Polis tərəfindən zorakılığa məruz qaldığını iddia edən şəxs həbs olundu


Polis tərəfindən zorakılığa məruz qaldığını iddia edən İsmayıl Qəhrəmanovla bağlı məhkəmə qərar çıxarıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, paytaxtın Binəqədi, Xətai, Nizami rayonlarında çoxsaylı oğurluq əməllərində şübhəli bilinən 1995-ci il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunan İsmayıl Qəhrəmanov barəsində məhkəmə qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib. 
"Cinayət Məcəlləsinin 177-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs barəsində cinayət işinin istintaqı Bakı şəhər Baş Polis İdarəsində aparılır", - deyə DİN-in məlumatında bildirilib.
Xatırladaq ki, daha əvvəl İ. Qəhrəmanovun polis tərəfindən məhkəmə zalından çıxarkən saxlanılmasını əks etdirən kadrlar yayılıb. Məhkəmə sərbəst buraxılması ilə bağlı qərar çıxardığı halda onun polis əməkdaşları tərəfindən yenidən saxlanılması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Daha sonra isə DİN məlumat yayaraq İ. Qəhrəmanovun oğurluqda ittiham olunduğunu açıqlayıb və məhkəmə istintaqı davam etdiyi üçün onun yenidən saxlanıldığı bildirilib. Qeyd olunub ki, məhkəmədəki çıxışında polis əməkdaşları tərəfindən İ. Qəhrəmanovun döyülməsi və təzyiqlər edilməsi ilə bağlı iddiaları üzrə xidməti araşdırma başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top