Avropada şərqin incisi: Kordova məscidi


Kordova məscidi İspaniyada Əndülüs Əməvi Dövləti zamanında inşa edilən ən görkəmli məsciddir. Məscid, Əndülüs Əməvi Dövlətini quran I Abdurrahman tərəfindən inşa edilməyə başlanmışdır. Əməvi xanədanına mənsub olan I Abdurrahman (əd-Daxil ləqəbi ilə də tanınır) Əməvi xilafətinin çöküşündən sonra Abbasilərin təqibindən qaçaraq Əndülüsə, Kordovaya gəlmiş, məhz bu səbəblə də inşa etdirdiyi məscidin Abbasilərin yeni paytaxtı Bağdaddakı məscidlərdən daha görkəmli və ehtişamlı olmasını istəmişdi. Məscidin inşasında I Abdurrahman özü də işləmiş, daş daşımışdı. Kordova məscidi İraq, Suriya və şərqin bir çox yerindən gətirilən inşaat materialları və dəyərli daşlarla bəzədilmişdi. Məscidin ilkin inşası 10 ildə tamamlanmışdır. Ancaq Kordova məscidinin bugünkü hala gəlib çatması üçün 205 illik bir zamana ehtiyac olacaqdı.
Yeniavaz.com xəbər verir ki, ilk inşa ediləndə 75 metr enində, 100 metr uzunlğunda olan Kordova məscidinin kəmərlərində qırmızı və ağ mərmərdən istifadə edilmişdir. Daha sonrakı hökmdarlar tərəfindən müxtəlif əlavələr edilərək məscid ehtiyaca görə böyüdülmüşdür. Bu əlavələr məscidin ilk şəklinə uyğun memarlıq üslübunda aparılmışdır. Bu əlavələrdən sonra məscid 175 metr uzunluğa, 134 metr genişliyə sahib olmuşdur. Dünyada ən çox sütuna sahib olan məscid Kordova məscididir. Bu məscid Əndülüs Əməvi memarlığı ilə bağlı mükəmməl bir nümunə hesab edilir.

3D formatında hazırlanmış bu videoda Kordova məscidinin ilkin halından günümüzə qədər keçdiyi mərhələləri izləyə bilərsiniz.


Kordova məscidinin dövrlərə görə böyüdülmə planı

Yuxarıdakı şəkildə Vəzir Mənsur (938-1002) dövründə Kordova şəhərinin qala divarları, Vadil-Kəbir çayı üzərində tikilən “Kantara” köprüsü, Kordova məscidi və şəhərin digər tikililəri əks olunub.

Pakistanın milli şairi və İslam mütəfəkkiri Muhamməd İqbal (1877-1938) özünün “Kordova məscidi” şeirində məscidin sütunlarının saysız olduğunu vurğulamış, onları Şam yaylasındakı ucsuz-bucaqsız xurma meşəsinə bənzətmişdir. Həqiqətən də məscidin inşasında istifadə olunan çox sayda sütun insana xurma meşəsini xatırladır.

Kordova məscidi şəhərdəki digər tikililərdən sahəsinin genişliyi, sağlamlığı və gözəl görünüşü ilə bariz bir şəkildə fərqlənir. Kordova məscidinin inşası müsəlmanlar tərəfindən digər şəhərlərin fəthində olduğu kimi burada da fəthdən sonra görülən ilk iş idi. Şəhər fəth ediləndə məscidin yerində Saint Vincet kilsəsi mövcud olub. Daha əvvəl isə burada Roma tanrısı Yanus adına tikilən bir məbəd var idi. Miladi 572-ci ildə bu məbədin yerində Vestqotlar tərəfindən Saint Vincet adı ilə bir kilsə inşa edilmişdi.

Əndülüs, paytaxtı Şamda olan Əməvi xilafətinin bir vilayəti olub və buradan göndərilən valilər tərəfidən idarə edilən dövrlərdə (Valilər dövrü) şəhərin mərkəzindəki bu kilsə iki hissəyə bölünmüş, yarısı xristianların, yarısı da müsəlmanların ibadət etmələri üçün ayrılmışdı. 30 il ərzində xristianlar və müsəlmanlar eyni binanın fərqli bölümlərində ibadət etmişlər. İlk dövrlərdə xristianlarla ortaq istifadə edilən bu məkan müsəlman əhalinin artması ilə əlavə binalar tikilətək genişləndirilmişdir.

