İnkvizisiyanın caynağındakı moriskolar


Moriskolarla bağlı yazının əvvəlki bölümlərinə buradan baxa bilərsiniz…
Müsəlmanların Preney yarımadasını (İspaniyanı) fəth etmələri ilə buralardan sürgün edilmələri arasında təxminən 800 illik bir dövr vardır. Səkkiz əsr elə də az müddət deyil. Bugünkü İspaniya tarixinin 500 ildən çox olmadığını nəzərə alsaq, görərik ki, Preney yarımadasında İslamın varlığı ispanlardan daha uzun müddət davam etmişdir. Əlbəttə, səkkiz əsrlik zaman diliminə sadəcə siyasi hakimiyyət demək olmaz. Bu müddət ərzində, şübhəsiz ki, müsəlmanlar yerli xristianlarla qarşılıqlı əlaqələr qurmuşdular.
Yeniavaz.com xəbər verir ki, müsəlmanlar İspaniyada zəngin bir mədəniyyət qurmuş və buraya nə vaxtsa getmək niyyəti ilə deyil, qalıcı olaraq gəlmişdilər. Əks halda bir yerdə səkkiz əsr qalmaq və orada zəngin bir mədəniyyət qurmaq mümkün olmazdı. Həmçinin bugünkü İspaniya torpaqlarında həyatın hər sahəsinə nüfuz etmiş bir mədəniyyəti bir gündə ortadan qaldırmaq qeyri-mümkün idi.
Əndülüslə bağlı araşdırmaları ilə tanınan Akif Əmrənin ifadəsi ilə: “Hər nə qədər bu gün İspaniya xristian katolik olsa da, günlük həyata nəzər yetirəndə hələ də çox ciddi bir şəkildə Əndülüs mədəniyyətinin təsirlərini bir çox sahədə görmək mümkündür”.
Xristian krallıqlar İspaniyada siyasi hakimiyyəti tamamilə əllərinə alandan sonra İslamdan və müsəlmanlardan kənar yeni bir kimlik inşa etmək istədilər. Təbii ki, bu böyük bir soyqırım, təcrid və sürgünün yaşanması mənasına gəlirdi. Necə ki, belə də olmuşdu.
İspanların yeni bir kimlik inşa etmələri böyük bir faciə ilə nəticələnmişdi. Preney yarımadasında müsəlmanların son şəhəri Qranadanın təslim olmasına qədər hadisələr normal seyrində cərəyan edirdi. Yəni yarımadada müsəlman şəhərləri bir-bir xristian krallıqların idarəsinə keçsə də, müsəlmanlar (xristian hakimiyyəti altında qalaraq öz dinlərini yaşamağa davam edən müsəlmanlara o dövrdə müdəccən deyilirdi) təzyiqlərə məruz qalmırdılar. Bu dövrlərdə müsəlmanlar bu coğrafiyanın sənət bacarığı ən yüksək olan, təhsilli, iqtisadiyyatı əllərində tutan yüksək sinfini təşkil edirdilər. Ancaq Qranadanın alınması ilə uzun illər boyu müsəlmanların idarəsində formalaşan sosial həyat yenidən və yeni bir kimlik arayışı ilə vəhşicəsinə dizayn edilməyə başlandı.

Xristian krallıqlar ilkin mərhələdə müsəlmanlara qarşı tətbiq etdikləri hər cür təzyiq, soyqırım və sürgün siyasətini yetərli görməmişdilər. Təzyiqin şiddəti gün getdikcə daha da artmış, müsəlmanların danışıq və ibadət dili olan ərəb dilinin qadağan edilməsi, geyim tərzinin dəyişdirilməsi, məscidlərin kilsəyə çevirilməsi, qısaca keçmişə aid bütün kodların silinməsi ilə nəhayət istədiklərinə nail ola bilmişdilər. Burada yaşanan hadisələr zalımlar üçün böyük bir təcrübə, məzlumlar üçün isə böyük bir faciədir.
