Bir qutu içindəki xəzinə, ya da Əlhamra sarayı


Bir səyyah Hindistandakı Tac Mahalla bağlı təəssüratlarını bölüşəndə belə demişdi: “Tac Mahal, özü haqqında yazılanlardan, haqqında danışılanlardan qat-qat daha gözəldir”. Bu ifadələri ümumən Əndülüs İslam mədəniyyəti, xüsusi olaraq da əl-Hamra sarayı haqqında da deyə bilərik. Sarayın adı ispan dilində “Əlhambra” olaraq işlədilir. Ancaq sarayın adı ərəb dilindəki “hamra” (qırmızı) sözündən götürüldüyü üçün, orijinala daha yaxın olduğuna görə biz də yazı boyunca “əl-Hamra” olaraq işlətdik. Bu adın verilməsinə səbəb isə sarayın inşasında istifadə edilən palçığın qırmızı rəngdə olmasıdır. Saraya ərəb dilindən tərcümədə “qırmızı” mənasına gələn “əl-Hamra” adı verilmişdir. Günəş batan vaxtda sarayın divarlarına düşən günəş şüalarının ortaya çıxardığı qırmızılığı bariz şəkildə görmək mümkündür.

Yeniavaz.com xəbər verir ki, əl-Hamra sarayı bugünkü İspaniya ərazisində Əndülüs İslam mədəniyyətindən miras qalmış və günümüzə qədər varlığını qoruyaraq gələn əsərlərdən biri, bəlkə də ən gözəlidir. əl-Hamra sarayı həm də əsrlər əvvəl buradakı İslam kimliyinin nişanəsi, müsəlmanların fəryadı, son hayqırışı, zərif bir mədəniyyətin səssizcə yox olmasının simvoludur.
əl-Hamra sarayı xarici görünüş olaraq sadə bir əsərdir. Ancaq sarayın içinə doğru hərəkət etdikcə İslam sənətinin mükəmməl bir nümunəsi ilə qarşılaşırıq. Saray dizayn ediləndə İslamdakı məhrəmlik anlayışının bu məkana əks edişini görmək olar. Zahirdə sadə və əzəmətli, daxildə isə zəngin və zərif bir memarlıq üslubu ilə tikilən bu saray Avropada İslam əsərləri arasında ən mühümü hesab edilir. əl-Hamra sarayı UNESCO-nun dünya irsi siyahısına daxil edilmişdir.
İtirilmiş İslam coğrafiyası deyiləndə ağıla ilk olaraq Əndülüs mədəniyyəti gəlir. Əndülüs mədəniyyətinin tarixi mirasına nəzər yetirəndə Tariq ibn Ziyad kimi ağıllı və bacarıqlı komandirlər, İbn Ərəbi, İbn Rüşd, İbn Həzm, İbn Firnas kimi alim, abid və zahid şəxsiyyətlər, elm və irfan adamları ağıla gəlir. Bu gün bir çox insan üçün əl-Hamra sarayı tək başına Əndülüsü anlamaq üçün yetərlidir. Əndülüs özünə xas çoğrafiyası, sosial və mədəni mühiti, əxlaqi məziyyətləti, Avropaya daşıdığı insanlıq və elm anlayışı ilə xüsusi yerə sahibdir.
Əndülüsdə müsəlman dövlətlərinin zəifləməsi ilə Preney yarımadasında torpaqların büyük bir hissəsi xristian krallıqlarının əlinə keçmişdi. Ancaq Qranadada müstəqil bir dövlət qurmuş Nasiri sülaləsinin sərhədləri içərisində Əndülüs İslam sənəti son və ən göstərişli əsərlərindən biri olan əl-Hamra sarayını meydana gətirmişdir. Hərbi gücünün böyük hissəsini itirən Əndülüs müsəlmanlarının yeganə qoruyucusu olan bu balaca dövlətdə müdafiə xarakterli binaların inşasına böyük önəm verilməklə yanaşı, ehtişamlı sənət əsərləri də meydana gəlmişdir.