Əməvi sülaləsinə mənsub I Abdurrahman Əməvi xilafəti dağıldıqdan sonra Abbasilərin təqibindən qaçaraq Kordovaya gəlmiş və burada Əndülüs Əməvi dövlətini qurmuşdu. Onun dövründə yuxarıda haqqında danışılan həmin bu kilsə şəhərdəki xristianlarla anlaşaraq sökülmüş və yerində Kordova məscidi inşa edilmişdir. Onu da qeyd edək ki, Kordova məscidi inşa olunacaq məkanın xristianlardan alınması üçün I Abdurrahman xristianlara 200000 (iki yüz min) dinar vermişdi. Həmin dövrdə məscidin inşası üçün xərclənən pulun miqdarı isə 80000 (səksən min) dinar idi. Məscid inşası üçün xərclənən pulun iki mislindən çoxu məscidin yerinin xristianlardan alınması üçün xərclənmişdi. Bu məbləğlə xristianlar özləri üçün 3 ədəd balaca kilsə inşa etmişdilər. Bir dövlət qurucusu olaraq I Abdurrahman, ya da ümumiyyətlə müsəlmanlardakı bu ədalət anlayışı idi ki, yarımadada hakim güc olsalar belə məscid tikəcəkləri məbləğin iki mislini bu məkanın alınması üçün xərcləmişdilər.

Kordova məscidi Əndülüs müsəlmanları üçün mühüm ziyarət yeri olmuşdur. Əndülüs tarixi ilə bağlı qaynaqların qeyd etdiyinə görə, kordovalılar və bütün əndülüslülər üçün Qədr gecəsində burada təşkil edilən mərasimlərin müstəsna yeri var idi. Hər il Qədr gecəsində Əndülüsün hər yanından insanlar axın-axın buraya gəlir və təşkil edilən dini mərasimdə iştirak edirdilər. Daha sonra öz şəhərlərinə qayıdanda Kordova şəhərinin və Kordova məscidinin gözəlliyindən danışırdılar. Əndülüs şairləri Kordovanın dörd xüsusiyyətinə görə digər şəhərlərdən üstün olduğunu söyləmişlər. Bunlar paytaxt Kordovanın yaxınlığındakı Mədinətuz-Zəhra adlı saray-şəhər, Vadil-Kəbir çayının üzərindəki Kantara körpüsü, Kordova məscidi və buradakı elmi fəaliyyət idi. Bunlar Kordova şəhərinin simvol və nişanələri hesab edilirdi.

Tarixçi Əhməd əl-Makkari (1582-1632) Əndülüslə bağlı qələmə aldığı əsərində Kordova məscidindən də bəhs edir. O, bu məsciddə 7425 ədəd lampa və qəndil olduğunu, ilin normal günlərində axşam vaxtları bunların yarısının yandırıldığını, Ramazan ayında, bayram günlərində və digər mübarək gecələrdə isə bütün bu lampa və qəndillərin yandırıldığını qeyd edir. Lampa və qəndillərin yanması üçün ildə 24000 okka (təxminən 30 ton) zeytun yağı sərf edilirdi. Həmçinin məsciddə daim gözəl qoxunun olması üçün hər il 120 okka ənbər (okeanların müxtəlif yerlərindən toplanan gözəl qoxu verən maddə) və öd ağacı yandırılırdı.
Kordova məscidinin ən gözəl hissəsi mehrabı və minbəridir. Mehrab at nalı şəklindədir. Minbər isə bir çox fil dişi parçalarından, dəyərli daşlardan və qızıldan istifadə edilərək hazırlanmışdır.