Hardasa bütün qərb tarixçiləri müsəlmanların idarəsində olan dövrlərdə Preney yarımadasında ispanların üzərində hər hansı dini bir təzyiqin olmadığını qeyd edirlər. Burada daha çox xristianların müsəlmanlardan təsirlənmələrindən söhbət gedə bilərdi. Dövrün elm və ədəbiyyat tarixinə nəzər salanda bunu yerli xalqın geyimlərində belə müşahidə etmək mümkündür. Preney yarımadasındakı səkkiz əsrlik İslam təcrübəsi və müsəlmanların varlığını dövrün ispan siyasət adamları doğru oxuya bilməmişdilər. Yüksək bir mədəniyyətdən təslim aldıqları mükəmməl birgə yaşayış təcrübəsi məğrur qaliblərin qürurunun qurbanı olmuşdu.
Avropanın ən güclü və qədim qurumlarından biri kilsədir. Buna görə də kilsənin arxivlərindən inkvizisiya məhkəmələrində kimin hansı suça görə mühakimə edildiyi, hansı suça görə hansı cəzaların verildiyi və s. kilsənin arxivlərindən tapmaq olar.
İspaniyada xristian karallıqları dövründə moriskolara (dinlərini gizlətmək məcburiyyətində qalan və əsrlər boyu burada yaşayan müsəlmanlar) qarşı tətbiq edilən minlərcə təzyiq və zülmlərdən bəziləri belə idi… İzabel adlı bir morisko bacısınnın və anasının İslam dininin əmrlərinə uyğun yaşadıqlarını inkvizisiya məhkəməsinə xəbər vermədiyinə görə yandırılaraq öldürülmüşdür. Kurtubada yaşayan İzabel Perez adlı qadın Ramazan ayında oruc tutmaq üçün sahur yeməyinə qalxdığı üçün inkvizisiya məhkəməsində mühakimə edilmişdi. Həmçinin dövrün ispan yazarları inkvizisiya məhkəmələrinə xəbər daşımayan moriskoların “pis xasiyyətli” şəxslər olaraq qəbul edildiyini və onların aforoz edilmiş kafirlər olaraq yandırıldıqlarını qeyd edirlər.
Cəzalandırılanlar arasında sahur yeməyinə qalxdığına görə inkvizisiya məhkəməsində mühakimə olunan Kurtubalı Juan Herrador adlı bir şəxs də var idi. Tuleytulada üzüm becərdiyi və bunlardan şərab emal etdiyi halda şərab içməməklə ittiham olunaraq inkvizisiya məhkəməsinə gətirilən başqa bir morisko da bu misallar arasındadır. Hətta, “bismillah” demək müsəlmanlığın bir işarəti olaraq qəbul edildiyi üçün məhz bu səbəbə görə bir çox morisko inkvizisiya məhkəmələrində mühakimə olunmuşdur. Juan Grande adlı bir şəxs işə başlayarkən “bismillah” deməklə ittiham edilmişdir. Həmçinin Tuleytula şəhərində Juan de Burgos adlı morisko isə cümə axşamı evində yaxınlarını toplamaq və bu məclisdə Məğriblilərə,  (Şimali Afrikadan Preney yarımadasına gələn müsəlmanlara) xas  mahnılar söylədikləri və yenə Şimali Afrikaya məxsus buxarda bişən küsküs adlı yeməyi hazırlayıb yedikləri üçün mühakimə olunmuşdular.
Kilsənin təliminə görə, dünyaya gələn hər uşağın xristian adətlərinə görə günahlarından təmizlənməsi və kilsənin onları daha sonrakı həyatlarında mühakimə edə bilməsi üçün vəftiz edilməsi lazım idi. Bu məqsədlə morisko qadınların mamaça (doğuş zamanı kömək göstərməklə məşğul olan qadın) olmaları qadağan edilmiş, məhəllə keşişlərinə və vəzifəli şəxslərə doğum xəbərinin bildirilməsi məcburi hala gətirilmişdi. Buna əməl etməyənlərə isə pul cəzası verilirdi.
