Hüznlü sonun hekayəsi – Moriskolar - SON BÖLÜM


Moriskolarla bağlı yazının əvvəlki bölümlərini buradan oxuya bilərsiniz…
Vəziyyət o həddə gəlib çatmışdı ki, moriskoları, yəni təzyiq və basqılara görə dinlərini gizlətmək məcburiyyətində qalan müsəlmanları ortaya çıxarmaq üçün xalqa “Müsəlmanları tanıma” kitabçaları paylanırdı. Bu kitabçalarda aşağıdakı kimi qeyd və məlumatlar verilirdi: “Müsəlmanlar Ramazan ayında gün doğmadan qalxar, sonra ağızlarını yuyaraq yatarlar, donuz əti yeməz, şərab içməzlər, namaz qılarkən qibləyə dönərlər, heyvanları qibləyə dönərək kəsərlər, təmiz və pak olduqdan sonra bir otağa doluşaraq qapıyı möhkəmcə bağlayaraq içəridə dua edərlər. Onları Ramazan ayında ən gözəl paltarları geyinmələrindən tanımaq olar. İlin bütün fəsillərində, hətta qış aylarında belə tez-tez yuyunarlar”. Bir moriskonun Ramazan ayında hər hansı digər bir müsəlmana zəkat verdiyi aşkar edilərdisə, onu yaxşı günlər gözləmirdi. Morisko kişilərinin, oğlan uşaqlarının gizli şəkildə sünnət olub-olmadıqları belə yoxlanmağa başlanmışdı.
Yeniavaz.com xəbər verir ki, o dövrdə Avropanın xaotik quruluşu içərisində özlərini gizləmək məcburiyyətində qalanlar sadəcə moriskolar deyildi. Təcrid, zülm və sürgün siyasətinə əvvəla yəhudilərdən başlanmış, sonra müsəlmanlara (moriskolara), daha sonra da katolik məzhəbindən olmayan bütün xristianlara şamil edilmişdi. İslam hakimiyyətindəki çoxmədəniyyətli yaşam anlayışından tək rəngli və tək qütblü bir sistemə keçməklə əslində sistem öz təbəəsini, öz xalqını yox etməyə başlamışdı. Eyni dövrlərdə Osmanlı dövlətinin fərqli dini qruplara qarşı gösrtərdiyi tolerantlıqdan (fərqli fikirlərə, adət-ənənələrə, inanclara, həyat tərzinə, rəylərə dözümlü münasibətdən) o dövrdə xristian-katolik Avropada söhbət gedə bilməzdi.
Əndülüsdəki müsəlman əhalinin böyük əksəriyyəti “muvəllədun” adı verilən müsəlman olmuş yerli xalq idi. Buna görə də Preney yarımadasında müsəlman əhali ərəb dilində deyil, yerli İspan dilində danışırdı. Bu reallığı göz önünə alanda Aljamia adlanan ərəb hərfləri ilə yazılan yerli İspan ləhcəsinin ortaya çıxma səbəbini anlaya bilirik. Burada nə üçün dilin ispan, əlifbanın isə ərəb əlifbası olma səbəbi çox sadədir. Ərəb hərfləri İslam dünyasının ortaq malı, dolayısı ilə İslam hərfləri olaraq qəbul edilirdi. Bu səbəbə görə də yerli müsəlman əhali öz dillərində (ispan dilində) danışsalar da ərəb əlifbasından istifadə edirdi. Əslində bu məsələ bizim üçün də o qədər yad deyil. Keçən əsrin əvvəlində elə biz də öz dilimizdə danışıb yazsaq da, əlifba olaraq ərəb əlifbasından istifadə etmişdik. Eyni vəziyyət Osmanlı dövləti və digər müsəlman məmləkətləri üçün də keçərlidir. Preney yarımadasında XVI əsrdə on minlərcə aljamia əsərləri yandırılmış, məhv edilmişdir. İspaniyada bu hadisələrdən çox sonraları, XIX əsrdə tarixi tikililərdə yenidən qurma və təmir işləri aparılanda o dövrlərdə evlərdə gizlədilmiş aljamia əsərləri ortaya çıxmışdır.