əl-Hamra sarayının inşa edildiyi yer “Sabiqa təpəsi” adlanır. Bu kəlmə ərəb dilindən tərcümədə “hər şeyin başlanğıcı” mənasına gəlir. Nə qəribədir ki, hər şeyin başlanğıcı adlanan bu təpə hər şeyin sonu olacaq və Əndülüsün son qalası olaraq tarixə keçəcəkdi.
Qranada şəhərində Sabiqa (hər şeyin başlanğıcı) adlı təpə üzərində inşa edilən əl-Hamra sarayı qala tipli şəhər kompleksi və hökmdarların saraylarından ibarətdir. Təpənin ətəyində Darro çayı axır. Əl-Hamra sarayı Avropadakı inkvizisiya zülmünə qarşı İslamın gülən üzünü təmsil edirdi.
Xristian ispan krallıqları birləşərək İslam hakimiyyəti altında olan Kordova, Sevilya, Xaen və Mursiya şəhərlərini ələ keçirmiş, ancaq Qranada Əmiri olan Əbu Abdullah ibn Yusif ibn Nəsr əl-Əhmər, dövrün Kastilya Kralı III Fernandoya vergi ödəməyi qəbul etmişdi. Beləcə Qranada Preney yarımadasında Əndülüs Əməvi Dövlətinin süqutundan sonra 250 il müsəlman şəhəri olaraq qalmışdır.

Sonrakı illərdə dövrün katolik hökmdarları olan İzabel və Ferdinand İspaniyanı bir idarə altında birləşdirmək üçün hərəkətə keçmiş və kiçik bir dövlət olaraq varlığını qoruyan Qranadanı işğal etmişdilər. Bu şəhər hərbi gücə sahib olmadığı üçün şəhər sadəcə olaraq birləşmiş xristian krallıqlarına təslim olmuşdu. Beləcə də 1492-ci ildə mərkəzi Qranada şəhəri olan Nasirilər sülaləsinin (digər adı ilə Bəni Əhmər) süqutu ilə İspaniyadakı 781 illik İslam hakimiyyəti sona çatmışdır. Şəhər təslim ediləndə Qranada əmiri ilə katolik liderlər arasındakı müqaviləyə görə, buradakı insanlara İslam dinini sərbəst yaşamalarına icazə veriləcəkdi. Ancaq bu müqaviləyə sonralar əməl edilməmiş, qranadalı müsəlmanlardan zorla xristian dininə keçmələri tələb edilmişdir. Belə bir məcburiyyətə boyun əyməyən müsəlmanlar öldürülmüş, ya da şəhərdən sürgün edilmişlər.
Müsəlman və xristian mədəniyyətinin əsrlər boyu bir arada var olduğu Qranada şəhəri, şəhər xristian krallıqlara təslim ediləndən sonra öz əhəmiyyətini itirməyə başlamışdı. Ancaq uzun illər boyu tərk edilmiş əl-Hamra sarayının dəyəri yenidən anlaşılmış, sanki yenidən kəşf edilmişdir. əl-Hamra sarayına həm muhafizə məqsədli qala, həm 5000 nəfərin yaşadığı miniatür bir şəhər, həm də saray adlandırmaq olardı. əl-Hamra sarayını bir qutu içərisindəki zərif və çox dəyərli bir daş-qaşa bənzətmək olar.
Şübhəsiz ki, əl-Hamra sarayının bu qədər gözəl olmasındakı əsas səbəblərdən biri 1236-cı ildə Kordova, 1248-ci ildə də Sevilla (İşbiliyə) şəhərlərinin Kastilyalılar tərəfindən ələ keçirilməsindən sonra aralarında elm və sənət adamlarının da olduğu yüzminlərcə insanın Qranadaya köç etməsi olmuşdur. Əndülüs Əməvi dövlətinin çöküşündən sonra Muhamməd İbn Əhmər dövlətin paytaxtını Kordovadan Qranadaya köçürmüş, burada öz adı ilə anılan Bəni Əhmər dövlətini (Nasirilər) qurmuşdu. O, beləcə Preney yarımadasında müsəlman dövlətlərinin xristian krallıqları tərəfindən işğalı və torpaqların ələ keçirilməsi ilə şimaldan gələn bütün sənətkarları və alimləri öz yanına yığmışdı. Bu dövrdən etibarən Qranada şəhəri möhtəşəm memarlıq əsərləri ilə dolub-daşmağa başlayacaqdı. əl-Hamra sarayı məhz bu dövrə xas ən gözəl əsər hesab edilir.
əl-Hamra sarayı Qranada şəhərindəki hündür təpənin üzərindəki bir düzənlikdə müdafiə qalası və saray olaraq inşa edilmişdir. Bu səbəblə çöldən baxanda qala divarlarından başqa heç nə görünməsə də, içəriyə daxil olanda möhtəşəm gözəllikdə bir saray ilə qarşılaşırıq. Bu saray əsrlər boyu sənətkarları, səyyahları özünə heyran buraxmışdır.

