
ABŞ dövlət katibi Marko Rubio Prezident Donald Trampı mayın 11-dən 14-dək Səudiyyə Ərəbistanı və Qətərə müşayiət edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, səfərin məqsədi Birləşmiş Ştatların Körfəz ölkələri ilə əlaqələrini gücləndirmək və regional əməkdaşlığı dərinləşdirməkdir.
"Katib Rubionun yüksək səviyyəli rəsmilərlə görüşləri qlobal və regional çağırışlara cavab yollarını müəyyən etməyə, ikitərəfli ticarət və investisiyaları artırmağa və strateji tərəfdaşlığımızı təsdiqləməyə yönəlib", – deyə məlumatda qeyd olunur.
Rubio Yaxın Şərq turnesindən sonra mayın 14-dən 16-dək Türkiyənin Antalya şəhərində keçiriləcək NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısına qatılacaq. Görüşdə alyansın təhlükəsizlik prioritetləri, müttəfiqlərin müdafiə xərclərinin artırılması və Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması məsələləri müzakirə olunacaq.
“Bu ilin iyununda Haaqada keçiriləcək NATO Zirvəsinə hazırlıq çərçivəsində, dövlət katibi prezident Trampın NATO-nu daha güclü və effektiv etmək üçün müttəfiqlərdən ədalətli töhfə tələb edən gündəliyini irəli sürəcək”, – məlumatda vurğulanıb.