
Rusiya xarici işlər naziri Sergey Lavrovla macarıstanlı həmkarı Peter Siyarto arasında baş tutan söhbətin səs yazısı və stenoqramı yayılıb.
Yeniavaz.com xarici mediaya istinadla xəbər verir ki, materiallar macarıstanlı nazirin Rusiyanın göstərişlərini yerinə yetirməyə hazır olduğunu təsdiqləyir.
Məlumata görə, Siyarto 30 avqust 2024-cü ildə Sankt-Peterburqdan Budapeştə gəldikdən cəmi bir saat sonra Lavrovdan ona zəng gəlib.
Lavrov rusiyalı oliqarx Əlişir Usmanovun bacısı Gülbahar İsmayılovanın Aİ-nin sanksiya siyahısından çıxarılması ilə bağlı xahişini xatırladıb. Siyarto isə cavab olaraq kömək edəcəyinə söz verib.
“Məsələ burasındadır ki, biz slovaklarla birlikdə Avropa İttifaqına onun siyahıdan çıxarılması üçün təklif verəcəyik. Biz onu gələn həftə təqdim etməyi nəzərdə tuturuq. Sanksiyaların yenidən nəzərdən keçirilməsi dövrü başladığı üçün bu məsələ gündəliyə daxil ediləcək və biz onun siyahıdan çıxarılmasını təmin etmək üçün əlimizdən gələni edəcəyik”, - deyə macar naziri bildirib.
Söhbətin sonunda Siyarto “Qazprom”un Rusiyadakı yeni qərargahına səfəri barədə danışıb və: “Mən həmişə sizin xidmətinizdəyəm”, - deyə əlavə edib.
Digər tərəfdən, səsyazmanın keyfiyyəti Lavrovun səsinin Siyartonun səsindən daha aydın olduğunu göstərir və bu da onun Rusiya telefonundan dinlənildiyinə işarə edir.
Bu söhbətdən 7 ay sonra isə İsmayılova Aİ-nin sanksiyalar siyahısından çıxarılıb. O, iş adamı Vyaçeslav Moşe Kantor və Rusiyanın idman naziri Mixail Deqtyarevlə birlikdə sanksiyalar siyahısından çıxarılıb.
Qeyd edək ki, Macarıstan və Slovakiya müntəzəm olaraq hüquqi səbəblərdən daha çox siyasi səbəblərə istinad edərək rusların sanksiyalardan kənarlaşdırılmasını təklif edirlər. Mart ayında keçirilən danışıqlar zamanı onlar Usmanov və Mixail Fridmanla bağlı Aİ-yə təzyiq göstəriblər. Danışıqlar 14 mart səhəri Slovakiyanın bu adların siyahıda saxlanmsına razı olmasından sonar başa çatıb.
Tətbiqimizi yükləyə bilərsiniz