Kordova məscidinin bənzərsiz mehrabına, mehrabın yaxınlığındakı iki mərtəbəli kəmərlərə sahib sütunlarına və qübbəsinə yuxarıdakı videodan baxa bilərsiniz.
Əndülüs Əməvi xəlifəsi II Hakəm Kordova məscidini Bizansdan dəvət etdiyi sənətkarlara bəzətmişdir. Kordova məscidinin mehrabının üzərindəki və tavanındakı mozaikalar, rəngli daşlar və keramik lövhələrlə işlənmiş naxışlar ogünkü Bizansın paytaxtı Konstantinopoldan gətirilmişdir. II Hakəmlə dövrün Bizans İmperatoru Nikeforos arasında dostluq əlaqələri mövcud idi. Bizans İmperatoru Nikeforos, gəmilərlə 320 ton şüşə parçasını və mozaika ustalarını Kordovaya göndərmişdi. Əndülüs sənəti, Abbasi və Bizans sənəti ilə bir harmoniya meydana gətirmiş və bu bənzərsiz sənət əsəri ortaya çıxmışdır.

Kordova məscidinin mehrabı İslam tarixində bir otaq şəklində olan ilk mehrabdır. Balıqqulağına bənzər möhtəşəm qübbəsi ibadət edənlərin mehrab içində oxunanları aydın bir şəkildə eşitməsi üçün bir akustika vəzifəsi görürdü.

Ehtiyaca görə və 200 illik zaman dilimində Əndülüsdə xəlifə və əmirlər tərəfindən məsciddə əlavə və artırmalar edilmişdir. Məscidin son halında sütun sayısı 1093-ə çatmışdır. Əndülüs Əməvi Dövləti süquta uğradıqdan sonar Kordova məscidi 200 ildən çox müddətdə heç bir dəyişiklik edilmədən ispanlar tərəfindən kilsə olaraq istifadə edilmişdir. Daha sonra məscidin ortasından memarlıq və tarixi dəyəri yüksək olan bir çox sütun götürülərək yerində məscid memarlığı ilə heç uyuşmayan bir kafedral inşa edilmişdir. Kafedral inşa edildikdən sonra məsciddəki sütunlardan 856 ədədi ayaqda qala bilmişdir. Qeyd edək ki, Əndülüs Əməvi dövlətinin yıxılmasından sonra məscid içərisində inşa edilən kafedralın bu inşa müddəti məscidin ehtişamını kölgədə buraxmaq istəyən kardinalların dini təzyiqləri ilə daim uzadılmışdır. Beləcə Əndülüsün yıxılmasından sonra Kordova şəhərini ələ keçirən Kastilya hökmdarları tərəfindən məscid içərisində kafedralın inşa müddəti iki əsrdən çox müddətdə müxtəlif memarlar tərəfindən davam etdirilmişdir.

Kordova məscidinin həyətində edilən dəyişiklikdən biri də məscid girişindəki kəmərlərin arasına kilsə memarlığına uyğun olaraq içərini qaranlıq etmək üçün divar hörülməsidir. Yuxarıdakı şəkildə kəmərlərin arasına hörülmüş divarları görmək olar.
Kordovada şəhərin ortasında keçən Vadil-Kəbir (İspan dilində: Guadalquivir) çayının kənarında tikilən Kordova məscidi dünyanın ən böyük və ən qədim məscidlərindən biridir. Əndülüs Əməvi dövlətinin paytaxtı Kordova şəhərində 600 məscid var idi. Bunlardan ən görkəmlisi və memarlığı ilə seçiləni Kordova məscidi olub. Vədil-Kəbir çayının kənarındakı və təməli I Abdurrahman tərəfindən atılan məscid 1984-cü ildə UNESCO tərəfindən dünya mirası elan edilmişdir. On il sonra da dünya mirası elan edilən sahə qədim şəhərin böyük hissəsini əhatə edəcək şəkildə genişləndirilmişdir.
Məscidin memarlıq quruluşunun əsasını sütunlar və at nalına bənzər kəmərlər təşkil edir. Bu sütun və kəmərlər hündür tavanı daşıma funksiyası icra etməklə yanaşı, eyni zamanda bir bəzək və dekorasiya vəzifəsi də icra edir.

