NAZİM MUSTAFAYEV

Qurban paylarını maşından insanların üzərinə atmaq olarmı?

Qurban paylarını maşından insanların üzərinə atmaq olarmı?

NAZİM MUSTAFAYEV
Qurban bayramına təxminən 10-15 gün qalmış "Qurban ibadətinin mahiyyəti", "Qurban ibadətinin dini hökmü və şərtləri", "Qurban ibadətinin dini hökmü və şərtləri – 2", "Qurban ibadətinin dini hökmü və şərtləri – 3", "Qurbanlıq heyvan necə kəsilməlidir?", "Qurban kəsmək üçün maddi gücə sahib olmaq...", "Qurban əti necə paylanmalıdır?" və s. kimi mövzularda bir sıra yazılar hazırlamağa çalışdıq. Əlbəttə bu yazılarda Qurbanla bağlı bütün məsələlərin ən incə detalına qədər verildiyini demək olmaz. Ancaq yenə də dinimizin 2 bayramından biri olan Qurban bayramı münasibətilə faydalı və doğru bilgilər verməyə səy göstərdik.
Heç bir elmihal kitabında qurban paylarını ehtiyac sahibi insanlara verərkən onları aşağılamaq, aşağılayıcı hərəkətlərə yol vermək, qurban paylarını maşının üzərindən kim tutar-tutar deyərək atmaq olmaz deyə bir cümləyə rast gələ bilməzsiniz. Bilirsiz niyə? Çünki bu onsuz da normal və əxlaqi bir davranış deyil. Uca Allaha (c.c) yaxınlaşmaq niyyəti ilə kəsilən qurbanlıq heyvanın ətini insanları aşağılayıcı formada paylamaq ibadətin ruhuna xələl gətirən bir əməldir. Belə bir səhvə yol vermək olsa-olsa cahillikdən və iş bilməzlikdən irəli gəlir.
Sosial mediada, xəbər saytlarında Qurban bayramı günlərində Bakının hansısa bir yerində (videoya diqqətlə baxanlar anlaya bilər) maşının arxasına yığılmış qurban paylarının kobud və qeyri-peşəkar bir şəkildə paylanma videosu yayılmışdı. Qeyd edim ki, bu yazını məhz bu məsələyə görə qələmə almağa qərar verdim...

Videoya baxan hər bir insan istər-istəməz bu mənzərə qarşısında narahatlıq hissi keçirməyə bilməzdi. İnsanların əlləri göydə, “mənə ver, mənə ver” deyə qışqırır, maşındakılar da nə edəcəyini bilmədən ona-buna ət torbalarını sadəcə olaraq atırdılar. Qurban ətini bu cür paylama nə insanlığa, nə də İslama uyğun bir davranış idi. Burada “qurban əti paylama” ona görə deyirəm ki, yaşanan hadisə məhz Qurban bayramı günlərində cərəyan etmişdi.
Yuxarıda adını çəkdiyim yazılardan birinin adı: "Qurban ətləri necə paylanmalıdır?" şəklində idi. Maraqlananlar keçid vasitəsilə oxuya bilərlər. Hətta bu yazıda belə qurban ətlərini paylayarkən bu payları insanların üzərinə atmaq olmaz deyə bir cümlə keçmir. Çünki bu hərəkət onsuz da normal bir insanın edəcəyi hərəkət deyil. Bu məqamda sadəcə olaraq Allah Rəsulunun (s. ə. s): “Utanmadıqdan sonra istədiyini et”(Buxari, Ənbiya 54) hədisini yada sala bilərik.
Dünyanın istənilən yerində, ən imkansız bölgələrində, Afrikada həyat standartlarının olduqca aşağı yerlərində belə Qurban paylama işini elə təşkil etmək olar ki, bu zaman heç bir ehtiyac sahibi aşağılanmasın, başına göydən ət torbası düşməsin. Burada söhbət məhz təşkilatçılıqdan gedir. Əksinə Bakıda, ya da dünyanın hər hansı yerində bu məsələ iş bilməzlərin əlində elə bir hala gələr ki, kənardan baxanda heç anlamaq da olmaz ki, bu insanlar nə istəyir, niyə bir maşının arxasına doluşur, ümumiyyətlə orada nə paylanır?
Bilmirəm, bəlkə də bu kimi hadisələrə görə elmihal kitablarında İslam fiqh alimləri qurban ətini paylayanların, bu işə təhkim edilənlərin insanlara hörmətlə yanaşmalı olduqlarını onlarca, yüzlərcə dəlil gətirərək qeyd etməli olacaqlar. Burada nəticə olaraq Həzrət Əliyə (r.a) aid edilən: “Elm bir nöqtə idi. Cahillər onu çoxaltdı” sözünü xatırlada bilərik...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top