"Dövlət ittihamçısı zərərçəkənin görmədiyi şəxsə 9 il 6 ay iş istədi"


Bir müddət əvvəl Sumqayıtda "Metallurq" kafesində baş vermiş cinayət hadisələrindən biri haqqında məlumat vermişdik. Quliyev Xaqani Azad oğlunun ağır dərəcəli bədən xəsarəti aldığı həmin cinayət işinin məhkəməsi yekunlaşmaq üzrədir. Lakin zərərçəkən tərəf öz narazılıqlarını bildirir, cinayət işinin obyektiv istintaqının aparılmadığını, məhkəmənin də ibtidai istintaqın yol verdiyi qüsurları üzə çıxarmaq marağında olmadığını iddia edir.
Zərərçəkənin qardaşı və qanuni nümayəndəsi İltimas Quliyev Yeniavaz.com-a müraciət edərək istintaq zamanı çox ciddi qanun pozuntularının baş verdiyini iddia edib və onları belə sıralayıb:
“1. “Metallurq” kimi fəaliyyət göstərən obyektin icarədarı Vasif adlı şəxs ifadəsində bildirir ki, 7-8 ildir bu obyekti işlədir. Lakin cinayət işi materiallarında sadəcə 2018-ci ilə dair müqavilə var. Eyni zamanda şahid və təqsirləndirilən şəxslərin ifadələrindən aydın olur ki, onlar orada işləyiblər, lakin heç birinin əmək müqaviləsi olmayıb. Bu məsələyə hüquqi qiymət verilməyib. Konkret bu cinayət işi üzrə obyekt sahibləri barədə heç bir araşdırma aparılmayıb.

2. Cinayət hadisəsi baş verən zaman həmin obyektə Sumqayıt şəhər 4-cü polis bölməsinin təhqiqatçısı Rafiq Quliyev və bir neçə əməkdaşı gəlib, ağır dərəcəli qanlı hadisəni görsələr də, heç bir hüquqi addım atmayıblar. Təkcə müşahidə kameralarının qeydə aldığı görüntülərı götürüblər, həmin görüntülərdən  1 dəqiqə 35 saniyə və 24 saniyədən ibarət iki kiçik hissə cinayət işi materiallarında var. Hadisəni əks etdirən əsas hissələr gizlədilir, yaxud yararsız hala salınıb. Ağır cinayət hadisəsində mötəbər sübutu məhv etmə, saxtalaşdırma cinayət məsuliyyətinə səbəb olur. Bu fakta bu günə kimi qiymət verilməyib. Hadisədən təxminən bir həftə sonra, dəfələrlə etdiyimiz şikayətlərdən sonra cinayət işi açılıb. Halbuki faktla bağlı cinayət işi dərhal açılmalı idi. Cinayət hadisəsindən bir gün sonra Quliyev Xaqaninin xəstəxanada olduğu müddətdə məhkəmə tibbi ekspert müayinəsindən keçməsini tələb etsək də, Sumqayıt şəhər 4-cü polis bölməsindən bu tələbimizə əhəmiyyət verən olmadı.

3. “Metallurq”un işçilərindən ibarət saxta şahid heyəti formalaşdırıldı. Onlara iki nüans əzbərlətdilər - Xaqani Quliyevə xəsarəti Bəxtiyar yetirib və Sabirlə Tural heç kimi vurmayıb. Lakin həmin saxta şahidlər əlavə suallara hazır olmadığından, ibtidai istintaqa verdikləri ifadələrlə Bakı Ağır Cinayətlər Məhkəməsində verdikləri ifadələr ziddiyyət təşkil etdi. Yalan ifadə verdiklərinə görə cinayət məcəlləsinə əsasən məsuliyyət daşımalıdırlar.
Həmçinin oxuyun: Tanınmış hakim polis rəislərindən Seyfulla Əzimova şikayət etdi
4. Hadisədən xeyli müddət sonra məhkəmə tibb eksperti verdiyi rəylərdə yuxarıda qeyd etdiyim həmin saxta şahid ifadələrinə rəyin əsaslandırma hissəsində istinad edib. Sabir Əskərovun Quliyev Xaqaninin gözünə vurduğu daş, Tural Sadıqovun əlindəki taxta (hətta kəsik videoda da görünür) ekspertə təqdim edilməyib. Dəfələrlə həmin cinayət alətlərinin ekspertə təqdim edilməklə Quliyev Xaqaninin yenidən ekspert müayinəsindən keçirilməsini tələb etsək də, vəsatətlərimiz rədd edilib.