Günümüzdə həm xristian krallıqlar dövrünə aid, həm də Əndülüs dövrünün izlərini bu tikilidə görmək olar. Bununla yanaşı bugünkü tikili Kordova məscidinin xüsusiyyətlərini böyük ölçüdə qoruyub saxlamışdır. Kordova məscidinə İspanlar “La Mezquita” adını vermişlər. Bu söz kök etibarilə “Məscid” kəliməsindən gəlir. Bu o deməkdir ki, bu bina məscid adını daşıyır və onu ziyarət edənlər bir kilsəni deyil, İslam mədəniyyətinin şah əsəri olan bir məscidi ziyarət edirlər.

Kordova şəhəri dövrün digər mədəniyyət və elm mərkəzləri ilə müqayisə edildiyi kimi Kordova məscidi də müsəlman aləmindəki digər tarixi tikililərlə müqayisə edilir. Müəyyən aspektlərdən Kordova məscidi həm İstanbuldakı Ayasofyaya, həm də Əməvi xilafətinin paytaxtı olan şamdakı Əməvi məscidinə bənzədilir. Gəlin bu bənzərliklərə biraz nəzər yetirək…

Ayasofya həm İslam, həm də xristian aləmi üçün simvoluk bir dəyərə sahibdir. Eynilə Kordova məscidinin də həm müsəlmanlar, həm də xristianlar üçün daşıdığı mənalar var. Ayasofya müsəlmanların gözündə, ümumiyyətlə Osmanlı tarixi boyunca İstanbulun fəthinin simvolu hesab edilmişdir. Şəhər qılınc gücü ilə fəth edildiyi üçün qılınc haqqı olaraq şəhərin bu qədim və nəhəng tikilisi Ayasofya fəthdən sonra məscidə çevirilmişdir.

Kordova məscidi isə bu gün fəthin deyil, İberiya yarımadasında 800 illik İslamın varlığından, Əndülüs Əməvi dövlətinin süqutundan sonra Əndülüsün xristianlar tərəfindən yenidən geri alınmasının simvolu halına gəlib. Bunun bariz nümunəsi kimi də Əndülüsün süqutundan sonra Kordova məscidinin kilsə olaraq istifadə edilməsi, daha sonrakı əsrlərdə də məscidin tam ortasında məscidin memarlığı ilə uyuşmayan bir kafedralın inşa edilməsini göstərmək olar.

Hazırda böyük bir hissəsi muzey, bir hissəsi isə kilsə kimi fəaliyyət göstərən Kordova məscidini müsəlmanlar yenidən məscid, xristianlar da özləri üçün tarixi əhəmiyyət daşıyan Ayasofyanı bir məscid və ya muzey kimi deyil, kilsə olaraq görmək istəyirlər.
Müxtəlif illərdə İspaniya kralı və Müqəddəs Roma imperatoru olmuş V Karl (1500-1558) (digər adı ilə İmperator Şarlken) başlanğıcda Kordova məscidinin kilsəyə çevirilmə işinə qarşı çıxmışdı. Ancaq ətrafındakı kardinalların təzyiqi ilə 1523-cü ildə məscid içərisində kafedral tikilməsinə icazə vermişdi. Rəvayətə görə, V Karl işlər qurtardıqdan sonra buranı ziyarət eləmiş, ancaq burada tikilən kilsədən heç xoşu gəlmədiyinə görə belə bir işə icazə verdiyi üçün peşman olmuşdu.
Muhamməd İqbal bəlkə də Kordova məscidinin mömin səcdəsinə həsrət qalmış bu qərib halını görərək “Kordova məscidi” şeirini qələmə almışdır. M. İqbal bir şair ədası ilə şeirində minlərcə dəfə ah çəkir, əsrlərdir Kordova səmalarının əzan səsinə həsrət qaldığını, İslamı buraya təkrar gətirəcək ordunun harada qaldığını sual edirdi.

Şair və bir İslam mütəfəkkiri olan Muhamməd İqbal 1931-ci ildə Əndülüsdə Kordova məscidini ziyarət etmişdi. Bu gün də müsəlmanların ibadətinə bağlı olan və artıq Əndülüsün süqutundan bu yana əsrlərdir kilsə kimi fəaliyyət göstərən Kordova məscidində Muhamməd İqbala buraya gəlişi münasibətilə namaz qılmağa icazə verilmişdi. Məscidin ona verdiyi dərin emosional hisslər onun "Kordova məscidi" adlı şeirində öz əksini tapır. Əsrlər boyunca Əndülüs Əməvi dövlətinin paytaxtı olmuş bir şəhərin əsas və ən böyük məscidinin bu gün məscid olaraq deyil, kilsə (kafedral) olaraq istifadə olunması müsəlmanların İberiya yarımadasındakı məğlubiyyətinin bir simvoluna çevirilib.