əl-Hamra sarayının yerləşdiyi hündür təpəyə 6 km uzaqlıqdan kanallar vasitəsilə su gətirilmiş, susuz bir təpə üzərində hovuzlu və hər tərəfdən suların axdığı bağçalar salınmış, zərif, incə və zəngin ornamentləri ilə göz oxşayan bir şah əsər meydana gətirilmişdir. əl-Hamra sarayındakı böyük bağçaları quraq mövsümlərdə belə gün ərzində sulamaq mümkün idi. Buradakı su anbarlarını doldurmaq üçün dövrün mühəndisləri tərəfindən suyun qaldırılması üçün mexanizm və çarxlar düzəldilmişdi. Sarayın hardasa bütün bölümlərində hovuzların olması və sarayda suyun daim hərəkət halında olması diqqət çəkən bir məqamdır.



əl-Hamra sarayında aslan heykəllərinin olduğu hovuzun sirrini tədqiqatçılar hələ tapa bilməyiblər. Bu aslan heykəlləri rəvayətə görə, həm günəş saatı, həm də su saatı funksiyasına sahib imiş. Ancaq vaxt ötdükcə belə bir çox funksiyalı hovuz və heykəllərin işləmə prinsipini sonrakı ustalar anlaya bilməmişlər.


Qranada əmiri, taxtdan endiriləndən sonra Qranadaya sığınan Malaqa əmirinin qızı ilə evlənmişdi. Adı Lindaraja olan Malaqa əmirinin qızı üçün əl-Hamra sarayında xüsusi bir yer ayırılmışdı. Sonraları Lindajara salonu adı verinən həmin bölümün həyətində portağal və limon ağaclarının içərisində fəvvarəli hovuz var idi. Əndülüsdə sudan istifadəyə və baxçaların tərtibatına mühüm yer verildiyinə dair sarayın bu bölümü gözəl bir nümunədir.



əl-Hamra sarayındakı bölümlərdən birinin adı “Cənnətul Arifin”dir (digər adı ilə Generalife). Buraya daxil olanda insana elə gəlir ki, sanki cənnətdən bir guşəyə daxil olmusan. Bu bağçada 160-dan çox bitki növünün olduğu söylənilir. Sarayın bu baxça və saraylar olan bölümündən qarlı Sierra Nevada dağının mənzərəsi insana möhtəşəm və doyumsuz bir dad bəxş edir. Sarayın digər bölümləri ilə müqayisədə Cənnətul-Arifin (Generalife) daha sadə və göstərişdən uzaq tikilib. əl-Hamra sarayının Cənnətul-Arifin baxçasında pilləkənlərin sürahilərindən suyun axışına heyran olmamaq mümkün deyil.

