Qurban ibadətinin mahiyyəti


Qurban kəlməsi lüğəvi olaraq “yaxınlaşmaq” və “Allaha (c.c) yaxınlaşmağa səbəb olan hər şey” mənasına gəlir. Dini bir termin olaraq isə qurban kəlməsi “ibadət məqsədilə müəyyən zamanda və müəyyən şərtlərə sahib olan bir heyvanı yenə müəyyən şərtlərə tabe olaraq kəsməkdir. Bu şəkildə kəsilən heyvana da ərəb dilində “udhiyyə”, yəni ibadət məqsədilə kəsilən qurbanlıq heyvan deyilir.
Bəşəriyyət tarixi boyu demək olar ki, bütün dinlərdə qurban ibadəti olsa da, bunlar arasında forma və məqsəd baxımından fərqlər var. Quranda Həzrət Adəmin (ə.s) iki oğlunun Allaha (c.c) qurban verdiklərindən bəhs edilir: “Vaxtilə onlar (Adəmin iki oğlu) qurban gətirmişdilər. Onlardan birinin (Habilin qurbanı) qəbul olunmuş, digərininki (Qabilin qurbanı) isə qəbul olunmamışdı” (Maidə, 5/27). Digər bir ayədə bütün ilahi dinlərdə qurban ibadətinin olduğu qeyd edilir: “Biz hər bir ümmətə ruzi olaraq verdiyimiz heyvanların üstündə Allahın adını çəksinlər deyə qurban kəsməyi vacib etdik” (Həcc, 22/34). Bununla birlikdə yəhudilik və xristianlıqda qurban ibadəti bir xeyli dəyişikliyə məruz qalıb. Xristianlığa görə, Həzrət Adəm (ə.s) və Həzrət Həvvanın cənnətdə qadağan edilmiş meyvədən yemələri ilə işlədikləri günah nəsildən-nəslə keçərək bütün insanlara yayılmışdır. İnsanların irsi yolla gətirdikləri və sahib olduqları bu “günah”dan qurtulmaları üçün (haşa) Ata oğlu İsanın çarmıxa çəkilərək qurban edilməsinə icazə vermiş, belə demək mümkünsə, buna “göz yummuşdur”. Buradan da aydın olur ki, İslamdan əvvəlki səmavi dinlərdə qurban ibadəti xüsusi bir mənaya bürünmüşdür.
Quranda və Həzrət Peyğəmbərimizin (s.ə.s) hədislərində qurban ibadətinin dini hökmləri ilə bağlı geniş izah və açıqlamalar verilmişdir. Həmçinin ayə və hədislərin fonunda fiqh kitablarında da qurbanla bağlı hökm və fətvalar vardır.
Cənab Allah (c.c) insanların qəlblərini dünyəvi və fani sevgilərlə doldurmalarını, həmçinin oraya Özünü (c.c) unutduracaq başqa sevgilərin girməsini istəmir. Bu mənada bəzi insanların “İsmayılı”, yəni vaz geçmək istəmədiyi, hətta ona pərəstiş edərcəsinə bağlandığı övladı, bəzi insanlarınkı nüfuz və vəzifəsi, bəzilərininki də malı və sərvəti olur.
Qurban həm fərd, həm də cəmiyyət üçün müxtəlif faydaları olan və pulla edilən bir ibadətidir. İnsan qurban kəsməklə Allahın (c.c) əmrinə tabe olur, bu əmrə tabe olmaqla da Uca Yaradanın (c.c) bəndəsi olduğunun fərqinə varır. Müsəlmanlar hər dəfə qurban kəsəndə Həzrət İbrahim (ə.s) və oğlu Həzrət İsmayılın Allahın (c.c) əmrinə mütləq itaət edərək verdikləri uğurlu sınaq və imtahanı bir daha xatırlayır, simvolik olaraq bənzər bir itaətə hazır olduqlarını göstərdilər.
Qurban ibadəti bir cəmiyyətdə qardaşlıq, yardımlaşma və həmrəylik kimi duyğu və hissləri canlı saxlayır, sosial ədalətin həyata keçməsinə köməklik edir. Qurban ibadətinin sosial ədalətin bərpa olunması ilə bağlı verdiyi töhfələri bayram günlərində xüsusən yoxsulların, ət almaq imkanı olmayanların sevinclərinə şahid olduqda anlamaq olar.
Qurban ibadəti zənginlərə mallarını Allah (c.c) rizası üçün sərf etmək, başqaları ilə bölüşmək vərdişini aşılayır, insanları xəsislik və dünya malına bağlanma xəstəliyindən qurtarır. Kasıb insanlara da varlı insanların vasitəsilə Allaha (c.c) şükür etmələrini, dünyadakı nemətlərin yer üzündə paylanması ilə əlaqədar bədbinlikdən qurtulmalarını və özlərini cəmiyyətin bir üzvü kimi hiss etmələrini təmin edir.
Səmimi və ixlasla yerinə yetirilən qurban ibadəti insanı Allaha yaxınlaşdırır. Həzrət Adəmin (ə.s) iki oğlu Habil və Qabil sahib olduqları mallardan Allaha qurban vermələri ilə imtahan edilmişdilər. Hətta burada birinin təqdim etdiyi qurban qəbul edilmiş, dəgirinki qəbul edilməmişdi. (Maidə, 5/27). Bəzi görüşlərə görə, Habilin qurbanı ən sevdiyi quzusu ikən, Qabilin qurbanı isə keyfiyyətini itirməkdə olan tərəvəzlər olmuşdu. Öz malının ən sevdiyi hissəsindən və ən gözəlindən qurban etməyə nəfsinin mane olması Qabilin, Allahın (c.c) rəhmətindən uzaqlaşmasına səbəb olmuşdu. Yəni yeri gələndə İbrahim olub ən sevdiyimizi Allah yolunda qurban verməli, həmçinin yeri gələndə İsmayıl olub sevdiklərimiz üçün özümüz qurban ola bilməliyik. Qurban, yeri gəldiyində bir heyvanı kəsmək, yeri gəldiyində öz dini, vətəni, xalqı və ümum insalıq adına vaxtını, elmini, bilik və bacarığını, sərvətini fəda edə bilməkdir.
Kəsilən qurbanlardan Allaha çatacaq olan qanlı cəsətlər deyil, insanların səmimi şəkildə əmrə tabe olmaları və təqvalarıdır. Bir ayədə: “Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır” (Həcc, 22/37) buyurulur.

Qeyd: Mövzuya davam edəcəyik...

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top