Moriskoların İspaniyadan sürgün edilməsi - 2


Yazının əvvəlini buradan oxuya bilərsiniz…
Xristian ispan birliyi ölkə daxilində yüz ildən çox missionerlik fəaliyyəti ilə məşğul olsa da, moriskoları (müsəlmanları) assimilyasiya etmə məsələsində istədikləri nəticələri əldə edə bilməmişdilər. Ancaq müsəlmanlar yüz ildən artıq müddətdə dinlərinə gizli şəkildə bağlı qalmalarının bədəlini ağır ödəmişdilər. Misal üçün, tarixi qaynaqlarda Maria de Gabriel adındakı müsəlman morisko qız namazda oxunacaq surə və duaları bilmədiyini söyləyirdi. Bunun yerinə hər səhər “Rəbbim Allahdır. Muhamməd (s.ə.s) Onun Peyğəmbəridir. Qurani-Kərim rəhbərim, Kəbə qibləmdir” deyirdi. Əksər morisko artıq etdiyi duaların mənasını anlamırdı. Dini qaynaqları oxuya bilmədiklərinə görə, həmçinin fəqihlərin ya həbsə atıldıqları, ya da öldürüldükləri üçün dini bilgiləri öyrədəcək insanlar da qalmamışdı. İnkvizisiya məhkəmələrinə boyun əyməmək və bildiklərini doğru bir şəkildə söyləməməyin cəzası “auto da fé” adı verilən bir mərasimlə yandırılmaq idi.

Yeniavaz.com xəbər verir ki, İzabel və Ferdinand çoxəsrlik birgə yaşam təcrübəsindən vaz keçərək İspaniyada xristian katolik birliyini təsis etmə cəhdləri sözsüz ki, cəmiyyətdə qütbləşmələrə səbəb olmuşdu. XVI - XVII əsrlərdə ispanların moriskolara qarşı tətbiq etdiyi bu təcrid və assimilyasiya siyasəti sadəcə dini savaş deyildi.

Şimalda güclənməyə başlayan Almanlarla mübarizədə daxildə protestantlara qarşı aparılan mübarizə, ingilislərlə rəqabət içərisində olmaları və hər an İspaniyaya hücum etmə ehtimalı olan Aralıq dənizi və Avropadakı Osmanlı təhdidi ispanları Vatikan ilə çox yaxın əlaqələr qurmağa sövq eləmişdi. Onlar müxtəlif xarici təhdidlərə qarşı güclü bir onurğa və daxili güc qazanmaq üçün katolik ispan birliyi meydana gətirməyə çalışırdılar. Bu anlayış içərisində bir moriskoya Osmanlı casusu, bir protestanta alman casusu, bir yəhudiyə ingilis, Osmanlı, ya da Fransa casusu gözü ilə baxırdılar.

Yuxarıdakı film fraqmentində İspaniyada katolik ispan birliyinin təsis edilməyə çalışıldığı dövrlərdə xristianlığın protestant qoluna mənsub şəxslərin inkvizisiya məhkəməsinin qərarı ilə yandırılma səhnəsi verilmişdir. Qeyd edək ki, həmin dövrlərdə bu və buna bənzər digər cəzalar həm protestantlara, həm moriskolara (müsəlmanlara), həm də yəhudilərə tətbiq edilmişdir.

İnkvizisiya məhkəmələri və gizli şahidlik
O dövrdə inkvizisiya məhkəmələrinin çalışma mexanizmlərindən biri gizli şahidlik idi. Hər bir şəxs, istər yeni, istər köhnə xristian olsun, inkvizisiya məhkəmələrinin qadağan etdiyi feil və əməlləri xəbər vermək məcburiyyətində idi. İnkvizisiya məhkəmələrinə xəbər daşıyan bu gizli şahidlər yeri gələndə moriskoların qonşuları, hətta ev əhlindən yaxın qohumları da ola bilərdi. Xəbər verənlərin qorxmadan rahat bir şəkildə özlərini ifadə edə bilmələri üçün inkvizisiya məhkəməsi bu kimi xəbər gətirənlərin kimliyini çox ciddi şəkildə gizli saxlayırdı.

