
Rusiya Prezidenti Vladimir Putin ilə Macarıstanın Baş naziri Viktor Orbanın telefon danışığı yayılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Bildirilir ki, 2025-ci ilin oktyabrında baş tutan telefon danışığı zamanı Orban Putinə Ukrayna müharibəsində Moskvanın qalib gəlməsi üçün “istənilən şəkildə” kömək etməyə hazır olduğunu bildirib. “Kömək edə biləcəyim istənilən məsələdə sizin xidmətinizdəyəm”, - deyə Orban bildirib.
Orban özünü məşhur nağıldakı tora düşmüş şiri xilas edən siçanla müqayisə edib. Bu bənzətmənin hər iki liderin gülüşünə səbəb olduğu bildirilir.
Orban həmçinin Ukraynaya qarşı dörd ildir davam edən müharibə fonunda Rusiyaya dəstək nümayiş etdirmək üçün Budapeştdə sammit keçirmək istədiyini bildirib və bu tədbirə ABŞ-nin də cəlb olunmasını müzakirə edib. Lakin bu sammit baş tutmayıb.
Telefon danışığı zamanı Orban və Putin “ortaq dostları” Trampı da tərifləyiblər. Orban Trampın biznes yanaşmasını “tornado kimi” qiymətləndirib, Putin isə onun “tank kimi irəlilədiyini” bildirib.
“Bloomberg” qeyd edib ki, Donald Tramp ilə Orban da uzun illərdir yaxın müttəfiqdir. Orban 2016-cı ildə Trampın prezidentlik kampaniyasını dəstəkləyən ilk Avropa İttifaqı lideri olub. Tramp da Orbanın yenidən seçilməsi kampaniyasını açıq şəkildə dəstəkləyir və bu məqsədlə ABŞ-nin vitse-prezidenti Vensi Macarıstana göndərib.
Ötən ay “The Washington Pos”t yazıb ki, Macarıstanın xarici işlər naziri Peter Siyyarto tez-tez Aİ-yə məxsus məxfi məlumatları Rusiyanın xarici işlər naziri Sergei Lavrova ötürür. Mənbənin sözlərinə görə, “illərdir hər Aİ iclasında faktiki olaraq Moskva da masada olub”.
Onu da qeyd edək ki, ABŞ-nin vitse-prezidenti Vens və həyat yoldaşı Uşa Vens bu gün Budapeşt hava limanında Macarıstanın xarici işlər naziri Peter Siyyarto tərəfindən qarşılanıb. Vensin günün sonunda Orbanla birlikdə mitinqdə çıxış edəcəyi gözlənilir.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz