Xoşbəxt olmaq üçün...


Çoxları xoşbəxtliyi bütün arzularının həyata keçməsində görürlər. Yəni onlara görə xoşbəxtlik gözəl ev almaq, bahalı maşın sürmək, şan-şöhrət sahibi olmaq, yüksək vəzifə tutmaq və s.-dir. Halbuki insan arzusuna çatdıqdan sonra o arzu əvvəlki cazibədarlığını itirir. Bəlkə də sizə qəribə gələcək, ancaq insan həyatını o arzuya görə proqramlaşdırdığı üçün sonradan həyatında hər şey alt-üst olur. Nemətlər də belədir. Biz o neməti daddıqca bizə ləzzət verir. Ancaq sonra arxasınca dərin bir boşluq gəlir...
Çoxdan arzuladığımız bir istirahətin və ya çoxdan həsrətini çəkdiyimiz bir səyahətin də dadı boğazımızdan geçənə qədərdir. Sonra nemətlərdə olduğu kimi hər şey adiləşir...
Xoşbəxtlik bəzən dərdin, kədərin sona çatmasıdır. Çünki Yaradan da qulunu sevindirmək üçün bəzən “dəvəsini itirir, sonra isə tapır”. İtirdiyiniz malın yerinə qayıtması da, bir xəstəlikdən şəfa tapmağınız da öz-özlüyündə bir xoşbəxtlikdir. Əslində xoşbəxtlik üçün o qədər də böyük şeylərə ehtiyac yoxdur. Bəzən günəşin doğması, bəzən bir körpənin gülməsi, bəzən də bir bülbülün oxuması da xoşbəxt olmaq üçün kifayətdir. Xoşbəxtlik həm də insanın dünyaya hansı pəncərədən baxmasından asılıdır. Çünki gözəl bir şeyə hamı gözəl deyə bilər. Əsas məsələ gözəl olmayan şeydə də gözəlliyi görməkdir.
Həyata həmişə bədbin baxan bir insanı heç bir şeylə razı salmaq olmaz. O, saraylarda da yaşasa, fərqi yoxdur. Həyata nikbin baxan bir insan isə zindanda da olsa, xoşbəxtdir. İnsana ən çox xoşbəxtlik gətirən şey isə yaşatmaq arzusu və ya həyatımızdakı ülvi hisslərdir. Qərb mütəfəkkirlərindən biri bu barədə deyir: “Əlli-altmış il yaşamaq üçün bu dünyaya gəlir və ömrümüzü özümüzün də, başqalarının da unudacağı şeyləri düşünməklə keçiririk. Halbuki biz həyatımızı böyük işlərə, böyük amallara həsr etməliyik. Çünki həyat uzun sayılmayacaq qədər qısadır”. Bu isə özümüzü tanımaqla, bundan da vacibi mahiyyətimizi dərk etməklə mümkündür. Bir də Onu tapan nəyi itirər ki? Ya da Onu itirən nəyi tapar ki?..

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top