Mədinətuz-Zəhra - Avropada xilafət mərkəzi


Əndülüs Əməvi Dövlətinin hökmdarları Abbasi xilafətini tanımasalar da özlərinə uzun müddət xəlifə ünvanı götürməmişdilər. Ancaq siyasi şərtlərin dəyişməsi ilə Əndülüs Əməvi Dövlətinin hökmdarı olan III Abdurrahman 929-cu ildə Əndülüsdə xəlifəliyini elan etdi. Beləcə 912-929-cu illərdə Kordova əmiri olan III Abdurrahman 929-cu ildən ömrünün sonuna qədər (961) Kordova xəlifəsi olaraq Əndülüs Əməvi Dövlətini idarə etdi. III Abdurrahmandan əvvəlki hökmdarlar isə “əmir” ünvanından istifadə edirdilər.
Xilafətə keçişlə birlikdə artıq yeni idari mərkəzə ehtiyac yaranmışdı. 936-ci ildə Kordova şəhərinə 8 km uzaqlıqda Cəbəlul-aruz (Sierra Morena) dağının ətəklərində Mədinətuz-Zəhra şəhərinin inşasına başlandı. Xilafət mərkəzi olaraq qurulan bu yeni şəhərdə xəlifə və yüksək rütbəli bürokratlar yaşamış, qismən də Kordova şəhərindən xalq yerləşdirilmişdi. Bu şəhərin inşası 40 ilə yaxın bir müddətdə başa çatmış, çox keçmədən də Əndülüsün ən görkəmli şəhəri olmuşdur. Mədinətuz-Zəhra dövrün məşhur alimlərinin buraya cəmləşməsi ilə elmi və mədəni fəaliyyətlərin aparıldığı mərkəz halına gəlmişdir.

Yeniavaz.com xəbər verir ki, III Abdurrahman yenicə Əndülüs Əməvi Dövlətinin hökmdarı olan illərdə Şimali Afrikada Fatimilər dövləti qurulmuşdu. Dövrün dövlətlərarası siyasi güc tarazlığını qorumaq və özünü daha qüvvətli göstərmək istəyən III Abdurrahmanın ən güclü rəqibi olan Fatimilərə qarşı güc nümayiş etdirmək məqsədilə Mədinətuz-Zəhranı inşa etdirdiyi rəvayət edilir.
III Abdurrahmanın dövrü sadəcə siyasi və hərbi mənada deyil, iqtisadi, mədəni və memarlıq fəaliyyətləri baxımından da Əndülüs Əməvi Dövlətinin ən parlaq dövrüdür. Onun yarım əsr davam edən əmirlik və xəlifəliyi dövründə ölkənin hər bir tərəfində aparılan yenidənqurma fəaliyyətləri diqqəti cəlb edir.

III Abdurrahmanın “xəlifə” ünvanından istifadə etməsi Abbasilərə qarşı deyil, Fatimilərə qarşı cavab mahiyyəti daşıyırdı. Tunisdə qurulduqdan sonra Şimali Afrikanın böyük hissəsində hakimiyyəti ələ keçirən Fatimilər dövləti artıq Əndülüsdəki siyasi proseslərə də müdaxilə etməyə başlamış, siyasi və hərbi cəhətdən Əndülüs Əməvi Dövləti üçün bir təhdid ünsürü halına gəlmişdi. Rəvayətə görə, III Abdurrahman daxili sükunəti təmin etdikdən sonra bu nailiyyətlərini mənəvi baxımdan da gücləndirmək və Fatimilərə qarşı mücadilədə müsəlmanların dəstəyini əldə etmək üçün “xəlifə” ünvanını almış ola bilər. Beləcə də İslam dünyasında eyni dövrdə Abbasilər və Fatimilərdən sonra mərkəzi Mədinətuz-Zəhra olan üçüncü xilafət ortaya çıxmışdı.
XI əsrin əvvəlində Əndülüsdə yaşanan sosial və siyasi problemlər elə də uzun müddət istifadə edilməyən bu yeni saray-şəhərin tərk edilməsinə yol açmışdı. Mədinətuz-Zəhra şəhəri X əsrdə (hicri IV əsr) Əndülüs Əməvi Dövlətində əmirlikdən xilafətə keçiş dövründə bir xilafət mərkəzi olaraq quruldu. Şəhərin inşa edildiyi bölgənin Kordovaya yaxın bir mövqedə olmasına xüsusu önəm verilmiş, şəhərin təhlükəsizliyi və mühafizəsinin asan olması üçün də şəhər dağ yamacına inşa edilmişdi. Bu bölgədə şəhərin qurulmasına imkan verən digər amil isə ehtiyacı qarşılaycaq su qaynaqlarına yaxın olması idi.

