Qurban ibadətinin dini hökmü və şərtləri – 2


Bu dəfə keçən yazıda bəhs etdiyimiz qurban ibadətinin dini hökmü və şərtləri mövzusuna davam edəcəyik.
Bir müsəlmana qurban kəsmək vacib olması üçün bəzi şərtlər tələb olunur. Qurban kəsmənin sünnə olduğunu deyənlərə görə, bu şərtlər qurban kəsmənin sünnə olmasının şərtləridir. Bunlar əsasən dörd şərtdir:
Müsəlman olmaq;
Ağıllı və yetkinlik yaşına, yəni insanın cismən və ruhən yetkinləşdiyi həddi-büluğ yaşına çatmış olması;
Səfər halında olmamaq;
Müəyyən maddi gücə sahib olmaq.
Gəlin birinci şərtdən başlayaraq mövzunu izah etməyə çalışaq. Əvvəla onu qeyd edək ki, qeyri-müsəlman bir şəxs İslamın gətirdiyi ibadət və buyruqlara əməl etmədən əvvəl imanla mükəlləfdir. İman etdikdən, yəni müsəlman olduqdan sonra isə qurban kəsməklə, ya da digər ibadətləri yerinə yetirməklə bağlı məsul və mükəlləf sayıla bilər. Buna görə də bir şəxsin qurban kəsməklə mükəlləf ola bilməsi üçün əvvəla onun müsəlman olması lazımdır. Müsəlman olma şərti eyni zamanda bütün ibadətləri yerinə yetirmədən əvvəl tələb olunan hökmdür.
Qurban kəsməklə bağlı ikinci şərt ağıllı və yetkinlik yaşına çatmış olmaqdır. Bu şərtlə bağlı İslam alimlərinin fərqli görüşləri vardır. Bəzi İslam alimləri qurban kəsməklə mükəlləf olmaq üçün ağıl sahibi və yetkinlik yaşına çatmış olma şərtini məqbul hesab etmirlər. Onlara görə, qurban kəsə bilmək üçün maddi gücü olan, ancaq yetkinlik yaşına çatmamış uşaqların və ağıl xəstələrinin qanuni təmsilçilərinin onların yerinə qurban kəsmələri lazımdır. Bu görüşdə olan Əbu Hənifə, Əbu Yusif, İmam Malik və Əhməd İbn Hənbəl kimi fiqh alimləri qurbanın maddi bir ibadət olduğunu qeyd edir, bu minvalla bir şəxs ağıl sahibi deyilsə və yetkinlik yaşına çatmamış olsa da başqaları tərəfindən bu ibadətin onları təmsilən yerinə yetirilə biləcəyini söyləyirlər. Həmçinin burada başda fəqirlər olmaqla üçüncü şəxslərin haqqı və mənfəəti olduğu əsas gətirilərək yuxarıda adları sadalanan alimlər bu görüşdə qərar qılmışlar.
Hənəfi fəqihlərindən olan İmam Muhamməd və İmam Şafeiyə görə, ağıl sahibi olmayan  və yetkinlik yaşına çatmamış bir şəxsin qanuni təmsilçiləri tərəfindən onların yerinə qurban kəsmələri doğru deyil. Əslində bu mövzu ilə bağlı birinci görüşün əsas və dəlilləri olsa da bu haqda məhz bu görüş daha sağlam hesab edilmiş və bu görüş tətbiq edilmişdir. Ağıl sahibi və yetkinlik yaşına çatmamış şəxslərin qurban kəsməklə mükəlləf tutulmamaları, bu minvallada üçüncü şəxslərin, yəni qurban ətindən istifadə edəcək fəqirlərin bu qurban paylarından məhrum qalmaları kimi anlaşıla bilər. Ancaq burada başqa və daha vacib məqamlar var. Ağıl sahibi olmayan, həmçinin yetkinlik yaşına çatmayan bir şəxsin, yəni öz malını xərcləmədə hələ tam iradə və səlahiyyətə sahib olmayanın mal varlığını qorumaq, onlara daha etibarlı bir gələck hazırlamaq burada daha əhəmiyyətli bir seçim və daha əhəmiyyətli bir qərar hesab edilmişdir. İslam alimləri, ağıl sahibi olmadıqları və  hələ yetkinlik yaşına çatmadıqları üçün onların adına qurban kəsməkdənsə, mallarının qorunaraq gələcəkdə bu əmanəti onlara vermənin daha doğru olduğunu qeyd etmişlər. Çünki İslama görə yetim və ya himayəsiz qalmış, ancaq zəngin mal varlığı olan uşaqların, həmçinin maddi varlığa sahib olsa da ağıl xəstəsi olanların bu mal varlıqları və haqlarının gələcəkdə onlara verilmək üzrə qorunması qanuni təmsilçiləri üzərindəki bir vəzifə və mükəlləfiyyətdir. Ancaq ortada belə bir narahatlıq yoxdursa, qanuni nümayəndə tərəfindən zəngin uşaqlar və ağıl xəstələri adına qurban kəsmək gözəl bir davranış olar.

Qeyd: Qurban kəsmək üçün lazım olan “səfər halında olmamaq” və “müəyyən bir maddi gücə sahib olmaq” şərtləri barədə növbəti yazıda bəhs etməyə çalışacağıq.

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top