Bəzən aralarında düşmənçilik olan şəxslər də bir-birilərini günahlandırmaq üçün inkvizisiya məhkəməsinə xəbər daşıyırdılar. Bu vəziyyət bilindiyi halda inkvizisiya məhkəmələri günahlandırılan şəxslərə yenə də cəza verirdi. Onlar, bədəndə olan xərçəngi yox edərkən sağlam hüceyrələrin də zərər görməsi kimi, moriskoların iftiraya qurban getdiklərini, günahsız yerə cəza verdiklərini bilirdilər. İnkvizisiya məhkəmələri, “od olmayan yerdən duman çıxmaz” məntiqi ilə hərəkət edir, əgər ittiham varsa, günahın da olduğunu düşünürdülər. Bu düşüncə tərzinə görə inkvizisiya məhkəmələrinin əsas hədəfi xəbər verilən moriskoların bu günahlarını etiraf etmələrini təmin etmək idi. Belə bir etiraf isə ümumiyyətlə işgəncə altında alınırdı.
İnkvizisiya məhkəməsinin qəbul etdiyi və dəlil olaraq istifadə etdiyi “gizli şahidlik” sistemi İspaniyada sosial həyatda öz mənfi təsirlərini verirdi. Bu tətbiqatlar İspaniyada insanların bir yerdə və güvən içində yaşamalarına ciddi zərbələr vurmuşdu. “Gizli şahidlik” sisteminin cəmiyyətdə yayılması ilə moriskolar, qonşuluqda yaşayan xristianları onları inkvizisiya məhkəməsinin pəncəsinə təslim etmək üçün çalışan bir casus kimi görməyə başlamışdılar. Bu səbəblə moriskolar, başqalarının yanında müsəlmanlıq əlaməti olaraq qəbul edilən hər hansı bir söz və davranışdan çəkinirdilər. Onların özlərini bu cür tamamilə gizləmələrinə “Kripto-İslam” (gizli müsəlmanlıq) adı verilmişdir.

Evlər məscid olur…
Moriskoların gündəlik həyatlarını, gizli yaşanan İslam və açıq yaşanan xristianlıq olmaq üzrə ikiyə ayırmaq olar. Hələ morisko dövrünün başlamadığı, Ferdinandın Qranada şəhərini təslim alanda verdiyi sözlərin keçərli olduğu dövrlərdə müsəlmanların məscidləri işlək vəziyyətdə idi. Ancaq vaxt keçdikcə krallar sözlərindən döndülər və məscidlər bağlanaraq kilsə halına gətirildi, amma İslamda məscidin funksiyası ilə xristian katolik dünyasındakı kilsənin icra etdiyi funksiyalar eyni deyildi. Məhz bu məqam hakim qüvvənin işini çətinləşdirirdi. Belə ki, İslama görə evlərdə də ibadət etmək mümkün idi. Sadəcə həftənin müəyyən günləri kilsələrə gələn moriskoların ümumi həyatlarını nəzarət altında saxlamaq mümkün deyildi. İspan əsilzadəsi olan Araqon amiralı Sancho de Cardona bir məscidi təmir etdirərək öz himayəsində işləyən moriskoların istifadəsinə vermişdi. Kilsəni ən çox narahat edən məsələlərdən biri moriskoların gizli şəkildə İslamı yaşamaqla yanaşı digər xristian əhalini də İslama dəvət etmələri idi.
Bir şəxs inkvizisiya məhkəməsi tərəfindən saxlanılanda onun bütün mal varlığı müsadirə edilirdi. Bu şəxsin adətən üç il davam edən məhkəmə prosesi sona çatana qədər ailəsi ilə görüşməsi mümkün deyildi. Bu müddət ərzində nə ailəsi ondan, nə də o, ailəsindən xəbər ala bilirdi. Həbsdəki xərcləri də müsadirə edilən mallarının satılması ilə qarşılanırdı. Nəticədə inkvizisiya məhkəməsi tərəfindən ittiham edilən moriskolar həbsdən çıxanda bütün mal varlığını itirmiş olurdular.