Aparılan araşdırmalardan aydın olur ki, Kordova məscidi indiki halından daha işıqlı və görkəmli olub. Məscidin içərisində kafedral inşa ediləndən sonra günəş şüalarının içəriyə daxil olmasında böyük rol oynayan bir çox qapı və pəncərələr bağlanıb. Bu da işıq şüalarının məscid tikiləndə nəzərdə tutulan şəkildə məscidə daxil olmasına mane törədir. Məscidin 20 qapısı var idi. Bu gün bu qapılardan 17-si divarla bağlanıb, 3-ü isə açıq buraxılıb. Bunun əksinə sonradan məscid içərisinə inşa edilən kafedralın işıqlandırılmasına isə xüsusi önəm verilib. Bilmirəm buna zorakı gözəllik əldə etməyə çalışmaq demək olarmı? Hələ Avropanın bir hissəsi qaranlıq dövrlərini yaşayanda müsəlmanlar tərəfindən Avropanın digər bir ucunda, Kordovada belə bir sənət və memarlıq əsəri olan məscid inşa edilmişdi. Məscidin içərisinə sənət və memarlıq baxımından uyuşmayan bir kafedral inşa edilmə fikrini haqq etməyən bir üstünlük yarışına girmək kimi də dəyərləndirmək olar. Hərçənd xristian krallıqlarının birləşməsi ilə yarımadada müsəlmanların varlığına son verilmişdi. Ancaq arxada buraxılan səkkiz əsrlik bir İslam mədəniyyətinin izlərini silmək, ya da bu mədəniyyət mirasının səviyyəsinə çatmaq mümkün olmamışdı.

Kordova məscidinin önəmini anlamaq üçün Kordova şəhərindən də bəhs etmək lazımdır. Bu şəhər VIII əsrin əvvəlində İslam fəthləri ilə bir müsəlman şəhərinə çevrilmişdir. İlk illərdə fəth edilən Əndülüs torpaqları, o cümlədən Kordova şəhəri Əməvi xilafətinə bağlı bir valilik idi. Bu valiliyin mərkəzi də Kordova şəhəri idi. VIII əsrin ortalarında Əndülüs Əməvi dövləti qurulundan sonra Kordova şəhəri də bir valilik mərkəzi deyil, dövlətin paytaxt şəhəri oldu. X əsrin əvvəlindən etibarən Əndülüs hökmdarları “xəlifə” ünvanı alanda bu zaman Kordova şəhəri də xilafət mərkəzi halına gəlmişdir. Bu dövrdə Kordova şəhəri həm İslam dünyasının, həm də Avropanın ən mühüm şəhərlərindən biri olmuşdur.

Kordova şəhəri, üç səmavi din olan Yəhudilik, Xristianlıq və İslamın müqəddəs məkanlarının olduğu Qüds şəhəri, Qədim dünyanın ən böyük şəhərlərindən biri olan Babil, Qədim Yunan mədəniyyətinin mərkəzi olmuş Afina, Roma İmperiyasının paytaxtı olmuş Roma şəhəri və Osmanlı dövlətinin paytaxtı olmuş İstanbul ilə müqayisə edilir. Adı çəkilən bu şəhərlər mədəniyyətlərin inkişaf edib ortaya çıxdığı şəhərlər olduğu kimi Kordova şəhəri də İslam mədəniyyətinin ən güclü və ən mühüm qollarından biri olan Əndülüsün İslam mədəniyyətinin formalaşmasında mühüm bir rola sahib idi. Avropada o dövrdə Kordova ilə müqayisə edilə biləcək başqa bir şəhər yox idi.

