KƏMALƏ ABDURAHMANOVA

Televizora çox baxmaq uşaqlarınızın gec danışmasına səbəb ola bilər

Televizora çox baxmaq uşaqlarınızın gec danışmasına səbəb ola bilər

KƏMALƏ ABDURAHMANOVA

Hər bir ata və ana övladının sağlam gələcəyini görmək istəyir. Bunun üçün əllərindən gələni edirlər. Amma bəzən bu səmimi, saf arzular istəmədən uşağın sağlam böyüməsinə əngəl olur. Necə?

Zəmanəmizin tələblərindən olan mobil telefonlar, planşetlər, rəngli televizorlar demək olar ki, hər kəsin evində var. Və bunlara həqiqətən də ehtiyac var. Amma ki, kimin? Əlbəttə ki, hələ bir yaşı olmayan uşağınızın deyil. Əsasən iki yaşdan aşağı uşaqlar televizor, telefonla, planşetlə zaman keçirirsə bu onlarda gec danışmağa səbəb ola bilir. Həkimlər təcrübələrində televizora baxmağı tərgitdikdən üç ay sonra uşaqların danışdıqlarını deyirlər. Valideynlər planşetlərdən uşaq yemək yesin, sakitləşsin, yuxuya getsin deyə istifadə etməməlidirlər. Bəzən uşaq oturmağa başlayan kimi onu televizor izləyən görürük. Televizor, telefon, planşet uşaqları sanki hipnoz edir. Onları sosial həyatdan uzaqlaşdırır, hətta kənardan deyilən sözləri belə eşitməyə bilirlər. Bəzən ata-ana uşaq danışa bilmir deyə həkiminə müraciət edirlər. Əsl səbəbin telefon, planşet olduğunu düşünmürlər.

Nə edəcəyik?

Onları televizordan ayırıb oyun oynamağa həvəsləndirə bilərsiniz. Əgər oyun bilmirsinizsə uşağınız üçün yeni oyunlar icad edə bilərsiniz. Misal üçün, yemək yeməyini bir oyuna çevirə bilərsiniz. Bu zaman uşağınızın yemək yemə problemi varsa onu da həll etmiş olarsınız.

Televizor, planşet izləyərkən uşaq birtərəfli, qarşılıq verə bilmədiyi bir müəmma içərisində olur. Uşaq bu içində olduğu vəziyyətin nə olduğunu belə anlamır, anlasa belə bunu kiminləsə bölüşə bilmir. Nəticədə bəzən əsəbi, iştahsız, yuxusuz, aqressiv, səssiz ola bilir.

Ailələr, atalar, analar, övladınız ən az iki yaşdan sonra gündə yarım saat, bir saat televizor qarşısında otura bilər. Onu da sizinlə bərabər izləyərsə daha yaxşı olar. Övladınızla bərabər izlədiklərinizi ona açıqlasanız effektli nəticə doğurar. Əgər uşağınız televizordan, telefondan, planşetdən ötrü ağlayıb sizin də kefinizi qaçırırsa həmin anda onun başını qarışdıracaq şeylər tapın. Misal üçün həyətə çıxara bilərsiniz, orada yaşıdlarıyla tanış olarsa onlarla danışmağa çalışacaq. Beləcə dili yavaş-yavaş açılarsa danışmağin nə qədər əvəzsiz olduğunu görəcək. Bəlkə də artıq sizdən bir şey istəyərkən qışqırmayacaq. Bu o deməkdir ki, yaşıdlarıyla vaxt keçirmək həm sizi, həm də onu rahatladacaq.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top