Moriskoların müdafiə metodları…
Moriskolar inkvizisiya məhkəmələrində cəzalarını yumşaltmaq məqsədilə ittiham edildikləri suçları müəyyən bir dövrdə etdiklərini, gizli müsəlman olaraq yaşamalarının keçmişdə qaldığını və artıq səmimi xristian olduqlarını deyirdilər. Moriskoların digər bir müdafiə metodu isə etdikləri əməllərə bəhanələr tapmaları idi. Misal üçün, məhkəmə qarşısında sünnət olmanın səhhət baxımından faydalı olduğunu, donuz əti yeməyə öyrəşmədikləri üçün yemədiklərini qeyd edirdilər. Ancaq ibadətlə bağlı məsələlərdə inkvizisiya məhkəmələri bu kimi bəhanələri qəbul etmirdi.
Moriskolar mədəniyyət və folklor məsələləri ilə bağlı məhkəməyə gətiriləndə söylədikləri bəhanələrə göz yumulurdu. Həmçinin qəsd olmadan və şüursuz bir şəkildə əvvəlki dinlərinə (İslama) tabe olduqlarına qane olsalar, daha yüngül cəza verirdilər. Misal üçün, morisko bir qadına cənazə mərasimi ilə bağlı İslama aid bir ayin və ya əməli davam etdirdiyi üçün ona yüngül cəza verilmişdi. Ancaq kişi bir morisko namaz qılmasını və oruc tutmasını sadəcə olaraq maraq səbəbilə etdiyini söyləsə də ona daha ağır cəza vermişdilər. Moriskoların digər bir müdafiə metodları (bəhanələri) isə onların xristian dini ilə bağlı bilgilərinin az olması idi, yəni, dediklərinə görə, xristian dininə aid bilgiləri az olduğu üçün əvvəlki dini qaydaları yerinə yetirirdilər.

Nə üçün xristian əhali moriskolardan çəkinirdi?
Xristianları təşvişə salan məqamlardan biri morisko (müsəlman) əhalisinin xristianlara görə daha çox artması idi. Hətta keşişlər belə öz aralarında moriskoların “dovşanlar” kimi artdığını danışırdılar. Xristianlar, moriskoların güclənmələrindən, bir güc halına gəlmələrindən qorxurdular. Həmçinin moriskoların türklərlə (Osmanlı dövləti ilə) əlaqə qurma imkanları da xristianları qorxuya salır, onları narahat edirdi. Keşişlər, müsəlmanlar İspaniyada var olduqları müddətcə ispanların rahat yaşaya bilməyəcəklərini deyirdilər. O dövrdə baş verən təbii fəlakətlər, yayılan vəba xəstəliyi və qıtlığın səbəbi olaraq da yenə moriskolar göstərilirdi. Onların ölkəni tərk etməsi ilə də hər şeyin gözəl olacağına, bərəkətin geri dönəcəyinə inanırdılar.
Səmimi bir xristian olduğunu iddia etmək və elə də çox olmayan dini ayinləri xristianlarla birlikdə icra etmək müsəlman ovuna çıxan inkvizisiya məhkəmələri üçün artıq yetərli deyildi. Zorla içki içirmək, ya da donuz əti yedirmək, Həzrət Peyğəmbərimizə (s.ə.s) (haşa) küfr etmələrini tələb etmək, gecə, ya da səhər namazı üçün evlərində hərəkətlilik olub-olmadığını sorğulamaq onların metodlarından bəziləri idi. Moriskolarla bağlı ötən yazıda qeyd edildiyi kimi, bu ağır şərtlərlə bağlı moriskolar dövrün alim və müftilərindən suallar soruşmuş və həmin suallarla bağlı fitvalar verilmişdir. Həmin fitvalarının orijinal nüsxələri günümüzə qədər gəlib çatmışdır.

