Avropada parlayan İslam günəşi: Əndülüs


Qeyd:Yazının əvvəlini buradan oxuya bilərsiniz...
Həzrət Peyğəmbərimizdən (s.ə.s) sonra İslam tarixində müsəlmanlar tərəfindən əsasən üç böyük mədəniyyət qurulmuşdur:
-Əməvi-Abbasi mədəniyyəti (661-1258);
-Əndülüs mədəniyyəti (711-1492);
-Səlcuqlu-Osmanlı mədəniyyəti (1071-1918).
Əlbəttə bu üç mədəniyyətin xaricində müsəlmanlar tərəfindən qurulan irili-xırdalı başqa mədəniyyətlər də olmuşdur. Həzrət Peyğəmbərin (s.ə.s) yaşadığı dövr isə bütün bu mədəniyyətlərin təşəkkülündə ilham qaynağı və mənəvi bir güc rolunu oynamışdır. İslam tarixində qurulan bu mədəniyyətlər eyni zamanda bir millət və ya bir dinə mənsub insanların birdən çox mədəniyyət qura biləcəklərini göstərən tarixi bir dəlildir.
Yeniavaz.com xəbər verir ki, Əndülüs İslam mədəniyyəti tarixi şərtlər içərisində Həzrət Peyğəmbərimizin (s.ə.s) vəfatından 80 il kimi qısa bir müddət sonra qurulmuşdur. Müsəlmanlar artıq VIII əsrdə İberiya yarımadasına gedib çıxmış və Əndülüs İslam mədəniyyətinin təməllərini atmışdılar. Yarımadada 8 əsr varlığını qoruyub saxlayan Əndülüs İslam mədəniyyəti tibb, əczaçılıq, astronomiya, fizika, riyaziyyat, fəlsəfə və İslami elmlərdə başda Avropa olmaq üzrə dünya səviyyəsində təsirini hiss etdirmişdi. Orta əsrlərin qaranlıq dövrü olaraq adlandırılan o zamanlarda dünyanın bir çox yerində dini və irqi müharibələr baş alıb gedərkən Əndülüsdə bir çox irq və dinə mənsub insanlar ahəng içərisində birgə yaşayırdılar.


