Qurban əti necə paylanmalıdır?


İslam alimləri Həzrət Peyğəmbərimizin (s.ə.s) buyruqlarından yola çıxaraq qurban kəsən şəxsin qurbanın ətindən yeyə, himayəsindəki şəxslərə yedizdirə və qurban ətinin bir hissəsini paylaya biləcəyi barədə həmfikirdirlər. Bununla yanaşı qurban ətinin nə qədərinin yeyiləcəyi və nə qədərinin paylanacağı ilə bağlı fərqli fikir və ölçülər vardır.

Yeniavaz.com xəbər verir ki, İslam alimlərinin əksəriyyəti qurban ətinin üç bərabər hissəyə bölünməsini, bir hissənin qurban sahibi və himayəsindəki şəxslərə, bir hissənin zəngin belə olsalar dost və yaxın qohumlara, digər hissənin də qurban kəsməyən fəqir şəxslərə paylanmasını tövsiyə etmişdir. Əgər bir şəxsin himayəsindəki şəxslərin, yəni baxmaqla mükəlləf olduğu insanların, ev əhlinin sayı çoxdursa, həmçinin onların ehtiyacı varsa, qurban ətini başqalarına paylamadan sayları çox olan bu ev əhli arasında istifadə edilməsində hər hansı problem yoxdur və bu formada istifadə edilə bilər.
Qurban kəsən bir şəxsin bu qurban ətindən həm özünün istifadə etməsi, həm dost, qonşu və qohumlara, həm də ehtiyac sahibi kəslərə paylaması bir əsas olaraq qəbul edilmişdir. Ancaq qurban paylarının paylanması məsələsində qəti və dəyişməz şərtlər mövcud deyil. Düzdür, ehtiyac sahibi dostlardan, ehtiyac sahibi qohum-əqrabadan başlamaq əlbəttə daha məqsədə uyğundur. Bununla yanaşı qurban hissələrinin paylanmasında məhz ehtiyac amili əsas götürülməli, yeri gələndə imkan sahibi və həyətində qurban kəsən dost və qohumlardansa, qurban ətinin böyük bir hissəsi əsas ehtiyac sahibi insanlara paylanmalıdır. Həm də bu cür əməl etmək ibadət şüuruna daha uyğun olar. Əks halda imkan sahibi qohum-əqraba və dostlar evlərində qurban payı olduğu halda yenə də bir-birlərinə qurban payı göndərmələri şərt deyil.
Bir şəxsin: “Oğlum və ya qızım universitetə qəbul olarsa, qurban kəsəcəm”, “Oğlum əsgərdən sağ-salamat gəlib çatan gün qurban kəsəcəm” və s. kimi bu və ya digər şərt qoşaraq kəsəcəyinə dair söz verdiyi qurbana nəzir qurbanı deyilir. Bu zaman həmin şəxs normal halda üzərinə vacib olmayan bir əməli öz üzərinə vacib etmiş olur. Dediyi, ya da arzuladığı şey baş verərsə, artıq həmin şəxsin o qurbanı kəsməsi lazımdır. Bu qurban növünə İslamda nəzir qurbanı deyilir. Qurban bayramı günlərində kəsilən qurbandan fərqli olaraq nəzir qurbanı kəsən şəxs, həmçinin onun himayəsində və baxmaqla mükəlləf olduğu insanlar da (atası, anası, nənəsi, övladları, nəvələri, xanımı) o qurbanın ətindən yeyə bilməzlər. Əgər nəzir qurbanı kəsən şəxs, ya da onun atası, anası, nənəsi, övladları, nəvələri, xanımı o qurbanın ətindən yeyərlərsə, yediklərinin haqqını pul olaraq kasıblara sədəqə verməlidirlər. Nafilə olaraq, yəni hər hansı şərtə bağlı olmadan, həmçinin Qurban bayramı günlərinin xaricində kəsilən qurbanın ətindən həm qurbanı kəsən, həm də himayəsindəki şəxslər yeyə bilərlər.
Qurban məhz Allahın (c.c) rizasını qazanmaq üçün kəsilməlidir. Bu səbəblə qurban  ətinin, dərisinin, yununun, bağırsaqlarının, sümüklərinin və digər hissələrinin satılması caiz deyildir. Qurbanlıq ət satılmaz, satılan ət qurbanlıq olmaz, çünki alqı-satqıda niyyət qazanc əldə etməkdir, qurban mövzusunda isə tək niyyət var: Allah rizasını qazanmaq. Qurbanlıq qoyun və keçinin yunu heyvan kəsildikdən sonra qırxıla və ev ehtiyacları üçün istifadə edilə bilər. Qurbanlıq heyvanın qırxılan yunu satılarsa, əldə edilən pulun sədəqə olaraq ehtiyac sahiblərinə verilməsi lazımdır. Həmçinin qurbanın dərisi və digər hissələrini də evdə istifadə etmək, ya da kiməsə hədiyyə etmək olar.
Qurbanı kənardan gətirilən bir qəssab kəsərsə, zəhmət haqqı ayrıca verilməli, qurban əti, qurbanlıq heyvanın baş və ayaq hissəsi, ya da qurbanın dərisi zəhmət haqqı niyyəti ilə verilməməlidir.
Qurbanlıq heyvan harda kəsilmişsə ilk növbədə həmin bölgədəki ehtiyac sahiblərinə paylanması daha məqsədəuyğundur. Bununla yanaşı əgər daha çox ehtiyac sahibi insanlar varsa, kəsilən qurban ətləri digər yaşayış məntəqələrinə, digər bölgələrə də göndərilə bilər.
Qurbanlıq heyvanların həm kəsilmə anında, həm də kəsim işləri başa çatdıqdan sonra ətraf mühitin təmizliyinə diqqət edilməli, heyvanın istifadəsiz qalan hissələri dərin bir çuxura basdırılmalı, ətrafa pis qoxu və xoş olmayan görüntü verilməməlidir. Əlbəttə, Qurban bayramı günlərinin xaricində ilin hardasa bütün günlərində də qəssabxanalarda heyvanlar kəsilir. Bu mənada gigiyenik tələblərə hər zaman riayət edilməlidir. Ancaq ilin digər günləri ilə müqayisədə Qurban bayramı günlərində daha çox heyvanın kəsiləcəyini nəzərə alsaq, həm gigiyenik, həm də ətraf mühitin təmizliyi ilə bağlı tələblərə daha çox diqqət edilməlidir. Çünki bu şəkildə təmizliyə riayət etmək həm Allah (c.c) yolunda kəsilən qurbanlıq heyvanlara, həm də qurban ibadətinə göstərilən hörmətin əlamətidir. Xüsusilə əhalinin sıx yaşadığı böyük şəhər və qəsəbələrdə qurban kəsərkən təmizliyə, gigiyenik şərtlərə daha çox diqqət edilməlidir. Qurban kəsməkdən və ətini ehtiyac sahiblərinə paylamaqdan hasil olan əcr və savabı ətraf mühiti çirkləndirərək və bu mənada insanları narahat edərək azaltmamalıyıq.
Nazim Mustafayev

 

DİGƏR XƏBƏRLƏR

Top