Qurban ibadətinin dini hökmü və şərtləri


Bəzi İslam alimləri Quranda Həzrət Peyğəmbərə (s.ə.s) ünvanlanan “Rəbbin üçün namaz qıl və qurban kəs!” (Kovsər, 108/2) əmrinin ümməti də, yəni bütün müsəlmanları da əhatə etdiyini qeyd edirlər. Həmçinin Həzrət Peyğəmbərimizin (s.ə.s) bir sıra buyruqlarında imkanlı insanların qurban kəsmələri əmr edilmiş, bir hədisdə də: “İmkanı olduğu halda qurban kəsməyən məclisimizə yaxınlaşmasın” (İbn Macə, Ədahi, 2; Əhməd ibn Hənbəl, Müsnəd, II, 321) demişdir. Digər bir hədisdə də: “Ey insanlar, hər il hər ev üçün qurban kəsmək vacibdir” (Tirmizi, Ədahi, 18; İbn Macə, Ədahi 2) buyurulmuşdur. Bununla bərabər Həzrət Peyğəmbərimiz (s.ə.s) qurban kəsmək ibadətini heç vaxt tərk etməmişdir. Bu dəlillərdən yola çıxan bəzi fəqihlər, İslam alimləri Qurban bayramı günlərində bir heyvanı qurban kəsmənin dini hökmünün vacib olduğunu qeyd edirlər. “Vacib” ifadəsi fərz sözü ilə eyni mənada, ya da fərzdən bir az aşağı dərəcəli dini bir hökmü ifadə etmək üçün işlədilir. Yəni bu görüşə görə qurban ibadəti müəyyən şərtlər yerində olduqdan sonra mütləq yerinə yetirilməsi lazım olan dini bir hökmdür.
Digər tərəfdən Qurban bayramı günlərində qurban kəsmənin sünnə olduğunu, yəni fərz və vacibdən daha aşağı səviyyəli bir dini hökm olduğunu deyən alimlər də vardır. Qurban kəsmənin dini hökmünün vacib deyil, sünnə olduğunu deyən alimlər də buna dəlil olaraq bu haqda Quranda açıq bir əmrin olmadığını, Həzrət Peyğəmbərimizin (s.ə.s) davamlı olaraq bu ibadəti etməsinin də ümmət üçün sünnə hökmünə keçəcəyini qeyd edirlər.
Qurban bayramında kəsilən qurbandan əlavə olaraq ibadət məqsədilə kəsilən digər qurban növləri də var. Bu mənada qurban növlərini aşağıdakı kimi sıralamaq olar: 1. Qurban bayramı vaxtı kəsilən qurban, 2. Nəzir qurbanı, 3. Əqiqə qurbanı, 4. Həcc ibadətini yerinə yetirənlərin (Qıran və Təməttu həcci edənlərin) kəsdiyi və hədy adlanan qurban, 5. Həcc ibadətini yerinə yetirərkən qadağalardan birinin pozulması halında tələb olunan cəza və kəffarə qurbanı. Qeyd edək ki, qurbanın bu növlərinin ortaq və fərqli hökmləri vardır.
Qurban kəsməklə bağlı ölən bir şəxsin vəsiyyəti, ya da nəzir etdiyi halda yerinə yetirmədiyi qurbanı varsa, mərhumun adına varisləri tərəfindən bir heyvan qurban kəsilməli və qurbanlıq heyvanın bütün əti kasıblara paylanmalıdır. Həmçinin əksər İslam aliminin görüşünə görə, vəsiyyət etməmiş, ya da nəzir qurbanı borcu olmasa belə hasil olan savabı mərhuma bağışlamaq üçün onun adından qurban kəsilə bilər.

Yazının əvvəlini buradan oxuya bilərsiniz...

Qeyd: Yazının hazırlanmasında “Diyanet Vakfı İlmihali” əsərindən istifadə edilmişdir.

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top