5. Quliyev Xaqaniyə xəsarətləri 3 nəfər yetirib. Onlardan Ümid adlı şəxs ümumiyyətlə istintaqa cəlb edilməyib, lakin cinayət işi materiallarında adı dəfələrlə keçib. Hətta təqsirli şəxslər Ümidin hadisə zamanı orada olmağısını da təsdiq edirlər. Barəsində heç bir axtarış aparılmayıb, izahatı, ifadəsi alınmayıb. Hesab edirik ki, onun yerinə Bəxtiyar Fərəcov həbs edilib. Halbuki zərərçəkən Xaqani Quliyev Bəxtiyar Fərəcovun ona xəsarət yetirmədiyini dəfələrlə ifadələrində bildirib. Ən ağır maddələrlə məhz Bəxtiyar Fərəcov ittiham edilir. Hesab edirik ki, Bəxtiyar Fərəcovun sağlamlıq durumundan və maddi vəziyyətindən sui-istifadə edilərək bu ağır cinayət onun boynuna qoyulub. Həqiqət axtarışında olan ibtidai istintaq və məhkəmə hadisənin görüntülərinin əslini tələb etməlidir.

6. Sübhan Abdulrəhimov ad şəxs ifadəsində Xaqani Quliyevə zərbələr endirdiyini bildirsə də, adı şahid siyahısında qeyd edilib. Heç bir məhkəmə iclaslarına çağırılmır. Bizə şifahi olaraq müddətli həqiqi hərbi xidmətdə olduğu bildirilir. Hərbi xidmət şəxsi cinayət məsuliyyətindən azad etmir. Həmçinin müddətli həqiqi hərbi xidmət Azərbaycan Respublikasında 18 aydır. Lakin sözügedən şəxs 2 ildən artıqdır ki, məhkəmə proseslərinə gəlmir.
Həmçinin oxuyun: Zərərçəkənin nümayəndəsi: “Hakimin nazir müavininə müraciəti əhəmiyyətsizdir”
7. Xaqani Quliyevin hadisə zamanı telefonu itib. Həmin telefon barəsində heç bir axtarış aparılmayıb, fakta hüquqi qiymət verilməyib.

 8 . Təqsirli şəxslərin əmməlləri düzgün tövsif olunmayıb. Cinayət işi materiallarında təqsirli şəxslər və əməlləri xarakterizə olunan hissələrdə qəydlər varki “bir qrup şəxs” hadisəni törədib. Həmçinin hadisə zamanı ağır bədən xəsarəti faktı var. Ekspert rəyi ilə də ağır dərəcəli xəsarət təsbit olunub. Cinayət məcəlləsində bir qrup şəxs tərəfindən, ağır xəsarət yetirməyə dair maddə (126.2.1) var. Lakin istintaq başqa maddələrlə aparılıb, ittiham aidiyyəti olmayan maddələrlə elan edilib.

9 . Quliyev Xaqani ağır dərəcəli xəsarət alması ilə bağlı bir neçə dəfə əməliyyat olunub. İbtidai istintaq maddi ziyanla bağlı heç bir tədbir görməyib, Q. Xaqanini mülki zərərçəkən kimi tanımayıb. İş Bakı Ağır Cinayətlər Məhkəməsində olduğu zaman mülki zərərçəkən kimi tanınıb. İş yenidən ibtidai istintaqa qayıtdıqdan sonra tərtib olunan ittiham aktında yenə də bu barədə bir qeyd yoxdur. Buradan belə nəticəyə gəlirik ki, təkmil ibtidai istintaqı aparan müstəntiq Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarını saymır.

10. Cinayət işi bir müddət Bakı Ağır Cinayətlər Məhkəməsində istintaq olunduqdan sonra, hakim işin qeyri-obyektiv araşdırıldığı qənaətinə gəldi və 6 avqust 2021-ci ildə qərar qəbul edərək cinayət işinə prossesual rəhbərliyi həyata keçirən Sumqayıt Prokurorluğuna yeniden istintaq olunması üçün göndərdi. Eyni zamanda ibtidai istintaqa rəhbərlik edən müstəntiq Bəhruz Musayev barəsində xüsusi qərar qəbul edərək Daxili İşlər Nazirliyinə göndərdi. İbtidai istintaq müddətində biz zərərçəkən tərəf olaraq dəfələrlə Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa istintaqın düzgün aparılmaması barədə müraciətlər etmişdik. Sağ olsun, cənab nazir istintaqın qeyri-obyektiv aparılması ilə bağlı müstəntiq barəsində məhkəmənin xüsusi qərarını aldıqdan az sonra, təxminən 2021-ci ilin sentiyabr ayında Bəhruz Musayevi daha yüksək və strateji posta - Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsinə rəis təyin etdi.