Şərq və qərb dünyası arasında körpü rolunu oynamış Əndülüs İslam mədəniyyətinin daha yaxşı anlaşılmasında Kordova şəhərinin önəmi danılmazdır. Kordova sacədə İslam mədəniyyəti üçün deyil, insanlığın ortaq mədəniyyət mirası baxımından da mühüm mərkəz olmuşdur. Özünə məxsus dəst-xətti ilə seçilən, memarlıq üslubu ilə göz oxşayan Kordova məscidi məhz belə bir elm və mədəniyyət mərkəzi olmuş bir şəhərdən geriyə qalmış xatirə və tarixin yaddaşıdır.

Digər İslam dövlətlərində olduğu kimi Əndülüsdə də əmir və xəlifələrin ən mühüm vəzifələrindən biri paytaxt şəhərin ən böyük məscidində, misal üçün Kordovada Kordova məscidində Cümə namazı qıldırmaq olmuşdur. Bununla yanaşı, bu vəzifəni xəlifənin öz əvəzinə təyin etdiyi xüsusi şəxslər də icra edirdilər. Əndülüsdə ordunun yola salınması, ya da qarşılanma mərasimi yenə Kordova məscidində keçirilirdi. Ordu savaşdan zəfərlə qayıdanda Kordova məscidində bir mərasim keçirilir və bayraqlar məsciddən asılırdı.

Valters İncəsənət Muzeyində sərgilənən bu əsər 1880-cı ildə rəssam Edvin Lord Viks tərəfindən çəkilib. Rəsmdə Kordova məscidinin bənzərsiz mehrab hissəsi və mehrabın önündə oturan insanlar təsvir edilib. Onu da qeyd edim ki, bu yazını hazırlayarkən belə bir rəsmlə qarşılaşsam da rəssamın burada nəyi anlatmaq istədiyini tam yəqinləşdirə bilmədim.

Kordova məscidində olduqca mükəmməl səs akustikası var. Məscidin hər yerində səs eyni dərəcədə yayılır. Kordova məscidi Əndülüs Əməvi dövlətinin paytaxtında inşa edildiyinə görə bura həm də ölkənin mərkəzi məscidi idi. Yəni dövlət başçıları üçün beyət burada alınır, cihad qərarı kimi böyük hadisələr Kordova məscidinin minbərindən elan edilir, qanunlar xalqa buradan bildirilirdi. Bura eyni zamanda həm Əndülüsün, həm də Avropanın ən mühüm universiteti idi. Həm dini, həm də dünyəvi elmlərlə bağlı ən yüksək təhsili burada almaq olardı.

Kordovada çox sayda xristian və yəhudi yaşasa da, əhalinin böyük hissəsi müsəlmanlardan ibarət idi. Kordova məscidinin böyüklüyü və burada namaz qılanların sayı bu mövzuda bizə müəyyən bilgilər verir. 990-cı ildə (hicri 380) burada cümə namazı qılanların sayı 50000-ə çatmışdır. Bu vəziyyət Kordovadakı müsəlman əhalisinin ümumi sayı ilə bağlı mühüm bir göstərici hesab edilir. Onu da nəzərə almalıyıq ki, Kordovada bu məsciddən başqa daha 600 məscid mövcud idi.

Miladi IX əsrdən etibarən Əndülüsdəki elmi fəaliyyət öz meyvələrini verməyə başlamışdır. Belə ki, bu dövrdən etibarən Əndülüs müsəlmanları digər İslam ölkələrini təqib etmə mərhələsini keçərək müstəqil bir Əndülüs elm ənənəsi formalaşdırmışdılar. Bu proseslərə bağlı olaraq Kordova şəhəri elmi fəaliyyət baxımından Abbasi xilafətinin paytaxtı Bağdad şəhəri ilə yarışırdı. Bu minvalla bir çox Əndülüs alimi şərqdəki alimlərdən daha üstün məziyyətlərə sahib olmuşdur. O dövrlərdə İslam dünyasında elm mərkəzi olaraq Kordova şəhəri Mədinə, Bağdad və Qahirə kimi şəhərlərlə birgə anılırdı. Alimlər Kordova məscidində dərs demək üçün bir-biri ilə yarışırdılar.

