
“Mayın 20-də ötən il tam saxta əsaslarla saxlanılıb mühakimə olunan Müsəlman Birliyi Hərəkatı üzvü Razi Hümbətov 6 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə binasının önündə sakit və dinc surətdə toplaşmış əqidədaşlarını iclas zalına buraxılmayıblar”.
Yeniavaz.com xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov sosial şəbəkə hesabında paylaşım edib.
“İnanclı şəxslər - Ağəli Yəhyayev, Mail Kərimov, Süleyman Ələkbərov, İmran Məmmədli, Elgiz Məmmədov zorakılıqla saxlanılıblar. Süleyman Ələkbərov və Mail Kərimov bir neçə saatdan sonra sərbəst buraxılıblar”, - paylaşımda bildirilib.
R. Səfərov növbəti paylaşımlarında yazıb ki, polis əməkdaşları MBH üzvü S. Ələkbərovu saxlayıb, başına qara torba keçiriblər, əllərini arxadan bağlayıblar. Daha sonra o, S. Ələkbərovdan sitat gətirərək yazıb:
“Pilləkənlərdən hiss etdim ki, ikinci mərtəbəyə çıxartdılar. Məni üzüüstə yerə yıxıb, başımı təpikləməyə başladılar. Belimin üstünə çıxıb, hoppanıb düşürdülər. Əllərini torbanın içinə salıb saqqalımı yolurdular. Ən pis söyüşlərlə söyürdülər”.
Hüquq müdafiəçisi M. Kərimovun başına gətirilənlərlə bağlı isə bunları qeyd edib:
“Polis əməkdaşları Mail bəyi siyasi məhbus R. Hümbətovun məhkəməsi keçirilən binanın qarşısında zorakılıqla saxlayaraq aparıblar. Şalvarını əynindən çıxarıblar. Qollarını arxadan qandallayıblar. Döyə-döyə tələb ediblər: “Söz ver ki, bir də məhkəmələrə getməyəcəksən”. Mail bəy də kameranın önündə “söz verib””.
Bu gün “Müdafiə Xətti” hüquq təşkilatının Müsəlman Birliyi Hərəkatı üzvləri ilə birlikdə keçirdikləri mətbuat konfransında Mail Kərimov və Süleyman Ələkbərov da iştirak ediblər.
M. Kərimov deyib ki, onu məhkəmənin qarşısından 22 saylı polis bölməsinə aparıblar:
“Mənim əllərimi qandallayıb bölmədən çıxardılar. Maşına salıb başıma torba keçirdilər. Maşında vura-vura apardılar. Çatana kimi də döydülər. Məni hara apardılar, bilmirəm. İkinci mərtəbəyə qaldırıb, yerə uzatdılar. Hərəsi bir yandan təpiklə, yumruqla, başıma, böyrəyimə vururdular. Sonra şalvarımı çıxardılar. Dedilər “bir də məhkəmələrə getməyəcəksən. Məhkəmələrə getsən, sənə təcavüz edəcəyik”. Mən onlarla razılaşdım ki, getməyəcəm bir də”.
S. Ələkbərov isə bildirib ki, onu məhkəmənin yanından M. Kərimovla birlikdə polis bölməsinə aparıblar:
“Polis bölməsindən çıxardılar, qara maşına mindirdilər. Maşına oturan kimi torbanı başıma keçirdilər. Mən də şəhərdə böyümüşəm deyə, bütün şəhəri tanıyıram. Bölmədən çıxdın, sol tərəfə “Çapayev”dir”, ordan da 10 dəqiqəyə “Bandotdel”dir. 10 dəqiqədən sonra məni düşürtdülər. Qolumdan tutdular, sürüyə-sürüyə ikinci mərtəbəyə qaldırdılar. Başladılar vurmağa. Şillə ilə, açarla, küt alətlə vururdular. Dedilər ki, məni bir şərtlə buraxacaqlar ki, bir də məhkəmələrdə iştirak etməyim. Əgər etsəm, mənə təcavüz edəcəklər”.
DİN-dən iddialarla bağlı Yeniavaz.com-un sorğusuna cavab olaraq bu barədə ictimaiyyətə məlumat veriləcəyi bildirildi.