KƏMALƏ ABDURAHMANOVA

Uşaqlara kitab oxutmağın yolları

Uşaqlara kitab oxutmağın yolları

KƏMALƏ ABDURAHMANOVA

Uşaqlara kitab oxutmağın bir neçə yolları var. Bunlardan ən təsirli olanı uşağın ata anasını kitab oxuduqlarını görməsidir. Valideynlərinin kitab oxumağa zaman ayırdıqlarını görən uşaqlara kitab oxutdurmaq daha asandır. Kitab oxumağa boş vaxtların dəyərləndirilməsi kimi deyil, kitab oxumağa ayrı bir zaman, vaxt ayrılmalı, kitab oxuyarkən başqa işlə məşğul olunmamalıdır.
Hələ oxumağı bacarmayan uşaqlara şəkilli kitablardakı hadisələri, nağılları izah etməklə onun düşünmə gücünü artırmasına, söz ehtiyatının çoxalmasına kömək etmiş olarsınız. Uşaqlarınıza yuxuya getsin deyə deyil, sizi dinləyə biləcəkləri bir vaxtda kitab oxuyun. Ona   kitab oxumağa ayrı bir zaman ayırdığınızı göstərərək bunu bir vərdiş halına gətirin. Beləliklə sizin də dəstəyinizlə uşaq böyüdükcə kitab oxumağın darıxdırıcı, yorucu olmadığını əksinə onun zövqlü bir ehtiyac olduğunu görəcək.
  Kitab  oxumaq uşaqlarda beynin sol yarımkürəsinin daha çox işləməsinə kömək edir ki, bu da onlarda riyaziyyat, məntiq, söz ehtiyatının çox olması, inkişaf etməsi deməkdir.
  Kitab oxumanın yollarından biri də kitabı anlayaraq oxumaqdır. Uşaqların kitabdakı mövzunu anlaması onun kitaba həvəslə davam etməsi deməkdir. Uşaqlarınız oxuduqlarını sizinlə bölüşərsə onun danışdıqlarını sadəcə dinləyin, kitabdan anladıqlarına müdaxilə etməyin. Hətta birlikdə oxuyub müzakirə etsəniz bu uşağınızdakı kitab oxuma sevgisini artırar.
Kitab oxumağı sevməyən uşaqlara tez-tez “get bir az kitab oxu” kimi sözlər onda kitab oxumağa maraq oyatmaz , əksinə ondan daha da uzaqlaşdırar. Belə vəziyyətlərdə uşağınızın müəllimindən kömək istəmək çox vaxt işə yaraya bilir. Uşağınız müəllimin  kitab oxuma  tapşırığını yerinə yetirərkən siz də ona qoşula bilər, öz kitabınızı onun kitab oxuma saatı ilə birləşdirə bilərsiniz. Oxuduqlarınızı ara sıra uşağınızla bölüşsəniz oxuma saatınız daha da maraqlı keçə bilər. Kitab oxumağı siz sevin ki, siz vərdiş edin ki, övladınız da sevsin və kitab oxumağa öyrəşsin.
 Kitab oxumaq kiçik yaşlı uşaqlarda dilinin açılmasına da kömək edir. Kiçik uşaqlar əsasən ananın səsindən dəstək alır, özünü güvəndə hiss edir, danışmaqdan çəkinmir. Ananın səsi onların dilinin açılması üçün  bir terapiyadır. Uşağın danışığının daha aydın, daha təmiz olmasını istəyirsinizsə onunla söhbət edin, ona kitab oxuyun. Burada kitabı oxuyanın səs tonu da önəmlidir. Misal üçün, ona maraqlı olsun deyə  kitab oxuyarkən səsinizi dəyişin, mimikalarınızla ordakı rollara bürünün. Bununla uşağınıza hələ balacalıqdan kitabı sevdirə bilərsiniz.  
Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top