
Avropa Komissiyası (AK) aprelin 9-da Macarıstan hakimiyyətini Rusiyaya mümkün məlumat ötürülməsi ilə bağlı “çox narahatedici” xəbərlərə aydınlıq gətirməyə çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Brüsseldə jurnalistlərlə söhbəti zamanı danışıb.
O bildirib ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bu məsələni rəhbərlik səviyyəsində qaldırmaq niyyətindədir:
“Hesabatlar Aİ üzvünün (Macarıstan – red.) hakimiyyət orqanları tərəfindən Rusiya ilə əlaqələndirmənin narahatlıq doğuran ehtimalını vurğulayır ki, bu da Aİ-nin və bütün vətəndaşlarının təhlükəsizliyi və maraqlarına qarşı fəal şəkildə işləmək deməkdir. Bu, son dərəcə narahatedicidir və adıçəkilən hakimiyyət orqanları təcili olaraq öz hərəkətlərinə aydınlıq gətirməlidir”.
Xatırladaq ki, ötən ay dünyanın nüfuzlu media orqanları Macarıstanın xarici işlər naziri Peter Siyartonun rusiyalı həmkarı ilə qalmaqallı səs yazısını yayıb. Sözügedən səs yazısında macarıstanlı nazir Rusiyanın göstərişlərini yerinə yetirməyə hazır olduğunu təsdiqləyir.
Bir neçə gün əvvəl isə “Bloomberg” Rusiya Prezidenti Vladimir Putin ilə Macarıstanın Baş naziri Viktor Orbanın telefon danışığını yayıb. 2025-ci ilin oktyabrında baş tutan telefon danışığı zamanı Orban Putinə Ukrayna müharibəsində Moskvanın qalib gəlməsi üçün “istənilən şəkildə” kömək etməyə hazır olduğunu bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz