
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili qızı Alisanın gələcəkdə ABŞ prezidenti ola biləcəyini istisna etməyib.
Yeniavaz.com xəbər verir ki, Saakaşvili bu barədə “Facebook” sosial şəbəkəsində paylaşdığı geniş yazıda bildirib.
O, ABŞ-nin hazırkı siyasi sistemində böhran yaşandığını qeyd edərək, ölkənin əvvəlki siyasi nəsillərlə müqayisədə demokratik dəyərlərdən uzaqlaşdığını iddia edib.
Saakaşvilinin sözlərinə görə, müasir amerikalı siyasətçilər getdikcə daha çox şəxsi maraqlarını və partiya mənafelərini azadlıq və demokratiya ideallarından üstün tuturlar. O hesab edir ki, ABŞ dünyada demokratik dəyərlərin müdafiəçisi rolundan tədricən uzaqlaşır və Gürcüstan da daxil olmaqla kiçik dövlətlərə marağını itirir.
Sabiq prezident 30 ildən çox əvvəl təhsil almaq üçün ABŞ-yə gəldiyini, Kolumbiya Universitetində oxuduqdan sonra Konqresdə təcrübə keçdiyini xatırladıb. O, həmin dövrdə gələcək Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və yaxın dostu hesab etdiyi senator Con Makkeynlə tanış olduğunu bildirib.
O, həmçinin senatorlar Edvard Kennedi, Cozef Liberman və digər amerikalı siyasətçilərlə görüşlərini xatırladaraq, həmin nəslin nümayəndələrinin şəxsi maraqlardan daha çox prinsip və inanclarına üstünlük verdiyini vurğulayıb.
Saakaşvili bildirib ki, “Qızılgül inqilabı”ndan sonra ABŞ Konqresi Gürcüstana fəal dəstək göstərib. 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra isə amerikalı qanunvericilər ölkəyə 1 milyard dollar yardım ayrılmasını təsdiqləyiblər.
O, 2010-cu ildə baş vermiş bir hadisəni də nümunə gətirib. Sabiq prezidentin sözlərinə görə, həmin vaxt Gürcüstanda dövlət büdcəsindən saxta sənədlər vasitəsilə 130 milyon dollar mənimsəməyə cəhddə şübhəli bilinən iki iş adamı saxlanılıb. Bundan sonra onların azad edilməsi üçün Tbilisiyə təzyiqlər göstərilib.
Saakaşvili iddia edib ki, senator Cozef Liberman nüfuzlu İsrail nümayəndələrinin və yəhudi lobbisinin müraciətlərinə baxmayaraq, qanunsuz qərarın qəbul edilməsinə nail olmaqdan imtina edib.
“Bu, lobbizmdən, dini mənsubiyyətdən və maliyyələşmədən üstün prinsipləri tutan, həqiqətən də ləyaqətli senatorun mövqeyi idi”, – deyə Saakaşvili yazıb.
Sabiq prezident indiki ABŞ siyasi elitasını isə daha pessimist qiymətləndirib. Onun fikrincə, hazırda Amerika siyasətində Ronald Reyqan nəslindən olan respublikaçılar və Kennedi ailəsini təmsil edən demokratlar demək olar ki, qalmayıb. Partiyaya sədaqət və maliyyə maraqları xarici siyasət prinsiplərindən daha üstün tutulur.
Sabiq prezident paylaşımının sonunda ABŞ vətəndaşı olan qızı Alisaya böyük ümid bəslədiyini bildirib. Onun sözlərinə görə, qızı siyasət və ədalət məsələləri ilə maraqlanır.
“Onu senator olmağa hazırlayıram. Kim bilir, bəlkə də prezidentliyə. Alice Saakashvili For President!” – deyə Saakaşvili qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz