Əndülüs tarixi və Əndülüs İslam mədəniyyəti həmişə maraq dairəmdə olub. İllər əvvəl Əndülüs haqqında “Cənnətul-Məfqud” (İtirilmiş cənnət) başlıqlı bir yazı qələmə almışdım. O yazıda əsasən Əndülüslü məşhur şair Əbul Bəqa Salih ibn Şərifin qələmə aldığı və bir elçi tərəfindən II Bəyazidə oxunan şeirindən bəhs olunurdu. Son dövrlərdə Əndülüs mövzusuna nisbətən daha geniş çərçivədə yenidən qayıtmaq istədim.
Bu minvalla Yeniavaz.com-da yayımlanan “Əndülüsü fəth edən komandir: Tariq ibn Ziyad”, “Avropada parlayan İslam günəşi: Əndülüs”, “Avropada şərqin incisi: Kordova məscidi”, “Bir qutu içindəki xəzinə, ya da Əlhamra sarayı”, “Mədinətuz-Zəhra - Avropada xilafət mərkəzi”, “Müdəccənlər və İspaniyanın birgə yaşama təcrübəsindən vaz keçməsi” kimi araşdırma yazıları hazırlayıb oxucularımıza təqdim etdim. Hətta bu dəfə yeni-yeni müəlliflərlə tanış oldum, Əndülüsün süqutundan sonra yaşanan həyat hekayələri, moriskoların üzləşdikləri sıxıntı və problemlər insanı öz təsiri altına alır, yaddaşlarda silinməz izlər buraxır. Moriskolarla bağlı dörd bölümlük araşdırma seriyasını (1- 2- 3- 4-) hazırlayanda Adəm Özkösəyə aid “Şahane Bir Endülüs Hikayesi” başlıqlı yazını oxumuşdum. Türkiyə türkcəsindən çevirdiyim bu yazıda böyüyüb alim olacaq morisko mənşəli bir uşağın başından keçən həyat hekayəsi anladılır. Əslinin Suriyalı alim Əli Tantavinin əsərində keçən həmin hadisəni sizə təqdim edirəm…
Muhamməd İbn Abdirrafiğ əl-Əndülüsinin ibrətli həyatı:
Əndülüs Əməvi Dövləti yenicə yıxılmış, son qala Qranada şəhəri xristian krallıqlar tərəfindən ələ keçirilmişdi. Yarımadada 8 əsrlik mədəniyyətin mirasçısı və övladları olan müsəlmanlara fiziki və mənəvi zülm və işkəncə artıq adi hal almışdı. Müsəlman qadınlar saçlarından atlara bağlanaraq Kordovanın, Qranadanın küçələrində sürünür, inkvizisiya məhkəmələri bəlkə də tarixin şahid olduğu ən amansız cinayətləri işləyirdi. Canlarını çətinliklə də olsa qurtara bilən müsəlmanlar: “Əlvida Qranada, əlvida Kordova, əlvida Sevilya, əlvida Toledo, əlvida Valensiya” deyərək mindikləri qayıqlarla Aralıq dənizinə yelkan açır, göz yaşları ilə Əndülüsə vida edirdilər.
Muhamməd İbn Abdirrafiğ əl-Əndülüsinin hekayəsi də elə bu ərəfələrdə başlayır. Ailəsi müsəlman olduqlarını sirr kimi saxlayırdı. Canlarını qurtarmaq üçün sadəcə olaraq xristian kimi görünürdülər. Yəni onlar morisko idilər. Balaca Muhamməd də öz yaşıdları kimi məktəbə gedirdi. Ona bir xristian adı vermişdilər və o özünün bir ispan olduğunu düşünürdü. Ancaq çox keçmədən öz axarında getməyən, normal olmayan bəzi şeyləri o da fərq etməyə başladı. Misal üçün sinif yoldaşları sinifdə İncildən bəzi bölümləri əzbərləyərək ailələrinə xəbər verəndə ailələri böyük sevinc yaşayırdılar. Ancaq eyni şeyi bu dəfə balaca Muhamməd etməyə başlayanda ana və atası bir köşəyə çəkilib səssizcə ağlamağa başlayırdılar.
