KƏMALƏ ABDURAHMANOVA

Uşaqlarınıza hə və yox demədən əvvəl düşünün

Uşaqlarınıza hə və yox demədən əvvəl düşünün

KƏMALƏ ABDURAHMANOVA

Bəzən uşaqların hər istədiklərini etsək onları xoşbəxt edəcəyimizi düşünürük. Halbuki hər zaman hər istədiyi yerinə yetirilən uşaqlar doyumsuz olurlar, sahib olduğu şeylərin dəyərini bilməzlər. Uşağın bir istəyi olduğu zaman ata və ya ana hə ya da yox demədən əvvəl bu istəyin ehtiyac olub olmadığını fikirləşməlidirlər. Əgər həqiqətən bu istək ehtiyacdırsa onun yeri və zamanı olduğuna baxıb sonra qərar verə bilərlər. Yaxşı olar ki, ata və ananın qərarları ən azı uşağın yanında eyni olsun. Əgər etirazınız varsa bunu uşağınızın yanında deyil daha sonra həll etməyə çalışın.

Uşaq beş yaşına qədər özünü dünyanın mərkəzində görür. Buna görə də bütün hadisələrə, insanlara bu gözlə baxır və hər kəsin də onun kimi düşündüyünü, onun kimi gördüyüynü sanır. Əslində bu xüsusiyyət uşağın özünəinamını artıran xüsusiyyətdir. Sadəcə olaraq bu xüsusiyyətin gələcək yaşlarda eqoizmə çevrilməməsi üçün ata və ana uşağına öyrədəcəyi bəzi şeylər var. Hələ kiçik yaşlardan uşaqlar öz istəklərini sonraya saxlaya bilməli və ya istəklərini əldə etmək üçün az da olsa yorula bilməlidirlər. Övladınızın yediklərini dostları ilə paylaşması, oyunlarda qanunlara riayət etməsi, bir şeyi istədiyi zaman onun üçün səbr etməsi eqoizmin qarşısını alan addımlardır.

Hər istəyinin olmasıyla uşaq belə bir düşüncəyə qapıla bilər, hər istəyim yerinə yetirilir, istəmək yetər, səbr etmək gərəkli deyil, ağlasam verəcəklər və s. Bu düşüncədə olan uşaq yoxdan anlamaz, ”mənə nə, istəyirəm” deyə ayağını dirəyər. Ana uşagım ağlamasın, səs salmasın deyə bəzən daha da mərhəmətli davranaraq uşağı səhv yönləndirə bilir. Belə də olur ki, kənar müdaxilələr uşağa “dəstək olur” və sonda anaya, ataya heç də asan olmayan bir iş qalmış olur.

Ata və ana evdə qanun qoymaqla və bu qanunları yerinə yetirməklə məsuldur. Uşaqlarını onları idarə etməyə icazə verməməlidirlər. Qayda-qanun qoyarkən düşünməli, bu qaydaları yerinə yetirərkən ciddi olmalıdırlar. Diqqət etməli, elə qanunlar qoymalıdırlar ki, uşaqlar bu qanunlardan bezməsin və öhdəsindən gələ bilsinlər.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top