Digər məscidlərdə dərs deyərək elmi üstünlüklərini isbat etmiş alimlər Kordova məscidində dərs vermək üçün haqq əldə edirdilər. Bu vəziyyət Kordova şəhərinin və Kordova məscidinin digər Əndülüs şəhərləri ilə müqayisədə elmdəki üstünlüyünü göstərirdi.

X əsrdə Kordovaya gələn avropalı tələbələr içərisində Fransa kralı IV Luisin qızı Elizabet rəhbərliyində bir qrup da var idi. Kral Filip isə vəzirinin nəzarətində 215 qız və oğlandan ibarət tələbəni təhsil almaları üçün Kordovaya göndərmişdi. Həmçinin İngiltərə kralı II Georq qardaşının qızı Dubantın da aralarında olduğu bir qrup qız tələbəni Kordovaya təhsil almaları üçün göndərmişdi. Müqəddəs Roma imperatoru I Böyük Otto isə Jean Kortez rəhbərliyində bir elm heyətini 953-cü ilə Kordovaya göndərmiş, ərəb dili və təbiət elmlərini öyrənmələrini istəmişdi.

Avropada tərcümə hərəkatının öncülərindən olan rahib Gerbert de Oraliac 967-970-ci illərdə Kordovada qalmış və Kordova məscidində təhsil almışdır. Bu şəxs daha sonra I Silvester adı ilə papa (Katolik xristianların dini lideri) olmuşdur.

Kordova məscidində verilən təhsilin müəyyən bir müddəti yox idi. Dərs deyən müəllimin icazət verməsi ilə tələbə dərsi tamamlamış sayılırdı. İstəyən bir şəxs də bir dərs halqasını tərk edərək digər dərs halqasında iştirak edə bilirdi. Tələbə üçün olduqca əlverişli və sərbəst bir elm öyrənmə mühiti formalaşdırılmışdı. Bir şəxsin Kordova məscidində dərs deyə bilməsi isə o dərslə əlaqəli icazətin alınmasına bağlı idi. İcazətlə bağlı belə bir məcburiyyət, bəzi tədqiqatçılara görə, Avropada, ümumiyyətlə bugünkü dünyada bir çox hallarda diplom tələb olunmasının ilham qaynağı olmuşdur.

Əndülüs Əməvi dövlətində məscidlər daim elm mərkəzi olaraq mədrəsələrin funksiyasını icra etmiş, bu səbəblə də mədrəsələrin ortaya çıxmasına ehtiyac duyulmamışdır. Kordova məscidində verilən elm və təhsilin səviyyəsi dövrün digər elm mərkəzləri olan Qahirədəki İslam dünyasının ən qədim elm ocağı Əzhər universiteti və Bağdaddakı Nizamiyyə mədrəsəsi ilə müqayisə ediləcək dərəcədə yüksək səviyyədə idi. Bu səbəblə tədqiqatçılar Kordova məscidində verilən təhsilin xüsusiyyətini diqqətə alaraq buranı Kordova universiteti, ya da Kordova mədrəsəsi adlandırmışlar.

Söz bura gəlmişkən haşiyəyə çıxaraq qeyd edək ki, Kordova məscidi məgər indiki halı ilə də bir universitet deyilmi? Tarixdən ibrət almaq istəyənlər üçün Kordova məscidi bir universitet olaraq bizə kim bilir nələr, nələr söyləyir?.. Yetər ki, biz o deyilənləri anlayaq… Əndülüsün düşüşündən əvvəlki Mulukut-Təvaif (Əmirliklər) dövründə müsəlmanların xırda dövlətçiklər halına gələrək yarımadada bir-biri ilə çəkişmələri, sosial və siyasi güclərini itirmələrinə səbəb olmuşdur. Aşağıdakı ayə açıq və aydın bir şəkildə bu vəziyyəti anladır: “…Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz…” (Ənfal, 8/46).

Kordova məscidi erkən dövr qərb İslam memarlığının şah əsəri olmaqla yanaşı, özündən sonrakı bir çox məscid və kilsənin memarlığında ilham mənbəyi olmuşdur. Kordova məscidinin memarlıq üslubu, ümumilikdə isə Əndülüs İslam memarlığı xristian hakimiyyəti illərində də Mudəccən (Mudəjar) sənət olaraq davam etmiş, sarayların, kilsələrin tikilməsində öz təsirini göstərmişdir.