Bu saray xristian təəssübkeşliyi və anlayışsızlığının qurbanı olmuşdur. V Karl (Şarlken), Əndülüsü zəbt edəndə əl-Hamra sarayının bir hissəsini yıxdıraraq yerində Rönessans üslübunda bir saray tikdirmək istəmişdi. Ancaq görünüş olaraq sirkə oxşayan həmin saray əl-Hamranın sənət və zövq səviyyəsindən çox aşağı və çox kobud bir tikili idi. 1522-ci ildə baş verən zəlzələdə, həmçinin 1590-cı ildəki partlama hadisəsində saray bir miqdar da xəsarət almışdı. XVII əsrdən XIX əsrin ortalarına qədər əl-Hamra sarayı tamamilə tərk edilmiş vəziyyətdə qalmışdır. Ancaq XIX əsrin ortalarında İspaniyada daha gözəl bir memarlıq əsərinin olmadığı anlaşılaraq əl-Hamra sarayının dəyəri bilinmiş, mühafizə edilərək günümüzə qədər gəlib çatmışdır.
əl-Hamra sarayı, Allahın yeganə məğlub edilməz olduğunu dünyaya hayqıran bəlkə də yeganə saraydır. Dünyanın heç bir yerində Allahın adının bu qədər sütunlara, kəmərlərə, qübbə, tavan, qapı və divarlara həkk edildiyi başqa bir saray yoxdur. Bəlkə də bu səbəblə əl-Hamra sarayı əsrlər boyunca ayaqda qalmış, bu şah əsər qərb dünyasını İslam sənətinə heyran buraxmışdır.
XIX əsrin sonralarında başlayan restavrasiya işləri buraya gələn xarici turistlərin artması ilə daha da sürətlənmiş, əskik yanları olsa da əl-Hamra sarayı yavaş-yavaş əvvəlki ehtişamına qovuşmuşdur.
Əlbəttə, tarix elmi, saray həyatından, saraylarda baş verən hadisələrdən ibarət deyil. Hər dövlətin, mədəniyyətin sarayların xaricində də baş verən hadisələri, elmi fəaliyyət və çalışmaları, bir sıra sosial məsələləri vardır. Tarix elmi əslində bunların hamısını əhatə edir. Bu minvalla əl-Həmra sarayından bəhs etmək, Qranada şəhərinin, ya da Əndülüs tarixinin əl-Hamradan ibarət olduğu mənasına gəlmir.
Onu da unutmayaq ki, Əl-Hamra sarayı hər nə qədər gününüzə gəlib çatan, göz oxşayan gözəlliyi ilə insanı heyran etsə də, əslində bu saray Əndülüs tarixində bir çöküş dövründə inşa edilən saraydır. Bəlkə də bu çöküşün ayaq səslərini artıq hiss edən Əndülüslü sənətkar və ustalar bu səbəblə sarayın hər yanına “Lə ğalibə illəllah” (Allahdan başqa məğlub edilməz güc yoxdur) sözünü həkk etmişdilər.
Əl-Hamra sarayı sanki əl dəyəndə qırılıb töküləcək qədər yüksək incəlik və zərifliklə işlənmişdir. Əl-Hamra sarayını anlamaq üçün buradakı bir çox kitabəni anlayaraq oxumaq lazımdır. Quran ayələri, İbn Zamraq və digər müsəlman şairlərin misralarının həkk olunduğu bu kitabələr bəzi divarları tamamilə əhatə edir, kəmərlər, qapı çərçivələri və sütunlarda öz əksini tapır. Hətta bu yazıları bəzək motivlərindən ayırmaq hardasa mümkün deyil. Əslində əl-Hamra danışan bir saraydır, həm də Quranın səsi ilə danışan bir saray.
Əl-Hamra sarayının daş divarlarına həkk edilən “Lə ğalibə illəllah” ifadəsi Yusuf surəsində keçən: “Allah Öz işində (əmrində) qalibdir (istədiyini edəndir), lakin insanların əksəriyyəti (bunu) bilməz!” (Yusuf, 12/21) ayəsindən ilham alınaraq hazırlanıb. Sanki Qranada şəhərinin dəyərinə əlavə dəyər qatan əl-Hamra sarayındakı bu ifadələr əsrlər boyu hökmdarların yol göstəricisi olmuşdur.