Moriskoların sürgün edilməsini gecikdirən amillər nələr idi?
Moriskoların sürgün edilməsindən sonra yaranacaq boşluğun necə doldurulacağı hələ ilk gündən mübahisə mövzusu idi. Əhalinin ən təhsilli və bacarıqlı təbəqəsini təşkil edən moriskoların yoxluğu ilə meydana gələcək vergi gəlirlərinin düşüşünü yenidən təmin etmək üçün ən az beş ilə ehtiyac olduğu təxmin edilirdi. Moriskoların tərk edəcəyi ev və ərazilərin dövlət tərəfindən müsadirə edilməsi yaranacaq bu boşluğu doldurmaq üçün həll yolu kimi düşünülmüşdü.
Rekonkista hərəkatının (xristian ispan krallıqları tərəfindən Əndülüs torpaqlarının müsəlmanların əlindən alınması) başlaması ilə ispanların ən çox sıxıntı çəkdikləri məsələ günün tələblərinə cavab verən təhsilli, bacarıqlı insanların əskikliyi, (günümüzün ifadəsi ilə) kadr çatışmazlığı idi. Sahib olduqları zəngin dünya görüşləri, xarici dünya ilə əlaqələri, həmçinin dövrün şərtlərinə görə yüksək səviyyədə iş görən, mədəni və savadlı təbəqə müsəlmanlardan (moriskolardan) ibarət idi. Xalq arasında qəbul edilmiş bir qayda var idi ki, əgər bir işin ustası müsəlmandırsa, o işin keyfiyyətinə şübhə edilməz. Bir sözlə, moriskolar iqtisadi həyatın əsas sütunu və onurğasını təşkil edirdilər. Sürgün məsələsinin bu qədər uzanmasının, onları sürgünə göndərə bilməmələrinin əsas səbəbi məhz bu idi. Moriskolar hər cür ərazinin, əkin sahələrinin alqı-satqısında, kirayə verilməsində, ya da ortaqlıq qurularaq işlədilməsində ixtisaslı kəslər idilər. Avropanın böyük bir hissəsində sərflər (torpaqla birlikdə alına və satıla bilən kölələr) qarın toxluğuna əkin sahələrində işləyəndə, moriskolr əraziləri böyük torpaq sahiblərindən kirayə götürür, xristian işçiləri də günəmuzd üsulu ilə həmin tarlalarda işlədirdilər.
Müsəlmanlar siyasi hakimiyyət xristian krallıqlara keçəndən sonra da İspaniyada həm daxili bazara yön verən bir mövqeyə sahib, həm də idxalat və ixracat məsələlərində ispanlardan daha uzaqgörən idilər. Müsəlmanların (moriskoların) Preney yarımadasının xaricindəki dünya ilə əlaqələri üst səviyyədə idi. Bir tərəfdən Şimali Afrikaya köçürülmüş müsəlmanlarla davam edən əlaqələr, digər tərəfdən Osmanlı coğrafiyası ilə ticarət əlaqələri moriskoları beynəlmiləl bir səviyyəyə daşımışdı. Bu əlaqələr səbəbi ilə moriskolar həmişə şübhələri üzərlərinə çəkmiş olsalar da, müxtəlif növ ədviyyat məhsullarından zinət əşyasına qədər ticarətin bütün sahələrində aktiv idilər. Həmçinin moriskolar yəhudilər kimi yalnız ticarətlə məşğul olmur, eyni zamanda Preney yarımadasında istehsala da böyük töhfələr verirdilər. Əkin və heyvandarlıq moriskoların əlində idi. Bütün bunlar göz önünə gətiriləndə belə bacarıq və imkanları olan moriskoları İspaniyadan sürgün etmək çox çətin idi. Bir sözlə, 1492-ci ildən 1614-cü ilə qədər bir əsrdən uzun müddətdə sürgünün tam mənada reallaşa bilməməsinin arxasında yatan səbəblərdən biri də moriskoların, kralların rahat bir şəkildə vaz keçə bilməyəcəyi bir bacarıq və keyfiyyətdə olmaları idi.