Əndülüs fəth ediləndə mərkəzi Şamda olan Əməvi xilafətinin ümumi sərhədləri
Tədqiqatçılar müsəlmanların bugünkü adı ilə İspaniyanı fəth etmələrinin arxasında yatan bir sıra səbəblər göstərirlər... Gəlin İspaniyanın fəthinə aparan bu səbəblərə birgə nəzər yetirək...
1.   İslam ölkəsi (Əməvi xilafəti) 710-cu ildə (hicri 91-ci il) onsuz da hər hansı dəniz və ya boğaz keçmədən fəth edə biləcəyi torpaqları almışdı. Bu mənada fəth hərəkatında bir doyum müşahidə edilirdi. Şimali Afrikada müsəlmanların iki seçimi qalmışdı. Bunlardan biri cənuba yönələrək Afrikanın iç hissələrinə doğru hərəkət etmək idi. Bu halda ucsuz-bucaqsız çölə tərəf hərəkət etmiş olacaqdılar. Digər seçim isə şimala doğru hərəkət edərək dənizin qarşı sahilinə, İspaniyaya keçmək idi. Bir tərəfdə havanın isti olması, həmçinin fəth ediləcək ərazilərin çöl olması, digər tərəfdə isə iqlim şəraitinin rahatlığı və ələ keçiriləcək səmərəli torpaqları fikirləşəndə müsəlmanlar şimala, İspaniyaya doğru hərəkət etməyi üstün tutdular.
2.   Müsəlanlar İspaniyanı sonrakı fəthlər üçün bir keçid nöqtəsi olaraq fikirləşirdilər. Əsas məqsəd Avropa üzərindən keçərək Bizansın, daha doğrusu Konstantinopolun fəthini asanlaşdırmaq idi. Bu yolun ilk dörd xəlifə (Rəşidi Xəlifələr) zamanından bəri planda olduğuna dair rəvayətlər var.
3.   Müsəlmanlar İspaniyanı fəth etməklə o günün nəhəng dövləti olan Bizansın həm quruda, həm də dənizlərdəki üstünlük və hakimiyyətinə son verməyi istəyirdilər. Buna da tədricən nail olurdular.
4.   Müsəlmanlar İspaniyanı fəthə çıxanda yarımadada Vestqot krallığı hakim idi. Vestqot krallığının o dövrdə daxili çəkişmələr içərisində olması müsəlmanlara yarımadanın fəthini asanlaşdırmışdı. Vestqotların ölkəsində uzun illər davam edən sosial təbəqələşmə insanlar arasında narazılıqlar yaratmışdı. Həmçinin ölkədə sayları heç də az olmayan yəhudilər illər boyu vestqotlar tərəfindən təqib edilmiş, hər cür təhqirlərə, işgəncələrə məruz qalmışdılar. Bu səbəblə də yəhudilər yarımadanın fəthində müsəlmanlara qarşı vuruşmamışdılar. Ölkədəki yəhudilər katolik məzhəbi tərəfindən kölə statusunda qəbul edilmişdilər. Yəhudilər də düşdükləri bu vəziyyətdən bir çıxış yolu axtarırdılar. Müsəlmanların yarımadaya gəlməsi onlar üçün bir ümid olmuşdu. Hətta Tariq ibn Ziyadın İspaniyaya keçmə prosesində ona rəhbərlik etmişdilər.
5.   Bütün bunlarla yanaşı Vestqot taxtında baş verən səltənət müharibələri də müsəlmanların işini asanlaşdıran amillərdən biri idi. Rəvayətə görə, bu səltənət müharibələrində tərəflərdən biri olan Witiza Musa ibn Umeyri İspaniyaya dəvət edərək Vestqot kralı Roderiki taxtdan endirməsini istəmişdi.
6.   Vestqotların ordusunda nizam və birlik yox idi. Kral səfərbərlik elan etsə də, əli silah tuta bilənlər bu çağırışa cavab verməmişdilər. Səltənət müharibələri səbəbilə ortaya çıxan daxili çəkişmə və müharibələrə görə xalqda inamsızlıq meydana gəlmiş və krallar artıq əsgər toplaya bilmirdilər.
7.   Məğribdə (Cəbəl üt-Tariq boğazının Afrika sahillərində) yerləşən Sueta şəhərinin Bizans valisi Kont Julianosun Vestqot kralı Roderik ilə aralarında düşmənçilik var idi. Kont Julianos, qızı Florinda ilə kral Roderik arasında keçən bir məsələyə görə Roderikdən intiqam almaq istəyirdi.  Bu səbəblə də Musa ibn Nusayr ilə görüşərək ona İspaniya toqpaqlarının nə qədər bərəkətli olduğunu və buranı fəth etmənin çox asan olacağını söyləmişdi. Həmçinin fəth zamanı ona hər cür kömək edəcəyinə dair söz də vermişdi. Qeyd edək ki, Kont Julianos sözündə durmuşdu. Tariq ibn Ziyadın ordusunu Afrika qitəsindən boğazın qarşı sahilindəki Avropa (İspaniya) sahillərinə keçirən gəmilər məhz Kont Julianos tərəfindən təmin edilmişdi.
İspaniyanın fəthi ilə bağlı bütün bu sadalananları bir araya toplayanda müsəlmanların fəth hərəkatını Afrikada isti səhra və çöl ərazilərinə doğru aparmaqdansa sonralar “Cəbəl üt-Tariq” boğazı adlanacaq dəniz əngəlini aşaraq İspaniyanı fəth etməsi daha ağlabatan idi. Sözün qısası, vestqotların ölkəsindəki bu daxili qarışıqlıqlar və digər amillər müsəlmanların yarımadanı fəth etmələrini asanlaşdırmışdı. Qədim ispan tarixçiləri İberiya yarımadasının müsəlmanlar tərəfindən fəth edilməsini “Tanrının Vestqot krallarının günahları səbəbilə onlardan intiqam alması” kimi dəyərləndirirlər.