Moriskolar Preney yarımadasından sürgün ediləndə qarşılarına iki seçim qoyulmuşdu. Əgər müsəlman bir ölkəyə, yəni Cəbəli-Tariq boğazını keçərək Mərakeşə, Əlcəzairə, Osmanlı torpaqlarına gedərlərsə, 10 yaşından kiçik uşaqlarını arxada qoymalı idilər. Belə olan təqdirdə müsəlman ailələr öz canlırını qurtarsalar da arxada buraxdıqları uşaqlarını bir daha görə bilməyəcək və onlar xristian inancı və tərbiyəsi ilə böyüdüləcəkdilər. Bütün bu yaşananlar moriskolar üçün ölümlərdən ölüm bəyənmək kimi bir şey idi.
Əgər Preney yarımadısını tərk edərkən katolik bir ölkəyə, misal üçün Fransaya, ya da başqa bir xristian ölkəyə getsələr uşaqlarını yanlarında apara bilərdilər. Məhz bu səbəbə görə 50 minə yaxın morisko övladlarından ayrı düşməmək üçün birbaşa yaxın yolla Cəbəli-Tariq boğazını keçərək müsəlman torpaqlarına (Şimali Afrikaya) gedə bilməmişdilər. Bunun üçün daha uzun və məşəqqətli yolu seçməli olmuş, Fransa, İtaliya və oradan da Sicilyaya gedərək gəmilərlə qarşı tərəfə, yəni Şimali Afrika torpaqlarına keçmişdilər. Bəzi moriskolar da bu qədər yol qət etmişkən yollarına davam eləmiş, Bosniya üzərindən Osmanlı dövlətinə gəlib çatmışdılar.
Əlbəttə o günün şərtlərində bir köç karvanı bu qədər uzun yolda ətrafdan gələcək hər hansı basqın və hücuma qarşı gücsüz və müdafiəsiz idi. Bununla yanaşı belə uzun köç yolunda iqlim şərtlərini, həddindən artıq isti və ya soyuq havanı, dəyişən fəsilləri nəzərə alanda yaşanan dramın ağırlığını anlamaq olar.
Moriskoların İspaniya üçün daşıdığı dəyər və əhəmiyyəti onların sürgün edilməsindən bir neçə il sonra, bu məsələlərin soyumağa başlaması ilə anlaşılacaqdı. Peşəkar işçi və ustaların çatışmazlığı, artıq işləməyən emalatxanalar, əkilməyən torpaq sahələri və bütün bunlara bağlı olaraq o gündən sonra dövlətin ala bilmədiyi külli miqdarda vergilər və dövlət büdcəsinin əsas gəliri olan bu vergilərdən məhrum qalması moriskoların sürgün edilməsindən sonra yaşananlar idi. Moriskoların İspaniyadan sürgün edildiyi tarix əslində İspaniyanın çöküşünün də başladığı tarixdir.

Qranada krallıq kilsəsindəki Ferdinand və İzabelin qəbrləri. Qəbrin önündəki mərmər kitabədə belə yazılıb: “Müsəlmanları və heretik (xristianların dindən çıxmış insanlara, və ya dinə zidd düşüncələrə verdiyi ad) yəhudiləri dağıdan Araqon kralı Ferdinand və Kastilya kraliçası İzabel (hər ikisi də Katolik krallar olaraq tanınır) bu mərmərin içərisində dəfn olunub”.
5 bölümlük "Elvada Endülüs: Moriskolar" başlıqlı sənədli film hazırlayan türkiyəli yazar Akif Əmrənin ifadə etdiyinə görə, bu gün Mərakeş və Əlcəzayirdə Əndülüsdən buraya köç edənlərin qurduğu şəhərlər var. Buraya sürgün edilmiş moriskolar vasitəsilə Əndülüs mədəniyyəti və memarlığının təsirlərini Mərakeş və Əlcəzayirdə görmək mümkündür. Burada ailə adları “əl-Əndülüsi” (əndülüslü) olaraq başlayan bir çox ailəyə, köklü nəsllərə rast gəlmək olar.