Ancaq feodal torpaq sahibi vassallar, moriskoların sürgün edilməsi ilə iqtisadi problemlərin ortaya çıxacağını deyərək bu qərara qarşı çıxmışdılar. Ancaq papanın moriskoların bütün mülklərini onlara vermə vədi ilə onlar da sürgün qərarı ilə razılaşdılar. Matthew Carr “Kan ve İman, İslami İspaniyanın tasfiyesi 1492-1614” adlı əsərində sürgün qəraqından sonra təxminən 300000 moriskonun sürgün edildiyini qeyd edir.

Moriskoların ölkə iqtisadiyyatına verdiyi töhfələrə görə onlardan faydalanmaq, həm də onları zorla xristianlaşdıraraq bölgədə bir mənada həbs həyatı yaşatmaq uğursuzluğa məhkum olacaq bir siyasət idi. İspanlar yalnız iqtisadi cəhətdən güclənərək moriskolara ehtiyacları qalmadığını anlayanda onları sürgün etmişdilər.
1609-cu ildən 1613-cü ilə qədər davam edən sürgün prosesi Valensiyadan (Beş əsr İslam hakimiyyəti altında qalan və bu gün İspaniyanın üçüncü böyük şəhəri) başladı. Kralın 1609-cu ildə verdiyi fərman ilə 3 gün ərzində Valensiya şəhərindəki bütün müsəlmanlar Şimali Afrikaya sürgün ediləcək, qarşı çıxanlar isə öldürüləcəkdi. Bu fərmana görə, 6 yaşından kiçik uşaqlar ailələrindən alınaraq xristian ailələrinə veriləcəkdi. Təxminən 130000 valensiyalı müsəlman gəmilərə mindirilərək Şimali Afrikaya göndərildi. Daha sonra isə Qranada, Kastilya və Araqon bölgələrindəki müsəlmanlar köçürülmüşdü.

İspan rəssam Pere Oromigin moriskoların Valensiya limanından çıxışını təsvir edən rəsmi. Rəsmdə yer alan əsas detallardan biri morisko bir atanın xristian ailəyə buraxmaq məcburiyyətində qaldığı uşağı ilə vidalaşması əks olunub.
1609-1613-cü il sürgünündən sonra artıq Əndülüs yox olmuş, yerinə İspaniya gəlmişdi. Ancaq bu yox olma heç bir vaxt tam mənası ilə gerçəkləşmədi və elə görünür ki, gerçəkləşə bilməyəcək. Bu gün hələ də İspanıyanın kənd bölgələrinin mətbəxində, adət-ənənələrində, toy mərasimlərində İslamın izlərini görmək olar. Bugünki İspaniyada Andalucia əyalətinin milliyyətçi sakinləri arasında Əndülüs və morisko ifadələrini tez-tez eşitmək olar. Bu gün ata-babalarının morisko mənşəli olub-olmadığını bilmək istəyənlərə soy ağaclarını araşdırma imkanı verilir. Blas İnfante Vəqfi (Fundación Blas Infante) bugünkü İspaniya torpaqlarında Əndülüs mədəniyyətinin tanıdılmasında mühüm rolu var.
 
Mövzuya davam edəcəyik…  
 
Nazim Mustafayev 
 
Qeyd: Yazının hazırlanmasında Şükran Bektaş Konukun Əskişəhər Osmanqazi Universitetində qələmə alınan, “Batılı Kaynaklara Göre Endülüste Moriskolara Yönelik Engizisyon Uygulamaları (1492-1614)” başlıqlı elmi işindən istifadə edilmişdir.

DİGƏR XƏBƏRLƏR

Top