Mədinətuz-Zəhra şəhərində aparılan arxeoloji qazıntıların peyk şəkli

Xəlifə III Abdurrahman dövlətinin sahib olduğu siyasi, hərbi və iqtisadi gücün qurduğu bu yeni şəhərdə əks olunmasını istəyirdi. Bu səbəblə də Mədinətuz-Zəhra X əsrdə Əndülüsün güc və ehtişamını ən yaxşı ortaya qoyacaq şəkildə inşa edilmişdir. Şəhərin inşasında günlük 10000 işçi çalışmış, hər gün lazımi ölçülərdə 6000 daş yonularaq yerləşdirilmiş, 1500 yük heyvanı inşaat məkanına yük daşımışdır. Şəhərin yaxınlığında daşların işlənməsi üçün bir daş mədəni qurulmuşdu.
Saray və digər binaların inşası üçün materialların əksəriyyəri Əndülüsdən əldə edilməklə yanaşı, Suriya və Aralıq dənizinin sahil bölgələrindən gətirilən mərmər, fil sümüyü, qızıl naxışlı abanoz və dəyərli daşlarla bəzədilmiş ən keyfiyyətli materiallardan istifadə edilmişdir.
Preney yarımadasının müsəlmanlar tərəfindən fəth edilməsindən yarımadanın ispanlar tərəfindən istilasına qədərki Əndülüs tarixi haqqında birinci dərəcəli qaynaq əsərin müəllifi olan Makkarinin (1582-1632) verdiyi bilgiyə görə, xəlifə III Abdurrahman o dövrdə 5480000 dinar olan illik vergi gəlirlərinin üçdə birini orduya, üçdə birini xəzinəyə, üçdə birini də Mədinətuz-Zəhranın tikintisi üçün ayırmışdı.
Tarixçi və səyyah Yaqut əl-Həməvi (1179-1229) Mədinətuz-Zəhra şəhəri inşa ediləndə xərclənən pulların dövlət büdcəsinə olduqca böyük yük gətirdiyini və israf dərəcəsində olduğunu qeyd edir. Kordova şəhərinin müftüsü olan, Mədinətuz-Zəhra şəhəri inşa ediləndən sonra da burada tikilən məscidin imamı vəzifəsinə gətirilən Munzir İbn Said əl-Bəlluti (855-930) bir cümə günü bu saray-şəhərin inşasını və edilən israfı ayə və hədislərdən, Rəşidi xəlifələrin həyatından dəlillər gətirərək sərt bir şəkildə tənqid etmişdi. Xütbəni diqqətlə dinləyən xəlifə böyük peşmanlıq hissi keçirmişdi. Munzir İbn Said əl-Bəllutini bu sərt tənqidlərinə görə vəzifədən uzaqlaşdırmağı təklif edən oğluna da xəlifə belə bir müdrik cavab vermişdir: “Bu gün bizi xəbərdar edənləri susdursaq, sabah bizə səhvlərimizi göstərəcək kimsə tapmayacağıq!”.

Mədinətuz-Zəhrada inşa edilən, hazırda yeri və qalıqları qalan məscidin 3D formatında hazırlanmış ilkin halı
Xəlifənin hüzurunda etdiyi bu çıxışına görə Munzir İbn Said əl-Bəlluti səhabə Əbu Zər Qifariyə bənzədilir, hər dövrdə ümmət içərisindən Əbu Zər Qifarilərin çıxa biləcəyi vurğulanır. Necə ki, bir gün xəlifə Muaviyə Şamda özü üçün inşa etdirdiyi sarayını Həzrət Əbu Zər Qifariyə göstərərək: “Bəyəndinmi?” deyə soruşur. Həzrət Əbu Zər Qifari də: “Əgər öz pulunla tikdinsə, israfdır. Əgər xalqın pulu ilə tikdinsə, xəyanət və haramdır” demişdir.
Xilafət mərkəzi olan Mədinətuz-Zəhranın məscidində vəzifəyə başlayan, ömrünün sonuna qədər də bu saray şəhərin imam-xətibi olaraq çalışan Munzir İbn Said əl-Bəlluti verdiyi ədalətli qərarları, doğru bildiyi məsələlərdə heç kimdən qorxmadan və cəsarətli çıxışları ilə bütün Əndülüsdə tanınırdı. Əndülüsdə təsiredici və güclü bir xətiblik qabiliyyətinə sahib olan Munzir İbn Said əl-Bəllutidən daha üstün bir xətibin olmadığı rəvayət edilir.