Muhamməddən gizlənən sirr
Sonralar Muhamməd öz xatirələrində belə yazacaqdı: “Qardaşım dünyaya gəlmişdi. Böyük bir sevinclə qaçaraq atama xəbər verdim. İspaniyadakı bütün ataların sevindiyi kimi atamın da sevinməsini gözləyirdim. Atam isə qəmgin bir halda kilsəyə qedərək keşişə oğlunun olduğunu xəbər verdi. Keşiş də çox keçmədən evimizə gəldi. Anam keşişin gəldiyini görən kimi üzünün rəngi dəyişdi. Sanki qardaşımı bir cəllada verirmiş kimi keşişin əllərinə verdi. Keşiş anam və atamın qəmgin baxışları arasında körpə qardaşımı vaftiz elədi”.
Bu arada onların evində bir otaq var ki, həmin otağa girməsi Muhammədə qadağan edilmişdi. Ana və atası bəzi vaxtlarda həmin otağa girər və bir müddətdən sonra çölə çıxardılar. O isə həmişə bu otağın içində nə olduğunu bilmək istəyirdi. Muhamməd 10 yaşına gələndə atası onu əlindən tutaraq həmin sirli otağa apardı. Həmin anları Muhamməd belə anladır: “Atam mənə: “İllərdir səndən gizlətdiyim bir sirr var idi. İndi atanın sirrinə və ağrı-acısına ortaq olarsanmı?” deyə soruşdu. Mən də: “Bəli, olaram” deyə cavab verdim. Bundan sonra atam yenidən danışmağa başladı və bu dəfə mənə: “Bu divarda asılı olan nədir? Bilirsənmi?” Mən də: “Bilmirəm ata, mənim bu otağa girməyim qadağan idi” dedim. Atam da sözlərinə davam elədi: “Bu gördüyün kitab bir olan Allahın (c.c) Həzrət Muhammədə (s.ə.s) endirdiyi kitabdır. Bu kitab Aralıq dənizinin digər tərəfindəki çöldə bizim peyğəmbərimizə nazil olmuşdur. Bundan səkkiz əsr əvvəl babalarımız bu kitabı Əndülüsə, İspaniyaya gətirdilər. İllərdir gördüyün əl-Hamra sarayı, minarələrində zənglər çalınan, mehrablarında keşişlərin söhbətlər etdiyi məscidlər, bunların hamısı bizimdir. Oğlum, həmçinin sən bir xristian deyil, müsəlmansan. Sənin əsl adın da Muhamməddir. Sən Həzrət Muhammədin (s.ə.s) ümmətindənsən. Bizim indiyə qədər gizlətdiyimiz bu sirri indidən sonra sən də gizlədəcəksən”.
“Sanki qulağıma əzan səsləri gəlir”
Balaca Muhamməd belə deyir: “O gündən sonra yenə məktəbə, kilsəyə gedirdim. Ancaq bundan sonar hər dəfə əl-Hamranın önündən keçərkən sanki əzan səslərini eşidirdim. Çox başqa bir ruh halına bürünmüş, başqa bir dünyaya aid olmuşdum”.
İllər keçəndən sonra bir gün atası Muhammədi yenə qarşısına alaraq ona belə deyir: “Oğlum, mən artıq məqsədimə çatdım. Sənə Əndülüsdə qadağan olan dinini, Quranı öyrətdim. İndi də səni Mərakeşə göndərəcəm. Orada dinimizi daha yaxşı öyrənəcəksən”. Bundan sonra Muhamməd atasının məhəllədən olan bir dostu ilə gecə vaxtı gizlincə qayığa minərək Marəkeşə gedirlər. Orada mədrəsələrdə, elm məclislərində dərslər alır. Balaca Muhamməd illər sonra əsərləri ilə İslam aləmini aydınladan, ardından unudulmaz bir iz buraxan böyük İslam alimi Muhamməd İbn Abdurrafiğ əl-Əndülüsi olur.
Nazim Mustafayev