Zərərçəkənin nümayəndəsi: “Hakimin nazir müavininə müraciəti əhəmiyyətsizdir”


Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin Sumqayıt və Abşeron polis rəislərinin məhkəmə qərarlarını icra etməməsi barədə daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimova müraciət etməsi barədə xəbər vermişdik.
Sözügedən xəbərdə zərərçəkmiş qismində təqdim olunanlardan Xaqani Quliyevin qardaşı və qanuni nümayəndəsi İltimas Quliyev Yeniavaz.com-a açıqlama verərək mətbuatda yayılan həmin məlumatda hadisənin yanlış təsvir olunduğunu iddia edib: 
“O məlumatı mətbuata qarşı tərəf ötürüb. Orada yayımlanan məlumatlar tamamilə yanlışdır. Orada yazılıb ki, Xaqani Quliyev tum yeyərək qabığını yerə töküb. Bu səhv məlumatdır. Orada tum yemə məsələsi olub, ofisiantlar etiraz etsə də, onlar tum yeməyə davam ediblər. Çünki onlar, kafedəki digər müştərilərdən fərqli olaraq özlərinin gətirdiyi tumu yeyiblər. Məsələ bundan qaynaqlanıb. Amma onlar yazırlar ki, tumu yeyib, qabığını yerə töküblər. Belə söhbət olmayıb orada. 
İkincisi, orada yazılıb ki, Xaqani Quliyev söyüş söyüb. Əksinə, söyüşü qarşı tərəf söyüb. Onu çölə çağırıb təhqir ediblər. Söhbət bundan sonra davaya çevrilib. Dava nəticəsində qardaşıma 3 nəfər tərəfindən – Sabir Əskərov, Tural Sadıqov və S. Əskərovun dostu Ümid adlı şəxs tərəfindən xəsarət yetirilib. Amma istintaq orqanı Bəxtiyar Fərəcovu həbs edib. Yəni hadisə zamanı zərərçəkənlərin görmədiyi bir şəxs həbs olunub. Hadisə müşahidə kameralarının altında baş verib. Hadisə haqqında daha dolğun məlumatı video-müşahidə nəticəsində almaq olar ya şahidlərin ifadələri nəticəsində? Sübut kimi video-müşahidə şahid ifadələrindən daha obyektiv deyilmi? Müşahidə kameralarının lentə aldığı kadrlar kəsilərək 24 saniyə və 1 dəqiqə 35 saniyə olmaqla kiçik hissələr saxlanılıb. Halbuki, oradan təhqiqat zamanı 12-15 dəqiqəlik kadr götürülüb. Oraya ilk gələn də Sumqayıt 4-cü polis bölməsinin təhqiqatçısı Rafiq Quliyev olub. İstintaq zamanı sözügedən kadrlar doğranıb. Hadisəni törədənlər qalıb qıraqda, cinayət Bəxtiyar Fərəcovun boynuna qoyulub”.
O bildirib ki, sözügedən kadrların tam olaraq əldə olunması ilə bağlı məhkəmə qarşısında vəsatət qaldırsa da, təmin olunmayıb: “Bu daha önəmlidir, nəinki, şahidlərin məhkəməyə gətirilməsi. Hakim daha əhəmiyyətsiz bir məsələ ilə bağlı nazirliyə müraciətlər edir, mətbuata məlumat ötürür, lakin daha lazımlı olan kadrların tələb olunması ilə bağlı heç bir addım atmır. Videomaterial şahidin ifadəsindən daha obyektiv sübutdur məhkəmə üçün”.
Qeyd edək ki, sözügedən hadisə 2019-cu il avqustun 16-da Sumqayıt şəhərində “Metallurq” kafesində baş verib. Hadisə ilə bağlı istintaq prosesi başa çatıb və hazırda məhkəmə prosesi davam etməkdədir.
Xatırladaq ki, ötən gün mətbuatda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin, Sumqayıt və Abşeron polis idarələri rəislərinin məhkəmə qərarını icra etməmələri ilə bağlı daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimova müraciət etməsi barədə məlumat yayılıb. Bildirilib ki, sözügedən şəxslər hakimin şahidlərin məcburi gətirilməsi barədə qərarını icra etmir.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top