Moriskolar və müsəlmanların İspaniyadan sürgün edilməsi…


Ötən yazılarımızın birində bugünkü İspaniya dövlətinin yerləşdiyi Preney yarımadasında Nasirilər İslam dövlətinin çöküşü (1492) ilə orada qalan müdəccənlərin (müsəlmanların) taleyindən bəhs etmişdik. Həmin yazını buradan oxuya bilərsiniz. İspaniyada Kastiliya və Araqon krallıqlarının birləşməsindən sonra yeni bir mərhələ başlamış, xristianlar yarımadada İslam hakimiyyəti altında 800 il davam edən birgə yaşam təcrübəsindən vaz keçmişdilər. Bu bölümdə həmin yazının davamı mahiyyətində moriskolardan bəhs etmək istəyirəm. Ağıla elə gələ bilər ki, 1492-ci ildə Nasirilər dövlətinin və Qranada şəhərinin xristian hakimiyyətinə keçməsi ilə Preney yarımadasında hər şey bir anda dəyişdi, İslamın və müsəlmanların varlığına son verildi. Ancaq tarixdə morisko gerçəyi var. Preney yarımadasında müsəlmanların siyasi hakimiyyəti sona çatsa da sayları bir milyona çatan müsəlman (morisko) hələ yüz ildən çox müddətdə (1609-cu ildə yarımadada qalmış sonuncu müsəlmanlar da buradan sürgün edildilər) inkvizisiya məhkəmələrinin zülmü altında İspaniya torpaqlarında yaşamağa davam edəcəkdi.
Yeniavaz.com xəbər verir ki, ispan tarixçiləri moriskoları tarix elmində bir bölüm, bir sahə olaraq araşdırmış və bu sahəni “Moriskologiya” (Moriscología) adlandırmışlar. İspaniyada kilsə arxivləri moriskolarla bağlı olduqca zəngin və birinci əl qaynaq hesab edilir. Əslində həm müdəccən, həm də morisko deyiləndə eyni insanlar, eyni sosial qrup nəzərdə tutulur. Burada fərq odur ki, müdəccənlər sadəcə olaraq xristian krallıqların hakimiyyəti altında yaşayan dini azadlıqlarına toxunulmayan müsəlmanlar idilər. Morisko isə artıq müsəlman olmaları gözə batan, alınan yeni qərarlarla xristianlığa keçmələri məcbur edilən, əllərindən dini kitabları (Quran, hədis kitabları və s.) alınan, təqib və təzyiqə məruz qalan, bəzi hallarda bu məcburiyyətlər altında zahirən xristian kimi görünən müsəlmanlar idilər. Həm müdəccən, həm də morisko deyiləndə zülmün, işgəncənin, barbarlığın tarixi ağıla gəlir. Müdəccən və morisko ifadələri yaşanan bir dramın tarixdəki izləri deməkdir.
Yəhudi və müsəlmanlar Əndülüs torpaqlarında artıq rahat yaşaya bilmir, hətta burada qala bilmələri üçün xristian olma şərti ilə üzbəüz qalırdılar. Belə bir qırılma nöqtəsindən sonra İspaniyada yəhudi və müsəlmanlar xarici dövlətlərin casusu və Preney yarımadasında xristian (Katolik) birliyini pozan ünsürlər hesab edilirdilər.
Morisko irqi və milli kimliyi deyil, dini kimliyi ifadə edir.
Morisko kəlməsi ispan dilində “müsəlmanlara mənsub”, “geridə qalan müsəlmanlar” mənasına gəlir. Tarixi qaynaqlardan öyrənirik ki, “morisko” kəlməsi bir irq ya da rəng bildirmir, dini mənsubiyyəti ifadə edirdi. Moriskolara tətbiq edilən təzyiq və zülmlər etnik mənsubiyyətin dini kimliyin altında əriyib yox olduğunu, əsas ayırd edici faktorun din olduğunu göstərir. Əslində bu o deməkdir ki, İspanlar yarımadaya sadəcə babaları Şimali Afrikadan bu torpaqlara köç etmiş müsəlmanları deyil, müsəlman olduqları üçün öz yerli xalqlarını, viziqotları belə sürgünə göndərmişdilər.
İnkvizisiya məhkəmələrinin məqsədi nə idi?
Moriskolar, sadiq, etibarlı və çalışqan vətəndaşlar olduqları üçün ölkə iqtisadiyyatına mühüm töhfələr verirdilər. Bu səbəblə bəzi tarixçilər inkvizisiya yolu ilə moriskoları (müsəlmanları) zorla xristian etməyə çalışmağı, onları ölkəyə qazandırmağı xeyirli bir vasitə hesab edirdilər. Ancaq bu düşüncə moriskoları qazanmaqdan daha çox onların itirilməsinə, əldən çıxmasına səbəb olmuşdu. İspaniyada Segorbe şəhərinin yepiskopu belə deyirdi: “Hələ yüz il keçməsinə baxmayaraq 1595-ci ildə moriskoların həqiqi mənada xristian olmamalarının səbəblərindən biri inkvizisiya məhkəmələrinin tətbiq etdiyi zülm və işgəncə idi”. Hərçənd bu zülm və işgəncə onları sadəcə zahirən xristian kimi görünməyə vadar etsə də, reallıqda isə öz dinlərini (İslamı) yaşamağa davam etmişdilər. İslamdan dönməyən moriskolar, bu işkəncə və zülm olmasaydı, yəqin ki, nəinki dindən dönmək, daha rahat bir şəkildə İslamı yaşayardılar.
O dövrün qaydalarına görə, inkvizisiya məhkəmələrində yalnız xristianlar mühakimə oluna bilərdi. Moriskolar isə xristian deyil, müsəlman idilər. Belə olan halda onların inkvizisiya məhkəmələrində mühakiməsi üçün keşişlər tərəfindən toplu halda üzərlərinə su səpilir, beləcə zorla vaftiz edilirdilər.