Moriskoların problemləri hər şeylərini arxada buraxaraq bir müsəlman ölkəsinə sığınmaqla qurtarmırdı. Axı onlar qatı bir şəkildə və hardasa yüz ilə yaxın katolik xristian təbliğatına məruz qalmış, ciddi bir şəkildə mədəniyyət eroziyası yaşamışdılar. Düzdür, onlar uzun illər boyu təzyiqlər altında qalsalar da dinlərini (İslamı) əldən verməmişdilər. Ancaq geyimlərinin fərqliliyi, adət və vərdişlərinin başqalaşması, bir çoxlarının gəldikləri yerlərdə danışıq dili olan ərəb dilini bilməməsi, hətta adlarının belə müsəlman adlarına bənzəməməsi adaptasiya və uyğunlaşma prosesində əngəl törədirdi. Hətta bəzi moriskolar yenidən geri dönməyi belə düşünürdü. Moriskoların, ümumiyyətlə hər hansı insan topluluğunun, bir cəmiyyət və ya xalqın bu şəkildə kimliksiz bir hala gətirilməsi yaşanan bu dramın ən acı yanlarından biri idi.
Yaşanan bütün bu acı hadisələrlə yanaşı tarix onu göstərdi ki, əsrlər boyu insanların kimliyi halına gəlmiş inanc və etiqadlarını, adət və ənənələrini verilən siyasi qərarlarla bir gündə aradan qaldırmaq mümkün deyil. Bu baxımdan bu və ya digər dövrdə bir cəmiyyət üzərində hər nə qədər siyasi güc və təzyiq tətbiq edilsə də siyasət hər zaman sosiol reallıqlar qarşısında tab gətirə bilməmiş və məğlub olmuşdur. Siyasi qərarlarla moriskoları Preney yarımadasından tamamilə çıxarsalar, həmçinin səkkiz əsrlik İslamın izlərini yarımadadan tamamilə silməyə çalışsalar da bu gün də tarixi köklərinin izinə düşən bir çox ispanla qarşılaşmaq mümkündür. Onu da qeyd edək ki, bu gün İspaniya turist ziyarətinə görə dünyada üçüncü yerdədir. Bunun əsas səbəblərindən biri bu torpaqlardakı 800 illik zəngin Əndülüs mədəniyyətindən miras qalmış əl-Hamra sarayı, Kordova məscidi, Zəhra şəhəri (Mədinətuz-Zəhra) və digər tarixi tikililərin olmasıdır.
Ömrünün son illərində xüsusilə Əndülüslə bağlı araşdırmaları ilə tanınan Akif Əmrə (1957-2017) İspaniyada xristian bir ailədə böyüyən Şimon adlı bir şəxsin müsəlman olma hekayəsini nəql edir. Şimon adındakı bu şəxs müsəlman olduqdan sonra yaşadığı bəzi təcrübələri belə qeyd edir: “Mən müsəlman olandan sonra anladım ki, adət və ənənələrimizdə, həyat tərzimizdə əslində çox köklü bir şəkildə İslamın, müsəlmanlığın izləri var. Müsəlman olandan sonra bəzi şeylərin müsəlmanlıqdan ilham alaraq etdiyimizi anladım. Ailəm kənd təsərrüfatı və fermerliklə məşğul olurdu. Mən belə bir ailədə böyümüşəm. Atam axşam hər dəfə tarlada işləyib evə gələndə təbii olaraq əl-üzünü yuyardı. Müsəlman olduqdan sonra anladım ki, atam əslində fərqində olmadan dəstəmaz alır. Əvvəlcə əlini yuyur, sonra ağızına və burnuna su verir, üzünü və qollarını, sonda da ayaqlarını yuyurdu. Sıra eynilə belə idi. Atam İspaniyada doğulub böyüyən katolik xristian idi və İslamla bağlı hər hansı bilgisi yox idi. Müsəlman olduqdan sonra əslində dəstəmaz aldığımızı anladım”.