Əl-Hamra sarayı Preney yarımadasında qurulan ən uzun ömürlü Bəni Əhmər (Nasirilər) dövlətinin zamanında inşa edilmişdir. Saray eyni sülalədən gələn müxtəlif hökmdarlar tərəfindən müxtəlif dövrlərdə genişləndirilmişdir. Əndülüsün 1492-ci ildə süqutundan sonra Kral Ferninand əl-Hamra sarayının ilk orijinal planını memar Pablo Lozanoya yenidən çəkdirmişdir. İspan Kraliyyət Akademiyasının arxivlərində saxlanılan bu plan şəkilləri 1780-ci ildə Madriddə nəşr edilmişdir.
Bu plan şəkilləri əl-Hamra sarayının orijinal memari görünüşünü əks etdirirdi. Əl-Hamra sarayının bir hissəsi Kastilya kralı V Karl tərəfindən 1526-cı ildə öz adını daşıyan sarayın inşası üçün dağıdılmışdır. Əndülüs Əməvi memarlığınının ehtişamını həzm edə bilməyən Kastilya karalı V Karlın tikdiyi, içərisi dairəvi və sirkə bənzəyən bu tikili insanlardan o qədər də rəğbət görməmişdir.
Nasirilər Əndülüs Əməvi dövlətinin süqutundan sonra Preney yarımadasında sıxışmış halda və daha dar bir ərazidə, eyni zamanda xristian krallıqlarına qarşı müdafiə mövqeyində varlıqlarını qoruya bilmişdir. Əl-Hamra sarayı da ilkin olaraq Sabiqa təpəsində belə bir müdafiə ehtiyacına görə inşa edilmişdi. Sarayın hündür dağın döşündə tikilməsi onu düşmənlərdən daim müdafiə etmişdir. Sonrakı iki əsrdə bu müdafiə qalasının içərisində dünyanı heyran buraxacaq saraylar, köşklər, bağçalar inşa ediləcəkdi.
Əl-Hamra sarayından danışanda nədənsə ağılıma Osmanlının son dövründə inşa edilən Dolmabağça sarayı, digər tərəfdə isə sarayı olmayan Həzrət Ömərin (r.a) sadə həyatı gəlir. Əl-Hamra sarayına tamaşa edəndə sanki hər gələn hökmdarın bir əvvəlki hökmdar ilə sənət yarışına girdiklərini görürsən. Əl-Hamra sarayını inşa etdirən Nasiri hökmdarları xristian krallıqlarından gələn elçiləri bu sənət ehtişamı ilə aciz qoymaq və güc nümayiş etdirmək məqsədi də güdürdülər. Elə görünür ki, buna nail olmuşdular. Sarayın elçilər salonu bu gün belə insanı heyran qoyur. Belə bir sənət əsəri və ehtişam qarşısında o dövrdə buraya gələn yarımadadakı xristian krallıqlarının elçilərinin gözlərinin qamaşdığını söyləmək olar.

Əl-Hamra sarayında elçilər salonunun əsas xüsusiyyəti o idi ki, əmirin taxtı Qranadaya baxan pəncərələrin önünə yerləşdirilmiş, elçilər əmirin hüzuruna çıxanda taxtın arxasındakı pəncərələrdən gələn işıq şüaları elçilərin gözünü qamaşdırırdı. Elçilər Qranada şəhərini açıq bir şəkildə gördükləri halda, sultanı bir siluet şəklində görürdülər. Beləcə elçilərdə Qranadaya sahib olan mistik bir sultan təəssüratı oyanır və qorxu salırdı. Bunların hamısı elçilər salonunun möhtəşəm bir mühəndisliklə inşa edilməsindən irəli gəlirdi. Qeyd edək ki, 1492-ci ildə sonuncu Qranada əmiri XII Məhəmmədlə xristian krallıqları arasında şəhərin təslim edilmə şərtləri məhz bu elçilər salonunda görüşülmüşdür.

