyyətlə, bu layihədə 50-yə qədər gənc hakim sınaqdan keçirildi. AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov bildirib ki, “Sabahın ulduzları” gənc hakimlərin sınaqdan keçirilməsi üçün yüksək səviyyəli bir poliqon və tramplin rolunu oynadı.
Bir qrup futbol mütəxəssisi tərəfindən “Sabahın ulduzları” Bakı Kubokunun nominasiyalar üzrə ən yaxşıları müəyyənləşdirilib.
U-14 YAŞ QRUPU
Ən yaxşı qapıçı – Hüseyn Qurbanov (“Qarabağ” FK)
Ən yaxşı müdafiəçi – Ramiz Qarayev (“Sabah” FK)
Ən yaxşı yarımmüdafiəçi – İbrahim Müzəəffərli (“Qarabağ” FK)
Ən yaxşı hücumçu – Hünər Səmədli (“Ulduz” FA)
Bombardir – Adil Şabanov (“Neftçi” PFK) – 23 qol
Ən yaxşı oyunçu – Uğur Hüseynli (“Ulduz” FA)
“Sabahın Ulduzu“ mükafatı – Emir Əmirxanov (“Azərbaycan Qartalları” FK)


U-15 YAŞ QRUPU
Ən yaxşı qapıçı – Yusif Məmmədli (“Qarabağ” FK)
Ən yaxşı müdafiəçi – Asif Allahverdizadə (“Ulduz” FA)
Ən yaxşı yarımmüdafiəçi – Hüseyn Novruzlu (EFA)
Ən yaxşı hücumçu – Yusif Əlizadə (“Ulduz” FA)
Bombardir – İlham Qubadov (“Neftçi” PFK) – 15 qol
Ən yaxşı oyunçu – Emil Quliyev (“Neftçi” PFK)
“Sabahın Ulduzu“ mükafatı – Şahin Qasımzadə (EFA)


Qeyd etmək lazımdır ki, bütün oyunlar BFF-nin Yutub kanalı (bir neçə oyun, o cümlədən hər iki final oyunu CBC-Sport kanalı) vasitəsi ilə canlı yayımlanıb. Təkcə final qarşılaşmasını Yutub kanalında 8 minə qədər tamaşaçı izləyib. Bu da Azərbaycan uşaq futbolu tarixində bir ilkdir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top