1980-cı illərdə İspaniyada İslama və müsəlmanlara qarşı dözümsüzlüyün və çox qatı bir rəftarın hökm sürdüyü illər idi. Bu dövrdə İspaniyada ictimaiyyətin tanıdığı tarixçi və eyni zamanda müsiqişünas olan bir şəxs müsəlman olmuşdu. Təbii ki, hamının tanıdığı belə bir şəxsin müsəlman olması hər kəsi təəccübləndirmişdi. Bu şəxs müsəlman olması ilə bağlı başından keçən bir hadisəni belə anladır: “Turist olaraq Mərakeşə gedəndə orada bir zikr qrupunun səsini eşitdim. Musiqi ilə dərindən məşğul olduğum üçün çox güclü səs duyumum var idi. Eşitdiyim o ilahi və zikrlərdəki ritm mənə çox tanış gəldi. Sanki həmin muqisini hardasa eşitmişdim. İspaniyada kəndlərimizdə uşaqlığımda nənələrimizdən eşitdiyim nəğmə, layla və mahnıların ritmi ilə Mərakeşdə eşitdiyim zikr və ilahilərin ritmi eyni idi. Heç bir fərq yox idi. Bu məni tarixi keçmişimə apardı və beləcə mən müsəlman oldum”.
İspaniyada bu gün belə sənət və ədəbiyyat nümayəndələri arasında, cəmiyyətin tanınmış simaları içərisində xristian olsalar da köklərinin morisko olduğunu söyləyənlər var. 1980-cı illərə qədər İspaniyada insanlar köklərinin gedib moriskolara çıxdığını deməyə çəkinirdilər. Ancaq sonrakı illərdə cəmiyyətdəki fanatik ab-hava yumşalmağa başlamış, bir çox insan morisko keçmişini gizlətməyə ehtiyac duymamışdı.
İspaniyada tarixi kökləri moriskolara gedib çıxan və öz keçmişini araşdıraraq yenidən İslamı seçərək müsəlman olan bir şəxs belə bir hadisə nəql edir: “Anam müsəlman olmağıma etiraz etmiş və qarşı çıxmışdı. Müsəlman olduqdan sonra bir gün evdə gizlicə namaz qılarkən anam məni görmüş və ağlamışdı. Anamın ağladığını fərq etdim. “Nə üçün ağlayırsan?” deyə soruşanda: “Bu etdiyin hərəkətləri mən balaca olanda nənəmdən görmüşdüm. O da sənin etdiyin kimi hərəkətlər edirdi” demişdir.
Bütün bunlar bizə onu göstərir ki, aradan əsrlər keçsə də mədəniyyətlər arasında bu kimi təsirlənmələri aradan qaldırmaq mümkün deyil. Eynilə müsəlman bir cəmiyyətdə, gündə beş vaxt əzan oxunan bir ölkədə də bir şəxsin fəlsəfi mənada ateist olması mümkün deyil. O sadəcə özünün ateist olduğunu zənn edər. Kültür və mədəniyyət baxımından isə bu mümkün deyil.
Preney yarımadasında xristian krallıqlarının moriskolara yaşatdıqları bu acı təcrübə, onlara görə sadəcə qarşı dindən olan və “kafir” olaraq gördükləri müsəlman cəmiyyətini öz torpaqlarından sürgün etməklə məhdudlaşan bir hadisə deyildi. Bu eyni zamanda o dövrdə Avropa mədəniyyətinin bir ağıl tutulması yaşaması, fərqli mədəniyyət, fərqli cəmiyyət, fərqli inanc və fərqli dillərlə bir arada yaşaya bilməmənin ortaya çıxardığı fəsadlar idi. Qeyd edək ki, səkkiz əsr eyni torpaqlarda yaşayan, orada zəngin bir mədəniyyət quran insanları dövranın və siyasi anlayışın dəyişməsi ilə sadəcə dini inanclarına görə sürgün etməyi, ağıl tutulması olaraq ifadə etmək hər halda yanlış olmazdı.
