Biləsuvar polisi vətəndaşın şikayətinə baxmır? - Açıqlama


Bakı şəhər sakini Quliyeva Sitarə ona qarşı edilən dələduzluqla bağlı polisə etdiyi şikayətə baxılmadığını iddia edir.
Yeniavaz.com
-a  müraciət edən paytaxt sakini bildirir ki, həyat yoldaşı Şirinzadə Valeh Mayıl oğlu ötən ilin noyabr ayında Biləsuvarda bir nəfərlə dava edib və saxlanılıb. Məhkəmə prosesi davam edərkən isə o azadlıqda olub:
“Həmin vaxt daha əvvəl qonşumuz olan Biləsuvar sakini Hüseynov Simran İmamverdi oğlu gəlib bildirdi ki, hadisə Biləsuvarda olduğu üçün məsələni həll edə bilər. Daha sonra həyat yoldaşımla birlikdə Biləsuvar rayonuna yollandılar. Sonra S. Hüseynov zəng vurub dedi ki, işin həll olunması üçün pul lazımdır. Biz də 2 min 900 manat düzəldib ona verdik. Aprelin 16-sı yoldaşımın axırıncı məhkəməsi oldu. 1 il 5 ay iş verdilər. Deməli, Simran Hüseynov bu pulu aparıb özü xərcləyib, bizə qarşı dələduzluq edib”.
S. Quliyeva iddia edir ki, məsələ ilə bağlı aidiyyəti polis orqanına məlumat verib, lakin işə baxılmır.
“İşə Bakıda baxılmasını istəyirdim, lakin dedilər ki, o şəxs Biləsuvar sakinidir, ona görə də yönləndirdilər Biləsuvar Rayon Polis Şöbəsinə. Ötən ayın 18-də gedib Biləsuvarda ərizə yazdım. Amma müraciətimdən 1 aya yaxın müddət keçib, işə baxan yoxdur. Sonuncu dəfə bu gün – iyunun 7-də 102-ə bir daha müraciət etdim”.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Yeniavaz.com-a bildirib ki, həmin müraciət əsasında hazırda Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır:
“Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

DİGƏR XƏBƏRLƏR

Top