Şamdakı Əməvi məscidi, Tunisin Qayrəvan şəhərindəki Seydi-Uqba məscidi və İspaniyanın Kordova şəhərindəki Kordova məscidi həm tarixi əlaqələr, həm daşıdıqları memarlıq üslubuna görə sənət tarixçiləri tərəfindən bir-birinə bənzədilir.

Bəzi sənət tarixçiləri Kordova məscidinin iki mərtəbəli kəmərlərini tarixi Roma su kəmərlərindən, bəzi sənət tarixçiləri isə Şam Əməvi məscidinin iki mərtəbəli kəmərlərindən ilham alınaraq hazırlandığını qeyd edir. Digər bir görüşə görə, qədim Roma tikililərindən alınan sütunların hündürlüyü orta yüksəklikdə idi. Bu sütunlar üst-üstə qoyularaq iki mərtəbəli kəmərlər əldə edilmiş və beləcə də məscidin tavanı istənilən hündürlükdə tikilmişdir. Tikilən bu qeyri-adi kəmərlərin ilham qaynağı hər hansı bir tikili olsa da, məsciddə tətbiq edilən bu metod başqaları tərəfindən təqlid edilməsi mümkün olmayacaq şəkildə dəqiqlik, incəlik və memarlıq dühası ilə inşa edilmişdir.

Kordova məscidini xüsusilə də sütun və dirəkləri arasındakı nala bənzər tağlarına görə Tunisin Qayrəvan şəhərində inşa edilən Seydi-Uqbə məscidinə bənzədirlər. Qeyd edək ki, Seydi-Ukbə məscidi Afrikanı fəth edən Ukbə ibn Nafinin adı ilə bağlıdır. Qayrəvan şəhərini məhz Ukba ibn Nafi qurdurmuşdur. O, hələ İspaniyanın (Əndülüsün) fəthindən əvvəl atını Atlantik okeanına sürərək dənizlərin digər tərəflərini fəth etmək fikrini gündəmə gətirmiş, bir mənada gələcəkdə fəth olunacaq İberiya yarımadası (Əndülüs) üçün fikri və mənəvi öndərlik etmişdir.


Sənət tarixçiləri Kordova məscidinin günümüzə qədər gəlib çatan at nalına bənzər kəmərli mehrabını Şimali Afrika Əməvi memarlıq izlərinin Əndülüsdəki təsirləri olaraq görürlər.
Kordova məscidi Avropanın geri qalan qismində o dövrdə inşa edilən bütün tikililərdən üstün məziyyətlərə sahib idi. O günlərdə Əndülüs müsəlmanları ilə Abbasi xilafəti rəqabət içərisində idi. Daha əvvəl qeyd edildiyi kimi, I Abdurrahman da Abbasi xilafətinin təqiblərindən qaçaraq İberiya yarımadasına gəlmişdi. Kordova məscidinin möhtəşəmliyini və bir sənət abidəsi olaraq inşa edilməsini bu tarixi rəqabət və meydan oxumanın bir parçası hesab etmək olardı.
  
Nazim Mustafayev
 
 Qeyd: Yazının hazırlanmasında https://tez.yok.gov.tr/UlusalTezMerkezi/ saytında yerləşdirilən aşağıdakı elmi işlərdən istifadə edilmişdir:
“KURTUBA VIII-XIII. YÜZYILLAR”, Şevket Yıldız, Uludağ Universitesi, Bursa 2008,
“KURTUBA ULU CÂMİİNİN TEZYİNATINA GENEL BAKIŞ”, Feyza Yıldırım, Fatih Sultan Mehmet Vakif Üniversitesi, İstanbul 2019.
Yazıda istifadə edilmiş digər linklər:
https://islamansiklopedisi.org.tr/kurtuba-ulucamii
https://www.kelambaz.com/kurtuba-caminin-huzunlu-hikayesi/
https://www.wannart.com/avrupanin-gobeginde-bir-dogu-incisi-kurtuba-camii/

DİGƏR XƏBƏRLƏR

Top