Moriskoların sürgün edilişinin 400 illiyi səbəbilə 2009-cu ildə İspaniyada ziyalılar və qeyri-hökumət təşkilatları dövlətin üzr istəməsi, tarixlə və yaşananlarla üzləşməsi üçün kampaniya başlatmışdılar. Cəmiyyətin bəzi üzvləri isə dövlətin belə bir üzr istəməsinə İspan xalqının və ictimayi rəyin hələ hazır olmadığı qeyd edir. Günümüzdə xüsusilə Şimali Afrikada aradan dörd əsrdən çox vaxt keçməsinə baxmayaraq hələ də kökləri İspaniyaya gedib çıxan ailələr var. Araşdırmacı Akif Əmrənin ifadəsi ilə: “Moriskolardan üzr istəməyən, onların haqlarını qaytara bilməyən bir Avropa fikri, vicdanən təmizlənə, tarixi köklərindəki günahla hesablaşa bilməz”.
Fransız tarixçi Fernand Braudel (1902-1985) Əndülüsdə moriskolara qarşı edilənləri bu şəkildə təsvir edir: “Bu yaşananlar oradakı ispanların müsəlmanlara qarşı etdikləri milliyətçilik davası deyil, başqa bir mədəniyyətə qarşı bəslənən kin və qəzəbin təzahürüdür”. İki mədəniyyətin qarşılaşdığı Preney yarımadasında İslam mədəniyyətinin hakim olduğu illərdə (əsrlərdə) müxtəlif xalqlar və dinlərin mənsubu olan insanlar birgə yaşama təcrübəsi əldə etmişdilər. Xristian avropanın qalib gəlməsindən sonra isə yarımada bu təcrübəyə son verilmiş, xristian avropa intiqam alma və yox etmə duyğusu ilə hərəkət etmişdir. 
Bugünkü İspaniya dövləti hələ moriskolardan əvvəl Preney yarımadasından sürgün edilən yəhudilərdən tarixlə üzləşərək üzr istəmişdr. Həttə Səfərad (İbrani dilində İspaniya mənasına gəlir), yəni İspaniya mənşəli olduğunu sübut edən hər bir yəhudiyə avtomatik olaraq bu gün İspaniya vətəndaşlığı verilir. Qeyd edək ki, Türkiyədə yaşayan yəhudilərin 96 faizi (iyirmi beş min) Səfərad yəhudiləridir.
Preney yarımadasında 800 illik Əndülüs mədəniyyətinin mirasçıları olan müsəlmanları (moriskoları) bu torpaqlardan sürgün etmək yəhudiləri təcrid və sürgün etməkdən daha çətin idi. Yəhudilərin Preney yarımadasında müsəlmanlar qədər gücləri yox idi. Həmçinin sayları da müsəlmanlarla müqayisədə çox az idi. Həmçinin etnik olaraq da müsəlmanların mühüm bir hissəsi Preney yarımadasının yerli əhalisindən meydana gəlirdi. Müsəlmanları bir anda cəmiyyətdən təcrid edib çıxaranda iqtisadi həyatın çökəcəyini hər kəs bilirdi. Həm siyasi, həm də iqtisadi güclərini müsəlman əhalinin (moriskoların) iş gücündən alan feodal qüvvələr də müsəlmanların sürgün edilməsinə qarşı çıxır və etiraz edirdilər.
Yəhudilərin vəziyyəti, yaşadıqları hadisə və proseslər isə biraz fərqli idi. Düzdür, xristianlar baxımından həm müsəlmanlar, həm də yəhudilər ögey və “kafir” hesab edilirdi. Ancaq xristianların yahudilərə qarşı dini cəhətdən bir qəzəb və kinləri var idi. Yahudilər xristianların gözündə “Tanrıyı öldürən” bir qövm, lənətlənmiş bir millət idi. Xristianlıq tarixi boyunca onlara bir insan gözü ilə belə baxılmamışdı. Onu da qeyd edək ki, xristianlar özlərinə rəqib olaraq yəhudiləri deyil, məhz müsəlmanları görürdülər.