əl-Hamra sarayındakı elçilər salonunun plan şəkli
Bir tərəfdə Sevilya, Kordova kimi şəhərlərin əldən çıxdığı və əldə qalan Qranadanın dörd tərəfdən xristian krallıqlarının mühasirə etdiyi dövrdə inşa edilən əl-Hamra sarayı, digər tərəfdə isə ard-arda yaşanan fəthlər, o günkü dünyanın iki güclü dövlətindən biri olan Sasaniləri süquta uğradan Həzrətin Ömərin saraysız həyatı göz önündə canlanır. Əl-Hamra sarayında yaşayan Nasiri hökmdarları, yoxsa Mədinədə sarayı olmayan Həzrət Ömər daha ehtişamlı və üstün görünürdü deyə sual edilsə, deyərdim ki, daha ehtişamlı görünən Həzrət Ömər və onun o sadə və saraysız həyatı idi. O, Həzrət Peyğəmbərimizdən (s.ə.s) miras aldığı bu sadə həyatı ilə hansısa müsəlman şəhərini düşmənə təslim etməmiş, əksinə Qüdsün açarları məhz onun əlinə təslim edilmişdi.
Bu arada Osmanlı dövlətinin hər bölgəsində çöküş əlamətlərinin göründüyü bir dövrdə inşa edilən Dolmabağça sarayının da göz oxşadığını deyə bilərik. Ancaq nə əl-Hamra sarayına, nə də Dolmabağça sarayına xərclənən qızıllar, daş-qaşlar, o ehtişam və göstəriş bu dövlətlərin süqutuna mane ola bilməmişdi. Məsələyə bir də bu tərəfdən baxanda məhz sənət və memarlığın bir dövləti ayaqda qalması üçün kifayət etmədiyini insan anlayır. Gərçi dünya üzərində yüzlərcə başqa mədəniyyət abidələri də vardır ki, indi onları inşa edən nə mədəniyyət, nə də dövlət ayaqdadır. Hamısı bu və ya digər şəkildə tarix olublar. Elə bu məqamda əl-Hamra sarayının divarlarını bəzəyən “Lə ğalibə illəllah” (Allahdan başqa məğlub edilməz güc yoxdur) yazısı daha aydın anlaşılır.
Haşiyə çıxaraq onu da qeyd edək ki, müsəlmanlar məğlub ola bilərlər, ancaq bu Uca Yaradanın (c.c) əsl qalib, məğlubedilməz olduğuna əsla xələl gətirməz. İllər, hətta əsrlər boyu İslamın önündə bir sədd kimi dayanmış qövmləri, millətləri iman və İslamla şərəfləndirməsi də yenə Uca Yaradanın (c.c) şəfqəti, mərhəməti, mütləq gücü və iradəsi ilə mümkündür.
Kastilya krallığının başlatdığı sonuncu mühasirədə əl-Hamra sarayı Qranada şəhəri ilə birlikdə 1492-ci ildə ispanlara təslim edildi. Qranada şəhəri ispanlara təslim edilənə qədərki iki əsrlik dövrdə heç bir düşmən istilasına məruz qalmamışdı. Şəhər zəbt ediləndən sonra kardinal Pedro de Mendoza əl-Hamra sarayının gözətçi qülləsinə məşhur gümüş xaçı asaraq İspaniyada İslam hakimiyyətinin tamamilə sona çatdığını elan etmişdi. İspaniya tarixində Araqon kralı Fernidand ilə Kastilya kralı İzabella əl-Hamra sarayını “yenidən geri alma” (rekonkista) hərəkatının müvəffəqiyyətlə başa çatmasının bir simvolu və zəfər əlaməti olaraq qorunması üçün xüsusi olaraq səy göstərmişdilər. Bu gün ispan dilində ərəb dilindən keçmə və işlək halda olan 3 min söz var.
Kirli İzabel adı ilə tanınan Kastilya kralı İzabeli bir sıra cəhətləri ilə Əbu Süfyanın xanımı Hind binti Utbəyə bənzədə bilərik. Hind binti Utbə Bədr savaşındakı məğlubiyyət qarşısında intiqam andı içmiş, müsəlmanlardan Bədrin intiqamı alınana qədər üzərinə su dəyməməyə, çimməməyə and içmişdi. Kastilya kraliçası İzabel də evlənəcəyi gecə Araqon kralı olan əri Ferdinandın yanında, İspaniyada bütün müsəlmanları öldürənə qədər bir daha yuyunmama andı içmişdi. Toy gecəsi belə bir and içən bu qadın uzun illər yuyunmadığı üçün elə ispan tarixçiləri tərəfindən də Kirli İzabel adlandırılmışdır.. Burada bir məqam da var ki, İspaniyada 8 əsrlik İslam dövləti və mədəniyyət quran başlıca sülalələrdən biri məhz Hind binti Utbənin də mənsub olduğu Əməvi sülaləsi idi. Şam Əməvi Dövləti Abbasilər tərəfindən süquta uğradıldıqdan sonra Əndülüsə gələn əməvi sülaləsindən I Əbdurrahman (əd-Daxil) Əndülüs Əməvi dövlətini qurmuşdu.
Hind binti Utbə Şam Əməvi dövlətinin qurucusu Muaviyənin anası, Yezid ibn Muaviyənin də nənəsi idi. Hind binti Utbə hələ cahiliyyə dövründə bir ordunun önünə keçərək əsgərləri savaşa təşviq edən cəsarəti ilə tanınırdı. Məkkə müşrikləri Bədr savaşındakı məğlubiyyətlərinin intiqamını iki il sonra Uhud savaşında nisbətən ala bilmişdilər. Hind də xüsusi olaraq tutduğu usta nizəçi ilə Uhud savaşında Həzrət Həmzəni şəhid etdirmişdi. Bu əməlinə görə də o, Vahş ibn Harbı mükafatlandırmışdı. Hindin bununla belə hirsi soyumamışdı.

