Bakıda vəkil polis bölməsində rəisin göstərişi ilə zorakılığa məruz qaldığını iddia edib.
Yeniavaz.com xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü Bəxtiyar Hacıyev feysbukda etdiyi paylaşımında bildirib ki, hadisə Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsində baş verib:
"Müvəkkilimlə polisin çağırışı üzrə getmişdim. Bölmə rəisinin göstərişi ilə zorakılığa məruz qaldım. Rəis “vəkil kimdir, səni çağırmamışam, tutun atın bayıra” dedi. Bundan sonra iki polis nəfəri məni zorla tutub bölmədən çıxartılar. Aidiyyatı qurumlara şifahi şikayətlərimi etmişəm, yazılı şikayətləri də hazırlayıram".
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidməti ilə əlaqə saxladıq. Qurumun şöbə rəisi Elşad Hacıyev Yeniavaz.com-a bildirdi ki, bəhs edilən iddia araşdırılır: "Məsələdən məlumatlıyıq, araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əlavə məlumat veriləcək".