KƏMALƏ ABDURAHMANOVA

Ev tapşırığı necə vərdiş halına gətirilə bilər?

Ev tapşırığı necə vərdiş halına gətirilə bilər?

KƏMALƏ ABDURAHMANOVA

Uşaqlar dərs oxuma  vərdişini daha çox bir və dördüncü siniflərdə qazana bilər. Dördüncü sinifə qədər dərs oxumaq  vərdiş halına  gələ bilməyibsə, yenə də ümidsiz olmayaraq uşaqla doğru yol izləyərək, daha ciddi davranaraq bunu həll edə bilərsiniz. Dərsin üzərində çox uzun zaman oturmaq önəmli deyil, önəmli olan diqqətini verərək planlı, proqramlı  bir şəkildə çalışmaqdır. İlk olaraq valideyn uşağın diqqətini dərsə nə qədər verə bildiyini izləyər, diqqətinin neçə dəqiqədən sonra dağıldığını anlayarsa bundan sonrakı günlərdə daha səmərəli və daha müvəffəqiyyətli nəticə əldə edə bilərlər. Misal üçün, saata baxırsınız, uşağınız dərsini hazırlamağa başlayır. Bir qədər keçdikdən sonra fikri  yanındakı əşyalara, əlindəki qələmə və s. dağılır, onlarla oynamağa başlayır. Saata baxdınız ki, sizin övladınız  dərsinin üzərində on dəqiqə otura bilir. On dəqiqədən sonra diqqəti dağılır. Bu zaman uşağa hər on dəqiqədə bir iki-üç dəqiqə ara verdirə bilərsiniz. Gün keçdikcə on dəqiqəni uşağınızla razılaşaraq  artıra bilərsiniz. Çünki uşaq böyüdükcə diqqət verə bilmə bacarığı inkişaf etməkdədir.
Uşaqlara əsasən də bir, ikinci siniflərdə oxuyanlara səbrlə davranaraq onları məktəbdən, dərsdən soyutmamaq lazımdır. Oxuma-yazmaları zəif də olsa onların zəhmətlərinə dəyər verin ki, dərslərindən soyumasınlar.
Bəzən ailələrdəki  davam edən problemlər, söz-söhbətlər uşağı yorar, beynindəki diqqət mərkəzi fəal ola bilməz. Beyindəki diqqət mərkəzinin fəal ola bilməsi üçün yenə beyindəki duyğu mərkəzinin sakit olması lazımdır. Belə bir mühitdə böyüyən və dərs oxumağa çalışan uşaq bəlkə bu problemləri  dilə gətirmir ancaq bunu dərslərindəki uğursuzluqla göstərə bilər.
Dərs oxumağı vərdiş etmək üçün uşağınızla bərabər dərs cədvəli planı hazırlaya bilərsiniz. Uşaqlar özləri hazırladıqları dərs oxuma cədvəlini daha məsuliyyətlə və sevərək yerinə yetirə bilərlər. Bu üsul ən yaxşı nəticə verən addımlardandır. 
Analar ev tapşırıqlarını uşaqların əvəzinə etməyə çalışarsa uşaq bu məsuliyyətdən boyun qaçırar, valideyni olmadan dərs oxumaq istəməz.  Bu uşağa həm tənbəllik gətirər həm də özünə inamı azaldar.
Dərs hazırladığı yerdə uşağın  diqqətini yayındıran hər nə varsa dərs zamanı görmədiyi yerə qoyun. Dərs oxuduğu masasının üzərində sadəcə tapşırıqda lazım olan əşyaları saxlayın. Əgər dərsini sizin nəzarətinizdə hazırlayırsa siz də telefonunuzu bir kənara qoyun.
Bəzən uşaqlar film izləyərkən,  musiqi dinləyərkən, oyun oynayarkən bir yandan da dərs oxumağa çalışırlar. Doğrudur  beynimiz çox güclü və mükəmməl yaradılıb. Ancaq  eyni anda sadəcə bir mövzuya diqqətini verərsə o mövzuda daha uğurlu nəticə əldə edilər. O anda daha vacib nədirsə onu seçmək daha düzgün olar.
Uşaqlara zamandan daha doğru istifadə etməsi üçün yardım edilməli, axşam gec saatlara dərs saxlanmamalıdır.  Bütün gününü sadəcə dərslərinə deyil istirahətə, ailə üzvlərinə, oyuna da ayıra bilməlidir.
Uşaqlar valideynlərinin qayğısına, mərhəmətinə, şəfqətinə, anlayışına ehtiyac hiss edərlər. Onların ən kiçik uğurlarını  belə qiymətləndirin. Səhvlərinə güzəştə getməyə bacarın. Bir gün bunlar mütləq öz  bəhrəsini verəcək.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top