Haşiyə çıxaraq burada bir məqamı vurğulamağı önəmli görürəm... Quran qissələrində sadəcə olaraq bioqrafik tarix anladılmır, əksinə baş vermiş hadisələrə ibrət nəzəri ilə baxmaq istənilir. Əslində bu baxış bucağı bizim tarixə baxışımızda, bu və ya digər tarixi hadisəyə hər zaman ibrət gözlüyü ilə baxmalı olduğumuzu göstərir.
Nə qəribədir ki, müsəlmanlar İspaniyaya ayaq basana qədər yarımadanın düşdüyü vəziyyət, daxili çəkişmələr, iqtidar mücadilələri və bütün bunların fonunda xarici təhlükələrə qarşı gücsüz hala gəlmək, vaxt keçəcək ki, yarımadada hakimiyyəti idarə edən müsəlmanların başına gələcəkdi. Əndülüsdə 1031-1090-cı illərdə hökm sürən əmirliklərin halı, digər adı ilə Mulukut-Təvaif dövrü sanki müsəlmanların yarımadanı fəth etdiyi dövrdəki Vestqot krallığının düşdüyü vəziyyəti xatırladırdı.
Əndülüsdə Mulukut-Təvaif dövründə müsəlman əmirliklərin bir-biri ilə savaşmalarını özlərinə fürsət bilən xristian krallıqlar, xüsusilə Kastilya krallığı, rekonkista (Əndülüsü müsəlmanlardan geri alma) fikrini XI əsrin ortalarından etibarən yenidən canlandırmışdı. Təbii ki, bu vəziyyət də müsəlmanlar üçün yarımadada çöküşün başlanğıcı olacaqdı. Gəlin burada Mehmet Akifin bu misralarını da yada salaq:
“Girmədən təfriqə bir millətə düşmən girəməz,
Toplu vurduqca ürəklər onu top sindirəməz.”
711-ci ildə müsəlmanlar tərəfindən fəthinə başlanan və 1492-ci ildə müsəlmanların siyasi hakimiyyətinə son verilməsinə qədər keçən dövrdə Əndülüs, şərqdə qurulmuş İslam mədəniyyətinin Avropaya ötürüldüyü ən mühüm mərkəzlərdən biri olmuşdur. Avropanın digər bölgələri orta əsrlərdə zülmət içərisində yaşayanda, Avropanın qərb ucundakı İberiya yarımadasında dünyanın hər baxımdan ən inkişaf etmiş mədəniyyətlərindən biri olan Əndülüs mədəniyyəti qurulmuşdur.


