Qurban ibadətinin dini hökmü və şərtləri – 3


Ötən yazıda bir insana qurban kəsməyin vacib olması üçün lazım gələn iki şərtdən, yəni müsəlman olmaq və ağıllı sahibi və yetkinlik yaşına çatmış olmaq şərtlərindən bəhs etmişdik. Bu yazıda isə klassik fiqh kitablarında keçən qurban kəsmək üçün lazım olan səfər halında olmamaq şərtindən bəhs edəcəyik.
Qurban bayramı günlərində kəsilən qurbanın hökmünün vacib olduğunu deyən İslam fiqh alimlərinə görə, səfər halında olan şəxs bu vacib hökmündəki qurbanı kəsməklə mükəlləf deyil. Bu görüşə görə bir müsəlmanın səfər halında olması onun qurban kəsmə mükəlləfiyyətini aradan qaldırır. Bununla yanaşı səfər halında olan şəxs tək başına bir qurban kəsərsə, ya da muqim olanlarla, yəni yerli sakinlərlə birgə böyük baş heyvana bir pay sahibi olaraq qoşularsa, dinə görə müstəhəb və məqbul əməl sayılar.
Qurban bayramı günlərində kəsilən qurbanın hökmünün vacib deyil, sünnə olduğunu qeyd edən İslam fiqh alimlərinə görə, burada hökm sünnə olduğuna görə səfər halında olan şəxslə muqim arasında elə də fərq yoxdur. Yəni hər ikisi üçün qurban kəsmənin hökmü sünnədir. Qurban kəsmənin hökmünün vacib olduğunu qeyd edən Hənəfi məzhəbinə mənsub alimlərin səfər halındakı bir müsəlmanın qurban kəsməklə mükəlləf olmayacağını qeyd etmələrinin bəzi səbəbləri vardır: Səfər halında olan şəxs həm qurbanlıq heyvanı almaq, həm kəsmək, həm də kəsilən qurban ətini ehtiyac sahiblərinə paylamaqla bağlı bölgədə yaşayan yerli əhali ilə müqayisədə eyni imkanlara sahib deyil. Həmçinin səfər halında olmaq bir sıra məşəqqət və problemləri olan məsələdir. Bu halda səfər halında olan şəxs zəngin və maddi gücə sahib olsa da, əlindəki pulu tədbirli və qənaətlə xərcləməsi lazımdır. Qurban bayramı günlərində iş və vəzifə ilə əlaqədar olaraq yollarda olan və keçdiyi yerlərdə bir yolçu hökmündəki insanların belə bir dini rüxsətdən istifadə edərək qurban kəsməyə bilərlər. Onu da qeyd edək ki, klassik fiqh kitablarında qurban bayramı günlərində səfərdə olan şəxslərin qurban kəsməklə mükəlləf tutulmamaları ilə bağlı verilən hökm və fətva sadəcə məsələnin maddi tərəfinə görə deyil, həm bu ibadətin səfər halında yerinə yetirilməsindəki çətinliklərə görədir.
Klassik fiqh kitablarında səfər halındakı bir şəxsin qurban kəsib-kəsməyəcəyi yuxarıdakı şəkildə izah olunsa da, günümüzdə səfərə çıxmaq və ya yolçu olmağın imkan və şərtləri dəyişmişdir. Misal üçün, günümüzdə bayram günlərindəki tətilləri fürsət bilərək ölkə xarici və ölkə daxilində gəzməyə gedən, ya da digər rayon və şəhərdəki valideynləri ziyarət edənlərin vəziyyəti daha fərqlidir. Bu vəziyyətdəki müsəlmanlar yuxarıda qeyd edilən rüxsətdən istifadə etməkdənsə, əvvəlcədən lazımi tədbirləri görərək, vəkalət verərək qurbanlarını kəsdirməsi, ya da getdiyi yerdə özləri qurban kəsməsi daha doğrudur. Burada bir məqamı da unutmaq olmaz ki, qurban ibadətinin namaz və oruc ibadətlərində olduğu kimi bir müsəlmanın niyyəti, daxili dünyası ilə bağlı tərəfləri olmaqla yanaşı, bir cəmiyyətdə sosial ədaləti təmin edən, həmçinin kasıb və ehtiyac sahibi olan üçüncü şəxsləri də əlaqədar edən tərəfləri də vardır. Bu səbəbə görə, bir müsəlmanın namaz və oruc ibadətlərində səfər və yolçu halının gətirdiyi məşəqqətlərə görə dinin təqdim etdiyi rüxsətlərdən istifadə etməsi onun fərdi qərarıdır. Qurban ibadətində isə həm də sosial ədaləti qorumaq kimi hədəf və qayələrin olduğunu nəzərə alaraq, hər hansı sıxıntı və zərurət yoxdursa, səfərə çıxanların da vəkalət verərək, ya da birbaşa özünün getdiyi yerdə qurbanını kəsməsi (kəsdirməsi) daha məqsədəuyğun hesab edilmişdir.

Qeyd: Yazının hazırlanmasında “Diyanet Vakfı İlmihali” əsərindən istifadə edilmişdir.

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top