11. Cinayət işi Sumqayıta təkrar araşdırma üçün göndəriləndən sonra iş həvalə olundu əvvəlki ibtidai istintaq qrupunun üzvü olan müstəntiq Rafiq Qəmbərova. O isə yuxarıda sadaladığım heç bir faktı araşdırmadan, heç bir istintaq hərəkəti aparmadan əvvəlki ittiham aktı ilə hərfbəhərf, nöqtə-vergülünə kimi eyni olan (ittiham aktının ilk səhifələri istisna olmaqla) yeni bir ittiham aktı tərtib etdi. 22 sentiyabr 2021-ci il tarixində cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərildi.

12. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində iş guya araşdırıldı. Bir neçe ay ümumiyyətlə prosesler olmadı. Son vaxtlar ayda bir proses keçirərək zərərçəkmiş və təqsirləndirilən səxslərin ifadələri alındı. Bu müddət ərzində zərərçəkən tərəf olaraq bir neçə vəsatət verdik, heç biri təmin olunmadı. Nəhayət 23.06.2020-ci il tarixinə təyin olunmuş məhkəmə iclası ildırımsürətli bir gediş aldı. Bir prosses müddətində (təxminən bir saat) məhkəmə heyəti şahidlərin məhkəməyə gəlməsini lazım bilmədi, bu barədə qərar qəbul etdi. Təbii ki, etiraz etdik, rədd edildi. Dərhal keçildi sənədlərin tədqiqinə, altı cildlik cinayət işi materiallarını 3 hakim hərəyə iki cild olmaqla başladılar vərəqləməyə. Bəzi sənədlərin başlıqlarını ucadan oxumaq şərti ilə. Bu mənzərəyə də etiraz etdik, yenə rədd edildi. Məhkəmə istintaqının bitməsini elan etmek istəyəndə, vəsatətlərimin olduğunu bildirdim. Şifahi bildirməyi təklif etdi. 3 hal üzrə vəsatət verdim. Ən vacib olanı o idi ki, videomaterialların Sumqayıt Polis İdarəsindən və prokurorluqdan tələb edilsin. Hakim bunu və komission qaydada məhkəmə tibbi ekspertiza keçirilməsini, Sübhan Abdulrəhimovun və təhqiqatçının məhkəməyə dəvət edilməsi barədə vəsatərlərimi rədd edərək istintaqı yekunlaşdırdı. Həmin sürətlə də məhkəmə çıxışlarına başladı. Dövlət ittihamçısı zərərçəkənin görmədiyi Bəxtiyar Fərəcova 9 il 6 ay iş istədi. Digərlərinə isə azadlığa bərabər bir iş istədi, halbuki zərərçəkənə əsas xəsarətləri həmin şəxslər yetirib”.
Həmçinin oxuyun: Məhkəmənin yenidən araşdırılması üçün geri göndərdiyi iş eyni müstəntiqə verildi - İDDİA
İ. Quliyev istintaqın düzgün aparılmadığını iddia edərək aidiyyəti qurumlara və ölkə rəhbərliyinə müraciət edib:
“Mənə söz veriləndə hazır olmadığımı bildirərək, növbəti prosesde çıxış edəcəyimi bildirdim. Mən çıxış etsəydim inaniram ki, bu sürətlə hökm oxunacaqdı. Anlaya bilmədim, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi (sədri) Rəşad Əliyevin bu sürətini. Mənim çıxışımı növbəti prosesə saxlamaq istəyim olmasaydı bu boyda iş, belə biabırçı formada yekunlaşacaqdı. Ona görə də ölkə rəhbərliyindən, Ədliyə Nazirliyindən, Məhkəmə-Hüquq Şurasından, Baş Prokurorluq, bütün aidiyyəti orqanlardan xahiş edirəm, bir əncam çəkin. Bu qədər haqsızlıq olmaz. Bu günə kimi aidiyyəti üzrə göndərdiyim bütün şikayətlər araşdırılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Mənim məktublarıma bu cür cavab gəlib. Bu da hakim Rəşad Əliyevin araşdırması…”

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top