Qırmızı mərmərlə döşənən və ortasında fəvvarə olan məsciddən günümüzə sadəcə divarları ayaqda qalıb. Yuxarıdakı şəkildə Mədinətuz-Zəhra saray-şəhərinin məscid qalıqları və həmin məscidin təxmini ilkin versiyası göstərilib.

Mədinətuz-Zəhra saray-şəhərinin məscid qalıqları və həmin məscidin təxmini ilkin versiyası (Yandan görünüş)
Rəvayətə görə Mədinətuz-Zəhra saray-şəhərinə xəlifə III Abdurrahmanın çox sevdiyi xanımı Zəhranın adı verilmişdir. Bununla yanaşı Mədinətuz-Zəhra III Abdurrahmanın xəlifəliyini elan etməsindən sonra Əndülüs Əməvi Dövlətində artıq yeni bir dövrün başlanğıcının elanı mahiyyəti daşıyırdı. Eyni dövrdə Bağdad şəhəri Abbasi dövlətinin xilafər mərkəzi, Qahirə şəhəri də Fatimilər dövlətinin xilafət mərkəzi idi. Mədinətuz-Zəhra da eyni dövrdə Preney yarımadasında Əndülüs Əməvi Dövlətinin xilafət mərkəzi olacaqdı.
Bu saray-şəhər haqqında bilgi verən Makkari, Mədinətuz-Zəhradan daha gözəl mənzərəyə sahib olan başqa bir şəhərin olmadığını, xüsusilə ağacların yaşıllaşıb çiçək açdığı bahar fəslində şəhərin bənzərsiz bir gözəlliyə sahib olduğunu qeyd edir. Cəbəlul-aruz (Sierra Morena) dağının ətəklərində üç pilləli teras formasında tikilən və hündür bir nöqtədən vadiyə baxan şəhərin ən üst hissəsində xəlifənin sarayı var idi. Orta hissə müxtəlif vəzifələrdəki dövlət məmurları üçün ayrılmışdı. Qeyd edək ki, şəhərin məscidi də bu hissədə yerləşirdi. Üçüncü və ən sonuncu hissə isə sıravi xalqın yaşaması üçün nəzərdə tutulmuşdu. Şəhərin bu plan şəkli Əndülüs Əməvi Dövlətinin idarə etmə sistemindəki iyerarxiyanı bariz bir şəkildə göstərir.

Əndülüs Əməvi Dövlətinin hökmdarları tərəfindən Kordovada icra edilən bayramlaşma mərasimləri yeni saray-şəhər Mədinətuz-Zəhranın qurulmasından sonra burada tətbiq edilməyə başlandı. İspan əsilli müsəlman bir ailəyə mənsub olan və Kordovada dünyada gələn Əndülüs tarixçisi İbn Həyyanın (987-1076) verdiyi bilgiyə görə, xəlifə Hakəm əl-Mustansir (xəlifə III Abdurrahmanın oğlu) 971-ci ildə Ramazan bayramı namazını Mədinətuz-Zəhrada qıldıqdan sonra əsgərləri salamlamış, daha sonra da buradakı sarayında bayramlaşma mərasimi keçirmişdi. Bu zaman hər səviyyədən dövlət məmurları protokol qaydalarına görə müəyyən edilmiş yerlərdə dayanmış, natiqlər çıxışlar etmiş, şairlər də şeirlər oxumuşdular.
Müxtəlif ölkələrdən Əndülüs torpaqlarına və Kordovaya gələn elçilər X əsrdə Avropanın ən məşhur məkanlarından biri olan bu şəhərdə qonaq edilirdi. Buranı görənlər yer üzündə hələ belə bir şəhərin olmadığını söyləyirdilər. Əndülüs xalqına görə də Mədinətuz-Zəhra insanlığın yer üzündə inşa edə bildiyi ən möhtəşəm əsər idi.
Şəhərin qurulmasından təxminən on il sonra, 947-ci ildə zərbxana (metal pulların kəsildiyi yer) Kordova şəhərindən Mədinətuz-Zəhraya köçürüldü. Xəlifə Hakəm əl-Mustansirinxəlifəliyinin son illərində səhhətinin pisləşməsi ilə həkimlər ona Kordovaya köçməsini tövsiyə etdilər. Bu dövrə qədər sikkələr (metal pul) burada kəsilmişdir. Günümüzdə İspaniya Milli Arxeologiya Muzeyində Mədinətuz-Zəhrada kəsilən sikkələr də sərgilənir.