Bura qədər baş verən hadisələr Hind binti Utbə ilə Kirli İzabel arasındakı bənzərlikləri göstərir. Ancaq Cənab Allahın kimə və nə vaxt iman nemətini bəxş edəcəyini insanlar bilə bilməz. Hind binti Utbə Məkkənin fəthi əsnasında yoldaşı Əbu Süfyan ilə birgə İslamı qəbul etmişdi. Həm ər, həm də arvad İslama qarşı illər boyunca bu qədər zərər vermələrinə baxmayaraq, Allah onlara imanla tanış olmağı nəsib etmişdi. Əvvəlki əməllərinə baxmayaraq, o, artıq qadın bir səhabə və Həzrət Hind olmuşdu.

Yuxarıdakı video fraqmentdə İspaniyada (Preney yarımadasında) sonuncu İslam dövləti və müsəlmanların sonuncu qalası olan Nasirilər sülaləsinin hakimiyyəti altında olan Qranada şəhərinin və əl-Hamra sarayının Araqon kralı Fernando və Kastilya kralı İzabelə təslim edilişi göstərilir. Bəli, Qranada şəhəri əl-Hamra sarayı ilə birgə birləşən İspan krallarına təslim edilmişdi. Geridə isə moriskoların (İspaniyada yerli müsəlman xalq) yüz il boyu davam edəcək soy qırım prosesi başlayacaqdı. Təəssüf ki, o soyqırımlardan dünya bu gün də xali deyil. Qeyd edək ki, Moriskoların (İspaniyada yerli müsəlman xalq) məruz qaldığı həmin soyqırımı oxuyanda orada baş verənlərin bu gün Uyğur türklərinin məruz qaldıqları vəhşətlə eyni oluğunu görmək olar.
Araşdırmaçı yazar Mustafa Armağan Əndülüsün yalnız müsəlmanlar üçün deyil, ümumiyyətlə Avropa və hətta insanlıq üçün itirilmiş bir qitə olduğunu vurğulayır. Mustafa Armağanın sözlərinə görə, 1452-ci ildə Amerika qitəsinə ayaq basan ispanlar oradakı Sansalvador qızıllarını vətənlərinə gətirmək üçün yelkənlərinə yükləyərkən bir neçə il əvvəl saf qızıl külçələr hökmündəki Qranadanı öz əlləri ilə boğmuşdular. Belə bir mədəniyyətin izindən gedə biləcəkləri halda, fanatizmə qapılan ispan kralları tarixi fürsəti əldən qaçırmış, Əndülüs kimi bir qızıl mədənindən istifadə edə bilməmişdilər.