İberiya yarımadasını Avropanın digər torpaq parçalarından ayıran Pireney dağları
Əndülüs, İberiya yarımadasını tamamını əhatə edir. Üç tərəfi su ilə əhatə olunmuş İberiya yarımadası Avropanın ən böyük torpaq parçalarından biridir. Şimal hissəsində sanki böyük bir qala divarı vəzifəsi görən  Pireney dağları yarımadanı Avropadan ayırır. Bu səbəblə də Avropa dillərində “Pireney dağlarını keçsən, bil ki, Afrikadasan” sözü zərb-məsəl halına gəlmişdir. Hətta bir az qəribə səslənsə də yarımada haqqında belə bir sual soruşulub: “İspaniya həqiqətən də Avropaya aiddirmi?” Təbii ki, belə bir sualın soruşulmasının arxa planında yatan səbəblər var idi... İberiya yarımadası, relyefi, bitki örtüyü, iqlimi və sahilləri ilə Avropanın digər hissələrindən fərqlənir. Sadalanan bu yönləri ilə yarımada daha çox Şimali Afrika sahillərinə bənzəyir. Tarixçilər yarımadanın yerli xalqı olan İberlərin Afrikadan gəldiklərini və Aralıq dənizi sahillərində yaşayan insanların xüsusiyyətlərini daşıdıqlarını qeyd edirlər.
Müsəlmanlar, fəth etdikləri yerlərdəki digər inanc və dinlərin mənsubu insanların adətlərinə, inanclarına, həyat tərzlərinə toxunmamağa xüsusi diqqət yetirmişdir. Hicri birinci əsrdə (miladi 711) Avropada inşa edilən Əndülüs İslam mədəniyyətində bunun əməli olaraq bariz nümunələrini görürük. Sonrakı əsrlərdə Qərb rönessansının başlamasına güclü təsir edəcək Əndülüs İslam mədəniyyəti Həzrət Peyğəmbərin (s.ə.s) Mədinə şəhərində inşa etdiyi ilk İslam mədəniyyətinin izlərini daşıyırdı. Təxminən doqquz əsr davam edən Əndülüs İslam mədəniyyətinin tarixini aşağıdakı şəkildə yeddi dövrə ayırmaq olar...
Fəth illəri 711-715-ci illər 4 il
Valilər dövrü 715-756-ci illər 41 il
Əndülüs Əməviləri dövrü 756-1031-ci illər 275 il
Mulukut-Təvaif dövrü 1031-1090-ci illər 59 il
Murabitlər və Muvahhidlər dövrü 1090-1227-ci illər 137 il
Qranada Əmirliyi dövrü 1231-1492-ci illər 256
Tənəzzül dövründən sonra inkvizisiya, soyqırım və sürgün illəri 1492-1609-cu illər 117 il
Ümumilikdə Əndülüs İslam mədəniyyəti tarixi
898 il
Müsəlmanlar Əndülüsü fəth edəndə buradakı xristianlara və yəhudilərə dinlərini yaşamaları barədə təminat verdilər. 713-cü ildə ilk Əndülüs valisi, eyni zamanda yarımadanın fəthində böyük əməyi olan Musa ibn Nusayrın oğlu müsəlman komandir Abduləziz ibn Musa ilə ispan idarəçi Teodomiro arasında bir müqavilə imzalandı. Bu müqaviləyə əsasən, xristianlara verilən təminət yazılı hala gətirilmişdir. Müqavilədə belə deyilirdi:
“…Rəhman və Rəhim olan Allahın adı ilə. Abduləziz ibn Musadan Teodomiroya. Teodomiro barışığı qəbul etmiş, bunun qarşılığında da ona Allahın əhdi və zəmanəti verilmişdir. Üzərində anlaşdığımız şərtlərə tabe olduqları müddətcə onun və onun idarəsi altındakı xristianların malına toxunulmayacaq, özləri, uşaqları və qadınları öldürülməyəcək, əsir götürülməyəcək, dinlərini yaşamalarına mane törədilməyəcək və kilsələrinə toxunulmayacaq”.
Qeyd edək ki, aradan 8 əsr kimi uzun bir müddət keçmiş, dövran tərsinə dönmüş, Əndülüsdə siyasi olaraq müsəlmanların varlığına son veriləndə yarımadada qalan və əhalinin böyük hissəsini təşkil edən müsəlmanlar üçün də buna bənzər bir müqavilə imzalanmışdı. Bu müqaviləyə görə də bu dəfə müsəlmanların mallarına, canlarına toxunulmayacaq, dinlərini yaşamalarını və s. icazə veriləcəkdi. Ancaq çox keçmədi ki, müsəlmanların əli ilə əsrlər boyu yarımadada həyata keçirilən birgə yaşam təcrübəsinə bu dəfə xristian ispanlar tərəfindən əməl edilmədi. Bu müqavilə unuduldu və yarımada müsəlmanları üçün bəlkə də tarixin şahid olduğu ən acılı günlər və soyqırım başladı.
Əndülüsdə müxtəlif din və millətdən insanların birgə yaşamalarının təbii nəticəsi olaraq hər cür etnik qrupa və dinə mənsub olan insanlar dövlətin fərqli qurumlarında işləyə bilirdilər. Fransız elm adamı H. Peresin bu haqda dedikləri məsələni daha da aydınlaşdırır:
“… Bu birgə yaşam tərzi Əndülüs müsəlmanlarının xristian xalqa qarşı necə bir dini dözümlülük içərisində olduğunu göstərir. Həqiqətən, heç bir məğlub xalq, imzalanan müqavilələrlə haqlarının təminat altına alınması məsələsində ispanlar qədər şanslı deyillər. Əndülüsdə dövlətin hər təbəqəsində hər hansı bir xristian ispana rast gəlmək olardı. Kimiləri xəlifənin xanımı olaraq sarayda, kimiləri məvali (ərəb olmayan müsəlman xalq) statusunda, kimiləri maaşlı əsgər olaraq orduda, kimiləri də general olaraq ordunun ən üst mərtəbələrində idilər”. Bir sözlə, Əndülüs cəmiyyətində bir şəxs hansı sosial, etnik və dini qrupa mənsub olmasından asılı olmayaraq xanədana məxsus xəlifəlikdən başqa bütün vəzifələrə yüksələ bilirdi.
Daha əvvəl qeyd edildiyi kimi, hələ müsəlmanların İspaniyanı fəth etmələrindən əvvəl buradakı yəhudilər 694-cü ildə çıxarılan bir qanuna əsasən kölə statusuna düşürülmüşdülər.  Vestqot krallığı yəhudiləri bir çox dini və sosial haqlardan məhrum etmişdi. Bu səbəblə yəhudilər müsəlmanların Əndülüsə girişini sevinclə qarşılamışdılar. Əndülüsün fəth edilməsindən sonra  müsəlmanlar yəhudilərin Vestqot krallığı tərəfindən qəsb edilən haqlarını onlara qaytardılar. Beləcə müsəlmaların yarımadaya gəlməsi ilə buradakı yəhudilər kölə statusundan qurtuldular. Bağlanan sinaqoqlar yenidən açılmış, yəhudilərin öz dini ayin və ibadətlirini icra etmələri sərbəst buraxılmışdı.

Avropada ilk dəfə məktəb inşa etdirən kardinal Albernoz olmuşdur. Katolik xristianlıqda mühüm bir ruhani rütbəyə sahib (Papadan sonra ikinci şəxs) olan kardinal Albernoz əslən ispan idi və Gırnadada təhsil almışdı. Burada gördüyü müsəlman məktəblərini nümunə alaraq, Avropada ilk məktəb binasını tikdirmişdir.
Aparılan tədqiqatlara görə, Əndülüsdə fərqli mədəniyyət və etnik qruplara mənsub təxminən altı milyon insan yaşayırdı. Bu insanların danışıq dilləri ərəb, ispan, portuqal, fransız, italyan və rumın dilləri idi. Multikulturalizmin hökm sürdüyü bu coğrafiyada xalqlar sosial birlik nəticəsində bir-birinin dilini öyrənir və istifadə edirdilər. Ancaq vaxt ötdükcə ərəb dili ən çox istifadə olunan dil halına gəlmişdir. IX əsrin ortalarından etibarən ərəb dili Əndülüsdə həm müsəlmanların, həm də qeyri-müsəlmanların ortaq dili idi.
Ərəb dilinin bu qədər sürətlə yayılması və latın dilinin ikinci dərəcəli dil halına gəlməsi o gün Kordova yepiskopu olan Alvaronu narahat edirdi. O, xristian gənclərinin ana dilləri olan latın dilində düzgün məktub yaza bilmədiklərini, ancaq ərəb şeirlərini və fəlsəfi əsərlərini asanlıqla oxuduqlarını və anladıqlarını qeyd edirdi.
Kordova şəhəri Əndülüs əməviləri dövründə Aralıq dənizi sahillərində yerləşən ən inkişaf etmiş elm və mədəniyyət mərkəzi halın gəlmişdi. Kordovada inşa edilən məscidlər, mədrəsələr, saraylar, iyirmi bir xarici məhəllə və yetmiş şəhərdaxili məhəllə bu yerin şəhərləşmə baxımından gəlib çatdığı səviyyəni göstərirdi. Şəhərdə 200000 ev, 60 saray, 600 məscid, 700 hamam, 17 universitet və qapıları hər kəsə açıq 70 ümumi kitabxana var idi.


Əndülüs şəhərləri orta əsrlərdə digər Avropa şəhərləri ilə müqayisədə modern görkəmi ilə diqqət çəkirdi. Əndülüsdə şəhərlərin bir çoxunda küçələrə daş döşənmiş, bugünkü kimi küçələrdə səkilər inşa edilmişdi. Küçələr gecə vaxtı işıqlandırılırdı.
Hələ İslamdan əvvəl Ərəbistan yarımadasında sıxışıb qalan ərəblər o dövrdə məlum olan dünyanın böyük bir qisminə hakim olmağı xəyallarından belə keçirə bilmirdilər. Ancaq İslamın gətirdiyi yeni bir baxış, yeni bir dinamik həyat tərzi ilə müsəlmanlar böyük dövlətlər qurmuşlar. Çöl və səhra iqliminin məhkum etdiyi həyat tərzini yaşamaq məcburiyyətində qalan bir cəmiyyət, nə olmuşdusa birdən- birə dövlətlər və mədəniyyətlər quran, qədim dünyanın böyük dövlətləri ilə hesablaşan, dünyada söz sahibi olan bir mövqeyə gəlmişdi. Təbii ki, bütün bunların arxasında yatan yeganə güc və mənbə İslam idi. İnsanları ərəb çöllərindən çıxararaq dünyanın dörd bir tərəfinə, o cümlədən İberiya yarımadasına gətirən, burada 8 əsrlik bir mədəniyyət qurmalarına sövq edən idealist ruh və mənəvi gücü onlar İslamdan alırdılar.
 
Mövzuya davam edəcəyik...
 
Nazim Mustafayev
 
 

DİGƏR XƏBƏRLƏR

Top