Xəlifə III Abdurrahmanın dövründə Mədinətuz-Zəhrada kəsilən bir sikkə
Xəlifə III Abdurrahman Kordovadan yeni qurduğu şəhərə köçəndə özü ilə birlikdə dövlət adamları ilə yanaşı bəzi seçkin alimləri, ədib və şairləri də gətirmişdi. Yeni xilafət mərkəzini hər cəhətdən Əndülüsün ən nüfuzlu şəhəri halına gətirmək istəyən xəlifə III Abdurrahman Kordovadakı bəzi alimləri xüsusi olaraq Mədinətuz-Zəhraya dəvət eləmişdir. Rəvayətə görə şəhərdə 4300 süvari və 20000-dən çox müxtəlif vəzifələrdə çalışan insan yaşayırdı.
Məşhur həkim və cərrah Əbu-Qasim Zəhravi (936-1013) Mədinətuz-Zəhra şəhərində dünyaya gəldiyi üçün bu şəhərə nisbət edilərək Zəhravi ləqəbini almışdır. Zəhravi qədim dünyadan İslam dünyasına keçən və müsəlman həkimlər tərəfindən inkişaf etdirilən tibb elminə dair biliklərə əlli illik təcrübəsini də əlavə etməklə “ət-Təsrif” adlı çox qiymətli bir tibb ensiklopediyası qələmə almışdır. Zəhravinin bu dəyərli əsəri və həyatı haqqında yeniavaz.com saytında yayımlanan digər bir araşdırma yazısından daha geniş məlumat əldə etmək olar.

Xilafət mərkəzi olan Mədinətuz-Zəhranın yıxılışı
Mədinətuz-Zəhra elm, mədəniyyət və sənət sahələrində öz meyvələrini verməyə təzəcə başlayanda, yəni XI əsrin əvvəlində Əndülüs Əməvi Dövlətində geriləmə və çöküş prosesi başlamış, buna paralel olaraq da bu yeni şəhər də hücumlara və təxribata məruz qalmışdır. Əksəriyyəti bürokrat olan şəhər sakinlərinin Mədinətuz-Zəhranı tərk etməsi ilə şəhər qısa müddət ərzində xarabaya çevirilmişdir.
İslam coğrafiyaşünası və botanika alimi olan İdrisi (1100-1165) XII əsrdə Mədinətuz-Zəhranın xarab halda olduğunu və şəhərdə çox az sayda insanın yaşadığını qeyd edir. Makkarinin verdiyi bilgilərdən də XI əsrin ikinci yarısında Mədinətuz-Zəhrada insan yaşayışı və həyat nişanələrinin olduğu, artıq XIII əsrdə isə buranın tamamən quşların və vəhşi heyvanların sığınağı halına gəldiyi anlaşılır.

Dağ ətəyinə pilləli formada inşa edilən şəhər min ilə yaxın tərk edilmiş halda qalmışdır. Yuxarıdakı şəkildə Mədinətuz-Zəhranın torpaq altında qalan hissələrinin yandan görünüşü verilmişdir.