Preney yarımadasından müsəlmanların təcrid edilməsi və assimilyasiya siyasətinin tərkib hissələrindən biri 1501-ci ildə Qranada şəhərində İslama aid bütün kitabların yandırılması ilə bağlı bir fərmanın verilməsi idi. Beləcə də Qradana şəhərində Əndülüs İslam mədəniyyətindən geriyə qalan sayısız əlyazma əsər yandırılaraq kül edilmişdir.
Mötəbər hədis kitablarından olan Buxarinin ən qədim əlyazma nüsxəsi Qranada şəhərinin xristian krallıqlara təslim olmasından az əvvəl Əndülüsdən Şimali Afrikaya, oradan Misirə, oradan da məşhur Osmanlı alimi Musannifək (1400-1470) tərəfindən İstanbula gətirilmişdir. Məhz bu misal Əndülüs İslam mədəniyyətinin nə qədər möhtəşəm, onu yox etmənin isə nə qədər vəhşilik olduğunu göstərir. Qeyd edək ki, uzun yolçuluqdan sonra İstanbula gəlib çatan bu dəyərli əlyazma hədis kitabı İslam Araşdırmaları Mərkəzi (İSAM) tərəfindən 2019-cu ildə nəşr edilmişdir.

Yuxarıdakı şəkildə Əndülüsdən İstanbula gətirilən mötərəbər hədis kitabı Buxarinin ən qədim nüsxəsinin İslam Araşdırmaları Mərkəzi (İSAM) tərəfindən 2019-cu ildə edilən faksimil nəşri (orijinalın bütün elementləri saxlanılmaqla təkrar çap edilən əlyazmalar və nəşrlər) verilmişdir.
İspaniya tarixində müsəlmanların hakim olduğu dövrlər rəfah və zənginliyin, elmi çalışmaların ən zirvədə olduğu dövrlərdir. Xüsusilə Əndülüs Əməviləri dövründə İspaniya ilə yarışa biləcək hər hansı Avropa dövləti yox idi. Tarixi bir reallıq var ki, Əndülüsdəki elmi və fəlsəfi inkişaf Avropada rönessansın başlamasına təkan vermişdi. Əndülüsü ziyarət edən avropalı səyyah və alimlər buradakı kitabları latın dilinə tərcümə edirdilər. Müsəlmanların hakim olduğu dövrdəki İspaniya torpaqlarından Avropaya geniş miqyasda elm, mədəniyyət və sənət transfer edilmişdir.

Müsəlmanlar burada hər nə qədər parlaq və göz qamaşdıran bir mədəniyyət qursalar da çöküş və yıxılış da bir o qədər acı və hüznlü olmuşdur. Matthew Carr Türkiyə türkçəsinə tərcümə olunan “Kan ve İman İslami İspanya`nın Tasfiyesi 1492-1614” başlıqlı kitabında bu yıxım, yox oluş və hüznlü sonun izinə düşür. Qanın, intiqamın, irqçiliyin inancı necə yox etdiyini ən acı bir şəkildə oxucuya çatdırır. Bu hekayə, fəth etdikləri torpaqlarda əsrlər sonra dinlərini dəyişdirməyə məcbur edilən, bu da yetməzmiş kimi zorla köç etməyə məcbur buraxılan müsəlmanların hüznlü hekayəsidir. 
 
Qeyd: Yazının hazırlanmasında Feridun Bilginin , “Katolik İspanyol İktidarında Endülüs Müslümanları’nın Kimlik Mücadelesi: Moriskolar Örneği” başlı elmi məqaləsindən, Hüseyin Gökalpın Səlcuq Universitetində (Konya 2010) qələmə aldığı “Sosyo-Kültürel Ve Dînî Açılardan Moriskoların Tarihi” başlıqlı elmi işindən və Əndülüslə bağlı araşdırmaları ilə tanınan Akif Emrenin “Endülüs Düştükten Sonra” başlıqlı yutubda yerləşdirilən (https://www.youtube.com/watch?v=ZXwR6OfQWW8) konferansından, həmçinin Akif Əmrənin "Elvada Endülüs: Moriskolar" başlıqlı beş bölümlük sənədli filmindən istifadə edilmişdir.
 
Nazim Mustafayev
 
 

DİGƏR XƏBƏRLƏR

Top