Aşağıdakı cədvəldə inkvizisiya məhkəmələri tərəfindən moriskolara aid edilən suçlar və verilən cəzalar göstərilmişdir:


Qeyd edim ki, yazıda istifadə edilən bu cədvəllər Əskişəhər Osmanqazi Universitetində Şükran Konuk tərəfindən hazırlanan “Batılı kaynaklara göre Endülüs'te Moriskolara yönelik engizisyon uygulamaları (1492-1614)” başlıqlı elmi işin 86-87-ci səhifələrindən götürülmüşdür.
Heç bir moriskoya Mursiyə, Belensiya, Qranada və ətraf bölgələrinə getmələrinə icazə verilmirdi. Bu şəhər və bölgələr dəniz sahili və ya dənizə yaxın yerlər olduğu üçün moriskoların buralardan xarici dünya ilə (Osmanlı və Şimali Afrika) əlaqə qurma ehtimalına görə bu qərar alınmışdı. Belensiyanın sahil bölgələrində yaşayan moriskoların ölkənin iç hissələrinə köçürülməsi də məhz bu səbəbə görə idi.
Moriskoların sadəcə sosial həyata dair dini ritual və ayinləri deyil, fərdi olaraq icra etdikləri ibadətlər də ciddi şəkildə nəzarət altında saxlanılırdı. Moriskolar yaşamış olduqları bu vəziyyəti dövrün Osmanlı sultanı II Bəyazidə göndərdikləri məktubda dilə gətirmişdilər. Həmin məktubda zorla din dəyişdirmək məcburiyyətində buraxıldıqlarını, Quran başda olmaqla İslama dair bütün kitabların məhv edildiyini, namaz qılanların və oruc tutanların atəşə atılıb yandırıldığını, haqsız bir şəkildə mallarının əllərindən alındığını, (haşa) Həzrət Muhammədə (s.ə.s) söyməyə məcbur edildiklərini, ölülərinin eşşək üzərində aparılaraq zibilliklərə atıldığını, uşaqlarına xristian əqidəsinin zorla öyrədildiyini, məscidlərinin zibillik halına gətirildiyini xəbər vermişdilər.
Moriskolar üçün ailədən başqa İslamı öyrənəcək hər hansı bir kanalın qalmamış olması, vaxt keçdikcə oxuduqları duaların mənasını bilmədən namaz qılmalarına səbəb olmuşdur. Vaxt ötdükcə namaz haqqında bildikləri yeganə məlumat, namazın atalarına aid bir ibadət şəkli olması idi. Moriskolarla bağlı yazının bundan əvvəlki hissəsində qeyd edildiyi kimi, Arcos bölgəsində yaşayan Maria de Gabriel adlı gənc morisko (müsəlman) qız İslama aid dini bilgilər bilmədiyi üçün səhər qalxanda, axşam yatanda və gündüz vaxtı bir neçə dəfə bu sözləri təkrar etmişdi: “Rəbbim Allahdır. Muhamməd Onun peyğəmbəridir. Quran rəhbərim, Kəbə qibləmdir”.
Moriskolar təzyiqlərə baxmayaraq sosial həyatda xüsusilə də dini kimliklərinin unutulmaması üçün ciddi mənada səy göstərmişdilər. Bu mənada kilsədə vəftiz edilən və xristian adları verilən uşaqlar evlərinə gətirildikdən sonra təmiz su ilə bütün bədənləri yuyularaq İslami adlar verilirdi. Moriskolar İslamın bir əlaməti olan və xristian krallıqları tərəfindən qadağan edilən oğlan uşaqlarının sünnət edilməsinə xüsusi əhəmiyyət verirdilər.
Bir sözlə namaz qılmaları, oruc tutmaları, ərəbcə danışmaları və yazmaları, oğlan uşaqlarını sünnət etmələri, başlarına, əllərinə və ayaqlarına xına yaxmaları, İslama aid olduqlarını göstərən paltar geyinmələri, Şimali Afrika adətlərini xatırladan toy etmələri, uşaqlarına İslami adlar vermələri, hamama getmələri qadağan edilən moriskolar sadalanan bütün bu ibadət, ayin və ya mərasimləri həm fərdi, həm də sosial həyatda gizli də olsa icra etməyə çalışmış, nəsildən-nəsilə ötürə bildikləri qədər bunları yaşam tərzi halına gətirmişdilər.
