
Ermənistan hökuməti ABŞ Prezidenti Donald Trampın adını daşıyan “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində ilkin işlərə başlayıb.
Yeniavaz.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 2-də parlamentin daimi komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Paşinyan qeyd edib ki, layihənin növbəti mərhələlərinin təşkilini gözləmədən Ermənistan hökuməti öz təşəbbüsü ilə dəmir yolu, avtomobil yolu və elektrik xətlərinin layihələndirilməsi işlərinə başlayacaq.
“Biz vaxt itirmək istəmirik. TRIPP inkişaf şirkəti yaradılan kimi Ermənistan hökuməti tamamlanmış işləri ona təhvil verəcək”, - deyə baş nazir vurğulayıb.
Paşinyanın sözlərinə görə, TRIPP layihəsinin reallaşdırılması Ermənistanın 30 ildən artıqdır davam edən blokadadan çıxmasına imkan yaradacaq.
O bildirib ki, layihə Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində mövcud maneələrin aradan qaldırılmasına şərait yaradacaq.
Baş nazir eyni zamanda qeyd edib ki, bu, bütün infrastruktur layihələrinin TRIPP çərçivəsinə daxil ediləcəyi anlamına gəlmir.
Onun sözlərinə görə, layihəyə Nrnadzor (Nüvədi)-Karçevan dəmir yolu xətti, avtomobil yolu və elektrik xətləri daxil olacaq. Qaz və neft kəmərlərinin tikintisi ilə bağlı məsələlər isə sonrakı mərhələdə müzakirə ediləcək.
Tətbiqimizi yükləyə bilərsiniz