İngilis rəssam Edwin Longun Qranadada müsəlmanların toplu halda vaftiz edildiyini əks etdirən rəsmi
Müsəlmanların qarşısına iki seçim qoyulmuşdu. Onlar ya vaftiz olub ölkədə qalacaq, ya da ölkəni tərk edəcəkdilər. Əslində belə bir seçimlə qarşı-qarşı qoyulmaları tamamilə aldadıcı idi. Ölkəni tərk etmə şərtini yerinə yetirmək demək olar mümkün deyildi. Çünki ölkəni tərk etmək istəyənlərin gəmiyə minə biləcəkləri yeganə ünvan Biskay körfəzindəki limanlar idi. Xristianların əsl hədəfi moriskoların dinlərini dəyişdirmələri və səmimi xristian olmaları idi. 

Moriskoların ölkəni tərk edə bilmələri üçün müəyyən edilən limanları göstərən xəritə
Əslində Moriskolar Cəbəlüttariq boğazının sahillərində gəmilərə minsəydilər, 20-30 km enindəki boğazı keçərək müsəlman torpaqlarına, Şimali Afrikaya ayaq basa bilərdilər. Hətta bu yolla kütləvi köç də mümkün idi. Ancaq Biskay körfəzindən dənizə açılmaq moriskoların gedə biləcəkləri müsəlman torpaqlarından çox uzaq idi. Həmçinin Biskay körfəzindən başqa bir yol seçərək ölkəni tərk etmənin cəzası isə mallarının müsadirə edilməsi və ölüm idi. Moriskolara qoyulan digər şərtə görə, ölkəni tərk edərkən 14 yaşından kiçik oğlan, 12 yaşından kiçik qız uşaqlarını xristian tərbiyəsi almaları üçün xristian ailələrə vermələri lazım idi. Bir sözlə, moriskolar üçün qoyulan şərtlər ölümlərdən ölüm bəyənmək kimi bir şey idi.
Kraliça İzabel köç etmə şərtlərini bu cür ağırlaşdıraraq əslində kütləvi köçlərin qarşısını almaq istəyirdi. Əgər kütləvi köçün qarşısını ala bilməsə, çalışqan, qabiliyətli və savadlı vətəndaşlar olan miroskolar ölkədən tamamilə çıxmış olacaqdılar.