Fizika və kimya sahəsində iki dəfə Nobel mükafatına layiq görülmüş və Avropada radiologiyanın qurucusu olan Mariya Küri (1867-1934) belə deyir: “Müsəlman Əndülüsdən bizə 30 kitab qaldı. Biz bu kitablarla atomu parçalaya bildik. Əgər yandırılan bir milyon kitabın yarısı qalsaydı, çoxdan kosmosda qalaktikalar arasında səyahət edərdik. Ancaq Əndülüsdə elm yox ediləndən sonra biz onların əsrlər əvvəl kəşf etdiyi şeyləri yenidən tapmağa çalışdıq”.
İspanların dünyanı kəşf etmə macəraları faciəvi qətliamlar və yağmalarla yadda qalmışdı. Yağmaladıqları o qızıllar, sərvətlər sadəcə müəyyən ailələri zəngin etmişdi. Əndülüs İslam mədəniyyətinin işığı, onu söndürən ispanların dadına çatmamışdı. Ancaq Preney yarımadasında sönən bu işıq İtaliyada parlamağa başlamış və Avropada rönessansı tətikləmişdi. Bütün bu sadalananları göz önünə gətirəndə insan anlayır ki, bu gün Əndülüsə (İspaniyaya) getməyin mənası, məqsəd və qayəsi sadəcə öküz döyüşlərini seyr emək, flamenko rəqsini ya da Barselona futbol klubunun oyunlarını canlı izləmək olmamalıydı. Bir tədqiqatçı alimin ifadəsi ilə, Əndülüs torpaqlarını gəzəndə buradakı 8 əsrlik İslam kimliyinin xiffətini çəkmək, heç olmasa xəyalən o günlərə getmək, mənən ölməməyin bir göstəricisidir.

Hökmdarlar sarayın çölünə açılan bu qapıda xalqın hüquqi məsələlərini həll etdiyi üçün ədalət qapısı olaraq bilinir.
“National Geographic”in hazırladığı sənədli filmdə əl-Hamra sarayının Avropanın digər soyuq, rütubətli və daş sarayları ilə müqayisə edilə bilməyəcək qədər möhtəşəm və zərif olduğu qeyd edilmişdir. Bu səbəblə də birləşən xristian krallıqlarının əl-Hamra sarayını nə üçün ələ keçirmək istəmələrini anlamaq olar. İlk inşa ediləndə qala, sonra da saray olaraq planlaşdırılan əl-Hamra sarayı günümüzdə dünyanın dörd bir yanından turistləri özünə çəkən bir məkandır. əl-Hamra hələ də İslam sənət və memarlığındakı gözəlliyin, incəlik və zərifliyin təzahürü olaraq öz yerini qoruyur.
Tədqiqatçıların qeyd etdiyinə görə, 1492-ci ildə Qranadanın alınması ilə Preney yarımadasında müsəlmanların siyasi varlığına son verilməsi, 1453-cü ilə İstanbulun fəthinin əvəzi mahiyyəti daşıyırdı. Konstantinopolu itirən xristian dünyası buna qarşılıq olaraq Avropanın digər ucunda, Preney yarımadasında müsəlmanların son qalası halına gələ Qranadanı ələ keçirmişdilər.
 
Nazim Mustafayev
 
əl-Hamra sarayı haqqında “National Geographic” tərəfindən sənədli film hazırlanmışdım. Həmin sənədli filmə aşağıdakı linkdən baxa bilərsiniz:
https://www.youtube.com/watch?v=tomUNapHTKo
Yazıda istifadə edilən digər linklər:
http://www.duzceyerelhaber.com/Mustafa-ARMAGAN/32083-Elhamra-Sarayinin-avlusunda-oturup-agladim
https://benimgozumden.wordpress.com/2009/08/22/son-kale-el-hamra/
https://islamansiklopedisi.org.tr/elhamra-sarayi
https://islamansiklopedisi.org.tr/girnata
https://islamansiklopedisi.org.tr/nasriler

DİGƏR XƏBƏRLƏR

Top