Xəlifənin sarayından aşağıya doğru pilləli formada şəhərin yandan ümumi planı
Kordova şəhəri 1236-cı ildə Araqon kralı III Ferdinand tərəfindən ələ keçiriləndən sonra tərk edilmiş vəziyyətdə olan Mədinətuz-Zəhra da Kordova şəhəri ilə birlikdə xristian krallığın hakimiyyəti altına keçmiş oldu. Bu tarixdən sonra dini (kilsə) və hərbi xarakterli binaların inşasına başlandı. Bu tikililərin inşası üçün ehtiyac duyulan materialların bir hissəsi artıq kimsəsiz və tərk edilmiş halda qalan Mədinətuz-Zəhradan alınaraq istifadə edilmişdir. Artıq bundan sonra Mədinətuz-Zəhranın daş və sütunları müxtəlif dövrlərdə inşa ediləcək saray, kilsə, monastır və körpü kimi tikililərdə istifadə edilmək üçün Əndülüsün müxtəlif yerlərinə daşınacaqdı.
Mədinətuz-Zəhra quruluşundan bir əsrlik müddət keçmədən viranə şəhər halına gələrək tərk edilmişdi. Bəlkə də sözün bu yerində şəhərdə qılınan ilk cümə namazında Munzir İbn Said əl-Bəllutinin tənqidlərini yada salmaq olar. Beləcə Mədinətuz-Zəhra inşası 40 ilə tamamlanan, ancaq içərisində 40 il yaşanmayan bir saray-şəhər olaraq tarixə keçmiş oldu. Əndülüsün ən məşhur alimlərinin dərs verdiyi bu şəhərdə həyatın qısa müddətli olması (40-50 il) burada bir elm ənənəsinin formalaşmasına imkan vermədi. Mədinətuz-Zəhranı köklü bir elmi ənənəyə sahib olan bir şəhər adlandırmaqdansa, dövrün məşhur elm adamlarının xəlifə tərəfindən dəvət edilərək buraya yerləşdikləri bir şəhər olaraq görmək daha doğru olar.
İlk inşa edildiyi tarixdən yüz il belə keçmədən böyük bir yıxıma məruz qalan və təxminən min il tərk edilmiş vəziyyətdə qalan Mədinətuz-Zəhra, Əndülüs İslam mədəniyyətinin şəhərsalma, estetika, memarlıq və idarə etmə sistemi baxımından çatdığı yüksək səviyyəni göstərən ən gözəl nümunələrdən biridir. Mədinətuz-Zəhrada yüz ildən çoxdur başlayan arxeoloji çalışmalar günümüzdə də davam edir. Arxeoloji çalışmalar nəticəsində X əsrdə inşa edilən bu saray-şəhərin ən yüksək səviyyədə mülki, idari, dini və hərbi binaları ehtiva etdiyi ortaya çıxır.

Yuxarıdakı videoda tarix və siyər araşdırmaları ilə tanınan Muhammed Emin Yıldırım saray-şəhər Mədinətuz-Zəhra, ümumiyyətlə də Əndülüs mədəniyyəti haqqında məsələyə fərqli aspektlərdən baxaraq maraqlı məqamlara toxunur. Bu yazı ilə yaxından əlaqəli olduğu üçün həmin videonu buraya əlavə etdim.
İslam mədəniyyətinin incisi hesab edilən Mədinətuz-Zəhra (çiçəklənən şəhər) 2018-ci ildə UNESCO tərəfindən dünya mirası siyahısına salınmışdır. Tədqiqatçılar bu möhtəşəm şəhərin hal-hazırda sadəcə on faizlik bir hissəsini arxeolojik qazıntılar nəticəsində gün üzünə çıxara bilmişlər. 100 hektarlıq ərazi üzərində qurulan şəhərin böyük bir hissəsi isə hələ də kəşf edilməyi gözləyir.
 
Qeyd: Yazının hazırlanmasında aşağıdakı qaynaqlardan istifadə edilmişdir...
Cumhur Ersin Adıgüzel, “Endülüsün Görkemli Hilafet Şehri: Medinetüzzehra”, History Studies International Journal of History, 12/3, Haziran 2020, s. 807-826.
https://islamansiklopedisi.org.tr/medinetuzzehra
https://islamansiklopedisi.org.tr/abdurrahman-iii
https://joseramonmenendezdeluarca.files.wordpress.com/2017/12/la-ciudad-de-medina-azahara-universalidad-y-excepcionalidad.pdf
http://whc.unesco.org/en/list/1560
https://www.youtube.com/watch?v=_CmVQbUEDRo
https://www.youtube.com/watch?v=7EUBy2Ecc7Q
https://www.youtube.com/watch?v=RDXCSEygUdo
https://www.google.com/maps/@37.8859125,-4.8682139,823m/data=!3m1!1e3
 
Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top