KƏMALƏ ABDURAHMANOVA

Uşaqlar arası qısqanclıq və çıxış yolu

Uşaqlar arası qısqanclıq və çıxış yolu

KƏMALƏ ABDURAHMANOVA

Evdə uşaqlar arasındakı qısqanclıq və rəqabət sandığımız qədər də pis deyil. Evə yeni qardaş və ya bacı gəldiyi zaman uşaq ata-ananın sevgisini ölçməyə başlayır. Əvvəlki qədər sevildiyindən əmin olmaq istəyir. Uşaq evə yeni gələn körpənin haqqında qarışıq duyğular içində ikən, ona dediyimiz “Mənim oğlum bacısını çox sevir, mənim qızım qardaşını qısqanmaz, bacın olduğu üçün çox şanslısan, sən artıq böyüdün” sözləri onun qarışıq hissləri ilə üst-üstə düşmədiyindən narahatlığını artırmaqdan başqa bir işə yaramayacaq.

Yeni gələni qısqanan bir uşaq böyüklərin “yaxşı uşaq bacısını, qardaşını qısqanmaz” sözləri qarşısında özünü günahkar sayacaq.

Qardaş-bacı qısqanclığı həmişə var olan, doğru yönləndirildiyi zaman uşağa ailəsini tanımağı, paylaşmağı, anlaşmağı öyrədən bir duyğudur. Bu proseslər çox uşaqlı ailələrdə daha tez inkişaf edə bilir. Ailənin tək uşağı qardaş-bacı qısqanclığı yaşamadığı, ailə böyükləri tərəfindən ərköyünləşdirildiyi və hər istəyi yerinə yetirildiyi üçün çox zaman zehni və duyğu olaraq oturaqlaşa bilmir. Dostlaşmaqda, oyun qurmaqda, oyunun qaydalarına əməl etməkdə çətinlik çəkər, bölüşməyi, razılaşmağı çətin öyrənər.

Yeni uşaq gəldiyi zaman evdəki uşağı buna əvvəldən hazırlamaq yaxşı olar. Qardaşı və ya bacısı olduğu zaman onun yerinin dəyişməyəcəyini söyləmək lazımdır. Onu sevdiyinizi və yeni doğulacaq uşaq gəldikdən sonra da sevməyə davam edəcəyinizi söyləyə bilərsiniz. Ana gələcək körpəsinə paltar, oyuncaq, yataq seçərkən uşağından məsləhət istəyə bilər, alış-verişini onunla birlikdə edərsə, seçimlərin bəzilərini ona seçdirərsə bu uşaqda “biz bir ailəyik” fikrini yaradar. Əgər yeni olacaq uşağa onun paltarlarından geyindirəcəksinizsə bunu ondan icazə alaraq etsəniz daha yaxşı olar. Kiçik uşaqların ehtiyaclarının nələr olacağını onunla bölüşə bilərsiniz və bu işdə ona kiçik məsuliyyətlər verə bilərsiniz. Onun bu işləri gördüyü zaman ondan nə qədər razı olduğunuzu ona ifadə edin.

Əslində uşaqlarda görülən qısqanclıq yeni gələnə yox, ata-anayadır. Evə gələn qonaqların yeni körpəyə hədiyyələri, onu daha çox görmək istəmələri onu yavaş-yavaş qıcıqlandırıb narahat edər. O da bunun acısını atadan, anadan çıxarar. Qısqanclıq onun özünə və ya başqalarına zərər vermirsə bu onun içindəki bu duyğu ilə mübarizə apardığı anlamına gəlir. Burada kiçik də olsa bir məsləhət ola bilər. Evinizə əvvəlcədən uşağınızın sevdiyi oyuncaq əşyalar alıb saxlaya bilərsinz, balacaya gətirilən hədiyyələrlə bərabər onu da yaddan çıxarmamış olarsınız.

Unutmayaq ki, kiçiyə nə qədər diqqət ediriksə böyük bunun iki qatını gözləyir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top