
“Ukrayna Rusiya ilə danışıqlar üçün görüşməyə hazırdır. Amma buna qədər Moskva mayın 12-dən atəşkəsi təsdiqləməlidir”.
Yeniavaz.com xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski teleqram kanalında Rusiya Prezidenti Vladimir Putinin İstanbulda birbaşa danışıqlar təklifinə cavab olaraq bildirib.
O, rusların müharibəni bitirmək barədə düşünmələrini yaxşı əlamət adlandırıb:
“Qətlləri bir gün belə davam etdirməyin mənası yoxdur. Biz gözləyirik ki, Rusiya sabahdan, mayın 12-dən etibarən atəşkəsi - tam, davamlı və etibarlı - təsdiqləyəcək və Ukrayna görüşə hazırdır”.
Xatırladaq ki, mayın 10-da Kiyevdə “qərarlılar koalisiyası” liderlərinin görüşü baş tutub. Fransa Prezidenti Emmanuel Makron, Almaniyanın yeni kansleri Fridrix Merz, Böyük Britaniyanın baş naziri Key Starmer və Polşanın baş naziri Donald Tusk Ukraynaya gəlib. “Qətiyyətlilər koalisiyası”nın görüşündən sonra Zelenski, Makron, Merts, Starmer və Task ABŞ Prezidenti Donald Trampa zəng edib. Danışıqlardan sonra Ukrayna mayın 12-dən başlayaraq ən azı 30 gün ərzində quruda, havada və dənizdə tam atəşkəsə hazır olduğunu bəyan edib.
Bundan sonra Putin Kiyev hakimiyyətinə 2022-ci ilin sonunda kəsdikləri birbaşa danışıqları ilkin şərt olmadan bərpa etməyi təklif edib. O, Kremldə jurnalistlərə açıqlama verərkən müvafiq təşəbbüslə çıxış edib. Danışıqlara mayın 15-də İstanbulda başlamaq təklif edilir.