Məhkəmənin yenidən araşdırılması üçün geri göndərdiyi iş eyni müstəntiqə verildi - İDDİA


Sumqayıt şəhər sakini Quliyev Xaqani Azad oğlunun 16 avqust 2019-cu ildə Sumqayıt şəhərində yerləşən “Metallurq” kafesində müxtəlif şəxslər tərəfindən ağır dərəcəli xəsarət alması və bu cinayət işi üzrə şahidlərin məcburi məhkəməyə gətirilməsi barəsində hakim Zeynal Ağayevin qəbul etdiyi qərarları Sumqayıt və Abşeron polis idarələrinin icra etməmələri ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etməsi barədə məlumat vermişdik.
Məsələ ilə bağlı yenidən Yeniavaz.com-a müraciət edən zərərçəkənin qardaşı və hüquqi nümayəndəsi İltimas Quliyev bildirib ki, aparılmış istintaq, prosessual normalara uyğun olmadığından və iş hərtərəfli araşdırılmadığından təqsirli şəxslərə daha ağır ittiham verilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 avqust 2021-ci il tarixində qəbul etdiyi qərarla yenidən istintaqa qaytarılıb. O, cinayət işi materiallarının bu cinayət işi üzrə əvvəl istintaq qrupunun üzvü olan müstəntiqə verildiyini deyib:
“Cinayət işinin ibtidai istintaqı qeyri-obyektiv, qərəzli, bir çox qanun və normaların pozulması ilə müşayiət olunan formada məhkəməyə göndərilib. 
Zərərçəkən Xaqani Quliyevə işgəncə verərək ona ağır dərəcəli xəsarəti Ümid adlı şəxs, Sabir Əskərov və Tural Sadiqov yetirib. Lakin istintaq orqanı zərərçəkənin hadisə zamanı görmədiyi Bəxtiyar Fərəcovu həbs edib. 
Hadisə videomüşahidə kameralarının altında baş verib, həmin görüntülər kəsilərək 1 dəqiqə 35 saniyə və 24 saniyədən ibarət kiçik hissələr cinayət işi materiallarına əlavə edilib. Cinayət işinə əlavə edilən bu kiçik videoparçalardan xəsarəti Xaqani Quliyevə kimin yetirdiyi görünmür. Hesab edirik Ümid, Sabir Əskərov və Tural Sadiqovu məsuliyyətdən azad etmək və ya onların cinayət məsuliyyətini yüngülləşdirmək məqsədi ilə videokadrlar kəsilib. Videomaterial cinayət hadisələri zamanı mötəbər sübutdur, sübutu saxtalaşdırıblar. Belə ağır cinayətlərdə sübutu saxtalaşdırmaq Cinayət Məcəlləsinin 294.3-cü maddəsinə görə cinayət məsuliyyətidir.
Həmçinin öz saxtakar əməllərini ört-basdır etmək üçün kafenin işçilərindən ibarət şahid heyəti hazırlanıb. Həmin şahidlər məhkəməyə gəlməkdən boyun qaçırırdılar. Saxta şahidlərə iki nüans əzbərlədilib ifadələri alınmışdı: 
1. Bəxtiyar Fərəcov Xaqani Quliyevə xəsarət yetirdi,
2. Sabir Əskərov və Tural Sadıqov hadisə zamanı heç kəsə xəsarət yetirməyib. 
Bu şahid heyəti əlavə suallara hazır olmadıqları üçün məhkəmə istintaqı zamanı verilən suallara cavab verərkən ibtidai istintaqa verdikləri ifadələrlə ziddiyyət təşkil edən fikirlər səsləndirdilər. 
Digər tərəfdən ibtidai istintaq zamanı Ümid adlı şəxsin ifadəsi belə alınmayıb. Sübhan Abdulrəhimov isə ifadəsində Xaqani Quliyevə zərbə vurduğunu bildirsə də, ittiham aktına adı şahid kimi daxil edilib. 
“Metallurq” kafesinin fəaliyyəti bütun Sumqayıta bəlli olduğu kimi əxlaqsızlıq yuvasıdır, lakin istintaq orqanı kafeni işlədənlərin fəaliyyətinə, bu cinayət hadisəsindəki iştirakı və roluna hüquqi qiymət verməyib. Xaqani Quliyevin telefonu hadisə zamanı itib, istintaq orqanı bu hala da qiymət verməyib. 
Bütün yuxarıda sadaladığım və burada bəzi qeyd etmədiyim faktlarla bağlı istintaq müddətində dəfələrlə Sumqayıt Şəhər Prokurorluğuna müraciət etmişdik, lakin bizim müraciətlərimizə baxmadan işi məhkəməyə göndərmişdilər. İbtidai istintaqa rəhbərliyi həyata keçirən prokuror zərərçəkənə və nümayəndəsinə məlumat vermədən cinayət işini məhkəməyə göndərməklə Cinayət Prosesual Məcəllənin 292.2-ci maddəsinin tələbini pozmuşdur. Həmçinin Sumqayıt Şəhər Prokururluğuna etdiyimiz birbaşa müraciətlər və digər instansiyalara etdiyimiz müraciətlər cavablandırılması üçün Sumqayıt Şəhər Prokurorluğuna göndərilmiş, həmin müraciətlərə cavab verilmədiyi üçün Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin “Vətəndaşların müraciətləri haqqında” qanununun və "Prokurorluq" haqqında qanunun tələbləri yerinə yetirilməmiş, beləliklə hüquqlarımız pozulmuşdur. Məhkəmənin 06.08.2021-ci il tarixli qərarı ilə yenidən istintaqa qayıdan cinayət işinin Sumqayıt şəhər istintaq orqanlarında araşdırılmasına etiraz edirik. Cinayət işi materialları bu cinayət işi üzrə əvvəl istintaq qrupunun üzvü olan müstəntiqdədir. Ona etrazımızı bildirmişik. Lakin etirazımız təmin olunmayıb”.
İltimas Quliyev Sumqayıt şəhərinin hüquq-mühafizə orqanlarının bu işə qərəzsiz yanaşacaqlarından əmin olmadıqları üçün, istintaqın başqa rayonda araşdırılmasını istəyir: 
“Sumqayıt Şəhər Polis İdarəsində yüksək vəzifə tutan, bu iş üzrə istintaq qrupunun rəhbəri olmuş Bəhruz Musayevdən, müstəntiqlər Namiq Mirzəzadə və Rafiq Qəmbərovdan, təhqiqatçı Rafiq Quliyevdən, məhkəmə-tibbi eksperti Faiq Məmmədovdan, eləcə də, Sumqayıt Prokurorluğunun əməkdaşlarından ədələtli istintaq gözləmirik. Onların bu işə qərəzsiz yanaşacaqlarına əmin deyilik. 
Xahiş edirəm, cənab Prezident İlham Əliyev, Baş prokuror cənab Kamran Əliyev, Daxili işlər naziri cənab Vilayət Eyvazov, məhkəmədən yenidən araşdırılması üçün qayıdan cinayət işini nəzarətinizə götürəsiniz. Cinayət işinin Sumqayıt şəhər istintaq orqanlarından alınaraq başqa bir rayonda araşdırılmasını  təmin edəsiniz”.

DİGƏR XƏBƏRLƏR

Top