Qurbanlıq heyvan necə kəsilməlidir?


İstər qurban niyyəti ilə olsun, istərsə də hər hansı başqa məqsədlə heyvanların kəsim qaydaları dinimizə görədemək olar ki eynidir. Ətinin yeyilməsi və kəsilən heyvanın halal olması üçün İslamın gətirmiş olduğu bu kəsim qaydalarına riayət edilməlidir. Aşağıda sadalanan kəsim qaydaları həm qurbanlıq heyvan (qurbanın vacib, nafilə, əqiqə və digər növləri daxil olmaqla), həm də müsəlman bir qəssabın normal satış məqsədilə kəsdiyi heyvanlar üçün də keçərli olan qaydalardır. Qurbanlıq heyvanın kəsimindəki bir fərq var ki, o da “təkbir”, ”təhlil” duaları, bir də Ənam surəsinin 79, 162-163-cü ayələrinin oxunması tövsiyə olunur. Yəni bunların oxunması faydalıdır, bunları bilmirsinizsə, yenə qurbanınızı kəsə bilərsiniz. Kəsimlə bağlı digər bütün məqamlar, diqqət edilməsi lazım olan xüsuslar isə demək olar ki eynidir.

Yeniavaz.com xəbər verir ki, heyvanı kəsim yerinə zərər vermədən və xəsarət yetirilmədən aparılmalı, kəsim vaxtı qibləyədoğru və sol tərəfi üzərinə yatırılmalıdır. Hər bir qurban sahibininəgər bacarırsa,qurbanlıq heyvanı şəxsən özünün kəsməsi daha yaxşıdır, əgər kəsə bilmirsə, heç olmasa kəsim zamanı orda olsun. Bununla yanaşı qurbanlıq heyvanı başqasına vəkalət verərək də kəsdirmək olar.Qurban kəsən şəxsin müsəlman olması daha məsləhətli olmaqla yanaşı, İslama görə əhli-kitabın, yəni yəhudi və xristianın kesdikləri yeyildiyi üçün onlar da vəkalət yolu ilə bir müsəlmanın qurbanlıq heyvanını kəsə bilər. Heyvan sol çiyin üzərinə və qibləyə tərəf yatırılanda: “Mən hənif (Allahı bir olaraq bilən, haqqa yönələn və batildən uzaq duran şəxs) olaraq üzümü göyləri və yeri yaradan Allaha çevirdim. Mən Allaha şərik qoşanlardan deyiləm!” (Ənam, 6/79) və “Şübhəsiz, mənim namazım da, ibadətim də, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür.Onun heç bir şəriki yoxdur! Mənə belə əmr olunmuşdur və mən ilk müsəlmanam” (Ənam, 6/162-163) ayələri oxunur. Sonra da “təkbir” və “təhlil” deyilir, yəni “Allahu Əkbər, Allahu Əkbər, Lə iləhə illəllahu vallahu əkbər. Allahu əkbər və lilləhil həmd” duası oxunur.
Qurbanlıq heyvanın artıq kəsim üçün yerə yatırılan zaman oxunan ayələrin ərəb dilindəki tələffüzü belədir: “İnni vəccəhtu vəchiyə lilləzi fətərassəməvəti vəl ərda hənifən vəmə ənə minəl müşrikin” (Ənam, 6/79); “Qul innə saləti və nusuki və məhyəyə və məməti lilləhi rabbil aləmin. Lə şərikələh. Və bizəlikə umirtu və ənə əvvəlul muslimin” (Ənam 6/162-163).Bu ayələri latın qrafikalı hərflərlə deyil, ərəb dilindəki orijinal halından oxunması, ya da bu formada oxuyanların dilindən təkrarlanması daha doğru olar. Çünki bu zaman söz və ifadələr daha doğru bir tələffüzlə ifadə edilmiş olar. Bununla yanaşı oxunan həmin ayə və duaların mənalarını bilməkdə də fayda vardır.