Moriskolar ağır şərtlər altında İslamı necə yaşayırdılar?
Moriskolar bu vəziyyətlə bağlı Şimali Afrikadakı müftülərdən fitva istəmişdilər. Moriskoların bu vəziyyəti ilə bağlı Şimali Afrika müftülərinin verdiyi bir neçə fitva vardır. Yəhya əl-Vənşərisi 1484-cü ildə verdiyi bir fitvada “darul-hərbdən” “darul-İslam”a hicrət etməyin qiyamətə qədər məcburi olduğunu demişdir. Bu fitvaya görə, xristianların himayəsi altında yaşamağı qəbul etmək, bir mənada onların müsəlmanlardan üstün olduğunu qəbul etməkdir. Fəqihlərin piri olaraq qəbul edilən Əbul-Vəlid ibn Rüşd də “darul-hərb”dən “darul-İslam”a hicrət etmənin hər müsəlmana vacib olduğunu vurğulamışdır. Bu fitvaya görə, imkan taparaq ölkəni ta ilk başdan tərk edənlər olduğu kimi, arxada qalan yüzminlərlə insan bu və ya digər səbəbdən ölkəni tərk edə bilməmişdi. Qeyd edək ki, məşhur tarixçi və sosiologiya elminin banisi İbn Xaldun və onun ailəsi də məhz bu köç vaxtı İspaniyadan Şimali Afrikaya gələn moriskolardan idi.
Moriskolar haqqında 1504-cü verilən digər bir fitvaya görə isə, bir şəxsin canına və malına qarşı bir təhlükə yaranarsa, inancını gizləyərək əksini söyləyə bilərdi. Həzrət Peyğəmbərimiz (s.ə.s) Məkkədəki ilk illərdə belə bir icazəni məhz müsəlman olduğu üçün işgəncə görən Ammar ibn Yasirə verdiyi məlumdur.
Moriskoların taleyi ilə bağlı o dövrdə verilən fitvalardan biri də Şimali Afrikada yerləşən Vəhran (Oran) şəhərinin müftisi Əbu Cuma əl-Məğraviyə aid idi. Bu alim moriskoların təzyiq və təqib altında İslamı necə yaşaya biləcəkləri göstərmişdir. Həmçinin Əbu Cuma əl-Məğravi moriskolara müraciət edərkən “qurabə” (qəriblər) ifadəsini işlətmişdir. Fitvanın bəzi bölümləri belə idi:
“İslamın unudulmaması üçün moriskolar hər fürsətdə uşaqlarına dini bilgiləri öyrətməlidirlər. Xristianlar moriskoları ibadət etməyə çağıranda niyyətlərini gizli saxlayaraq onlara qoşula, təqib altında namaz qıla bilməyəndə isə göz işarəsi ilə namazlarını qıla bilərlər. Zəkat verərkən, Allah qəlblərdə olan niyyəti bildiyi üçün bir dilənçiyə cömərdlik edirmiş kimi vermək olar. Qüsl alanda ətrafdakı insanların şübhələnməməsi üçün bütün bədənlə dənizə girmək kifayətdir. Belə bir imkan olmazsa, namazlar təyəmmüm edilərək qılınar. Vaxtında qılınmayan namazların gecə vaxtlarında qəzası edilməlidir. Namaz vaxtlarında xristianlar sizdən kilsədəki heykəllərə tərəf ibadət etmənizi istəsələr, siz, qiblə fərqli yöndə olsa da namaza niyyət edin və qəlbən namazlarınızı qılın. Əgər içki içməyə məcbur edilsəniz, yalnız məcbur edildiyiniz miqdarda içə bilərsiniz. Donuz əti yeməyə məcbur edilsəniz, bunu qəlbən rədd edərək yeyin. Əgər bir morisko xristian qızla evlənməyə məcbur edilsə, buna qarşı çıxmayın. Çünki xristianlar əhli-kitabdandır və əhli-kitabdan qız almaq olar. Əgər morisko qızı xristianla evlənməyə məcbur edilsə, bunun qarşısını almaq üçün əlinizdən gələni edin. Faiz alma və ya verməni qəbul edin. Ancaq qəlbən inkar edərək faiz hissəsini zəkat olaraq fəqirlərə paylayın. Əgər inanmadığınız bir şeyi söyləməyə məcbur edilsəniz, bu söz eyni zamanda başqa mənaya gəlirsə, o mənada söyləyin. Dininizi inkar etməyi istəyərlərsə, sadəcə dilinizlə inkar edin. Qəlbinizdə dilinizlə söylədiyinizi rədd edin”.
Təbii ki, bu fitvalar ağır şərtlər altında yaşamalı olan, ölkəni tərk edə bilməyən moriskolara bu zərurət hallarına görə verilən bir rüxsət və icazədən ibarət idi. Əks halda normal bir vəziyyətdə bu kimi fitvaların verilməsi mümkün deyildi. Həmçinin belə bir ikili həyat yaşamaq insan fitrətinə də zidd məsələ idi.
Xristian idarəçiləri və xristian əhali moriskoların Şimali Afrikadakı din alimlərindən fitvalar aldıqlarını və ona görə hərəkət etdiklərini bilirdilər. Buna görə də moriskoların həqiqi bir xristian olmayacaqlarını anlamış, ona görə də onları İspaniya torpaqlarından sürgün etmə fikrini ortaya atmışdılar.