Bir insan və ya toplumun kimliyini təşkil edən əsas ünsürlərdən biri dindir. Moriskoların timsalında gördüyümüz kimi dini inanc və ibadətlərin günlük həyatda qadağan edilməsi, insanın bunları fərdi həyatından çıxaracağı mənasına gəlmir. Necə ki, moriskolar ağır təzyiqlər altında zahirən xristian olduqları halda, həqiqətdə isə müsəlman qalmağa davam etmişdilər. Bu səbəbə görə katolik ispan idarəçiləri moriskoları heç vaxt həqiqi katolik qəbul etməmiş, onları digər mədəniyyətə aid olduqları səbəbilə nəticədə Preney yarımadasının xaricinə sürgün etmişdilər (1609-1614).
Modern ispan tarixçiləri yaşanan hadisələri, əsrlər əvvəl İspaniyanı işğal etmiş ərəblərin gəldikləri yerə geri göndərilməsi kimi qələmə verirlər. Ancaq burada gözdən qaçan bir məqam var. Böyük bir ərazi olan Preney yarımadasında 800 illik İslam idarəsini sadəcə ordu və ya işğal gücü ilə qoruyub saxlamaq və davam etdirmək mümkün deyildi. Bu gün belə möhtəşəmliyi göz qabağında olan bir mədəniyyətin sadəcə işğalla davam etdirilməsi qeyri-mümkün idi. Bu o deməkdir ki, İspaniyadakı müsəlmanların əksəriyyəti mənşəcə ərəblər və bərbərlərdən ibarət olsa da, xalqın mühüm bir hissəsi vestqotlardan, yəni müsəlmanlar gəlmədən əvvəl orada yaşayan və artıq müsəlmanlaşmış yerli xalqdan ibarət idi. Buna görə də xalqın böyük qismi sürgünlə razılaşmır və İspaniyanı tərk etmirdilər. Araşdırmaçı Akif Əmrənin deyimi ilə: “Modern ispan tarixçilərinin əsas yanılqılarından biri: “Ərəbləri gəldiyi yerə göndərdik” tezisi idi. Əslində isə o torpaqların övladlarını sürgünə göndərmiş və qətl etmişdilər”.
Əndülüs mədəniyyətinə nəzər salanda görürük ki, yəhudilər, xristianlar və müsəlmanlar, yəni fərqli mədəniyyət, fərqli din və fərqli dillərə sahib insan topluluqları İslam idarəsi altında bir arada yaşama təcrübəsi əldə etmişlər. Misal üçün İslamın ilk yayıldığı orta şərqə baxsaq, burada günümüzdə də xristian ərəblərə, marunilərə, rumlara və digər din və millətlərə rast gələrik. Ancaq xristianlığın mərkəzi olan coğrafiyalarda belə bir hal ilə qarşılaşmırıq. Bu baxımdan Avropanın tarixən təkqütblü, qısqanc bir mədəniyyətə sahib olduğu qəbul edilmişdir. Əndülüsdə də ilk etdikləri şey, fərqli olanı kənarlaşdırmaq, yox etmək, ya da özünə oxşatmaq olmuşdur. Buna bariz nümunə kimi moriskoların başına gələnləri göstərmək olar.
 
Mövzuya davam edəcəyik…
 
Qeyd: Yazının hazırlanmasında Feridun Bilginin , “Katolik İspanyol İktidarında Endülüs  Müslümanları’nın Kimlik Mücadelesi:  Moriskolar Örneği” başlı elmi məqaləsindən, Hüseyin Gökalpın Səlcuq Universitetində (Konya 2010) qələmə aldığı “Sosyo-Kültürel Ve Dînî Açılardan Moriskoların Tarihi” başlıqlı elmi işindən və Əndülüslə bağlı araşdırmaları ilə tanınan Akif Emrenin “Endülüs Düştükten Sonra” başlıqlı yutubda yerləşdirilən (https://www.youtube.com/watch?v=ZXwR6OfQWW8) konfrans materiallarından istifadə edilmişdir.
 
Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top