Qurbanı kəsən şəxs heyvana əziyyət verməməli, bıçağı heyvana göstərməməli və iti bıçaqdan istifadə etməlidir. Heyvanı kəsərkən yarımçıq buraxmaq olmaz. Bu həm də heyvana əziyyət verməmək baxımında olduqca mühümdür.
Heyvanı kəsən şəxs bıçağı sağ əldə tutmalı və kəsim anında “Bismilləhi Allahu Əkbər” deməlidir. Əgər qurbanlıq heyvanı sahibi deyil, vəkalət verdiyişəxs kəsirsə, sahibi kəsim yerindədirsə, onun da “Bismilləhi Allahu Əkbər” deməsi lazımdır.
Qurban kəsən şəxs kəsim əsnasında “Bismilləhi Alahu Əkbər” deməyi səhvən yaddan çıxararsa, qurban yenə də keçərli və məqbul hesab edilir. Ancaq qurban kəsilərkən qəsdən və şüurlu olaraq Allahın (c.c) adı anılmazsa, yəni “Bismilləhi Allahu Əkbər” deyilməzsə, Hənəfi məzhəbinə görə bu heyvanın əti yeyilməz.
Mal-qara (inək-dana), camış, qoyun və keçi cinsindən olan heyvanlar sol tərəf üzərinə və qiblə istiqamətinə yatırılaraq çənələrinin altından kəsilir. Bu kəsimə, yəni çənə altından kəsimə “zəbh” deyilir. Dəvənin digər qurban kəsilən heyvanlarla müqayisədə boyun hissəsi daha uzun olduğu üçün onun kəsilməsində bəzi fərqlər var. Dəvə ayaq üstə və sol ön ayağı bağlanaraq, boğazının başa və çənəyə yaxın hissəsindən deyil, sinə hissəsinin həmən üzərindən kəsilir. Dəvənin bu formada kəsilməsinə “nəhr” deyilir.
Heyvanın İslama görə səhih və doğru bir şəkildə kəsilməsi və ətinin də halal olması üçün boğazındakı iki şah damarı, nəfəs və yemək borularının kəsilməsi lazımdır. Hətta bunlardan ən azı üçünün kəsilməsi ilə də kəsim işinin səhih və doğru olduğunu deyən alimlər vardır. Heyvanın qanının tam şəkildə axmasını təmin etmək üçün bir müddət gözləmək lazımdır.
İslama görə xüsusilə böyük baş heyvanlara ağrı və əziyyət verməmək üçün əvvəlcə heyvanı şoka salmaq və sonra kəsmək caiz və mümkündür. Şoka düşən heyvanın ölmədiyi və həyatı davam etdiyi üçün belə bir kəsimə icazə verilmişdir.
Heyvan kəsə bilən və bu sahədə bacarıqlı bir insanın öz qurbanını kəsməsi əlbəttə tövsiyə olunandır. Ancaq xüsusilə şəhər mühitində heyvanı məharətli bir şəkildə, təmiz və səliqəli, həmçinin heyvana əziyyət vermədən kəsə bilən insanların sayı çox azdır. Bəzi qəssablar dini həssaslıqdan uzaq olduqları, kəsiləcək heyvanın çox olması, ya da başqa bir səbəbə görə kəsim işinə səhlənkar yanaşa, bu mənada heyvana əziyyət verə bilərlər. Heyvana, özünə, ya da ətrafındakı insanlara zərər və əziyyət verməmələri üçün qurbanlıq heyvanı kəsəcək insanlar həm dini bilikləri, həm insani keyfiyyətləri, həmçinin heyvan kəsməklə bağlı təcrübə və bacarıqlarının olmasına xüsusilə diqqət edilməlidir. Qurban paylarını xüsusilə isti yay günlərində kəsim yerindən ehtiyac sahiblərinə paylanmasına qədər olan paketləmə, daşınma və s. prosesləri ətlə doğru rəftar edə bilən şəxslərin görməsi, ən azından bu proseslərin yaxşı bir şəkildə öyrənilməsi qurban ibadətinə xələl gəlməməsi baxımından vacib məqamlardan biridir.

Nazim Mustafayev
 

DİGƏR XƏBƏRLƏR

Top