Sürgün prosesində təxminən yarım milyona yaxın morisko İspaniyanı tərk etmək məcburiyyətində qalmışdı.
Moriskoların əvvəlki dinlərinə (İslama) aid ibadətlərini evlərində yerinə yetirib- yetirmədiklərini yoxlaya bilmək üçün evlərinin qapılarını həmişə açıq buraxmalı idilər. Beləcə hər kəs moriskolarla bağlı nə görsə, inkvizisiya məhkəməsinə xəbər verə biləcəkdi. 1567-ci ildən etibarən tətbiq edilməyə başlanan kral fərmanı ilə moriskoların uşaqları ailələrindən alınaraq xristian ailələrə verilməli və orada yetişdirilməli idilər.
Valensiya şəhərinin baş rahiblərindən olan Juan de Ribera moriskoların "islah edilməsi", xristian cəmiyyəti ilə daha yolagedən bir həyat yaşamaları üçün bir proqram hazırlamış və tətbiq etməyə başlamışdı. Əslində burada “yolagedən” olmaqdan məqsəd sadəcə olaraq xristian dininə keçmək idi. Burada artıq birgə yaşamdan, çox mədəniyyətlilikdən söhbət gedə bilməzdi. Moriskoların uşaqlarının həkimlik kimi xalqa təsir edən peşə və ixtisaslarda təhsil alması da qadağan edilmişdi. Bu gün belə əksəriyyəti istifadə edilən 200-dən çox tibbi alət və ədəvatın ixtiraçısı və ilk dəfə istifadə edəni olan Əndülüslü məşhur cərrah Zəhravinin övladlarına həkim olmaq, tibb elmini öyrənmək qadağan edilmişdi. Bu səbəblə də əksər morisko ticarət, dülgərlik və s. işlərlə məşğul olmağa başlamışdı.
Ümid heç vaxt tükənmirdi…
Moriskolar əslində bu vəziyyətin keçici olduğunu düşünür, dövrün ən güclü müsəlman dövləti olan Osmanlının onları xilas edəcəyinə inanırdılar. Əndülüsdə zorla xristianlaşdırma prosesi başlayanda Osmanlı dövlətində II Bəyazid (1481-1512) hakimiyyətdə idi. Moriskolar hər fürsətdə İslam dövlətlərinə xəbər göndərir, yardım istəyirdilər. II Bəyazid Əndülüslülərin bu yardım tələbinə konkret və həll edici mənada cavab verə bilməmiş, Kastilya kraliçası İzabelə məktub yazaraq müsəlmanlara qarşı edilən bu zülmün dayandırılmasını istəmişdi. Sonrakı illərdə isə məşhur Osmanlı dəniz komandanı Barbaros Xeyrəddin Paşa (1478-1546) gəmilərlə İspan sahillərinə göndərilərək müsəlmanların qismən Şimali Afrikaya köçürülməsi təmin edilmişdi.
İspanların moriskoları Osmanlının potensial casusu olaraq görmələri, onlara qarşı tədbir almaları və onları sürgün etmələri İspan siyasətinin bir parçası halına gəlmişdi. Ancaq bu siyasətdə tərəddüdlər yaşanır, moriskoların yerini doldura biləcək başqa bir sosial təbəqə olmadığı üçün Ferdinand və sonrakı digər bütün krallar sürgün məsələsində qərarsızlıq içərisində idilər. Osmanlı dövlətinin Balkan yarımadasında və Aralıq dənizində apardığı savaşlara, həmçinin Vyana mühasirəsinə başının qarışması Preney yarımadasında böyük dramların yaşanmasına səbəb olmuşdu.
Səbəbi nə olsa da aralarında Osmanlı dövlətinin də olduğu dövrün müsəlman dövlətləri Əndülüsə gərəkli yardımı edə bilməmiş, edilən yardımlar da yetərli olmamışdı. Bununla da Əndülüsdəki son İslam dövləti Nasirilər xristian krallıqların əlinə keçmiş, beləcə də İspaniyada tək din (katoliklik) və tək dövlət əsaslı siyasət yeridilmişdir.

Yazının bu bölümünü əslən livanlı olan fransız yazıçısı Amin Maalufun (1949-) bir sözü ilə bitirmək istəyirəm. Amin Maaluf İspaniyada müsəlmanlara, yəhudilərə və katolik məzhəbindən başqa xristianlığın digər bütün qollarına qarşı aparılan işgəncə, zülm və assimilyasiya siyasəti ilə bağlı maraqlı bir təsbiti var. Xristianlıq içərisində azlıq təşkil edən, əsas kilsələri Livanda olan, Avropada isə ümumiyyətlə bilinməyən Maruni məzhəbinə mənsub olan Amin Maaluf belə demişdir: “Xristianlıq içərisində belə bir dini azlığın mənsubu olaraq var olmağı və bu inancı davam etdirməyi müsəlman coğrafiyasında yaşamağımıza borcluyuq. Əgər marunilər olaraq xristianlığın qəlbi olan bir Avropa ölkəsində olsaydıq, böyük ehtimalla, assimilyasiyaya məruz qalacaq, yox olub gedəcəkdir”.

Mövzuya davam edəcəyik…

Nazim Mustafayev

Qeyd: Yazının hazırlanmasında Henry Charles Leanın “İspanya Müslümanları. Hıristiyanlaştırılmaları ve Sürülmeleri” başlıqlı kitabından istifadə edilmişdir.

DİGƏR XƏBƏRLƏR

Top