"Arxada qalan iki gün ərzində misilsiz rəzalətin şahidi olduq"


“Arxada qalan iki gün ərzində misilsiz rəzalətin şahidi olduq, amma desəm ki, təəccüblü oldu günah edərəm. Ona görə ki, ölkədə siyasət adına tam mənəvi deqradasiyaya uğramış kriminal dəstələrin at oynatdığını elə özüm dəfələrlə demişəm”.

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan təhlükəsizlik orqanının əks-kəşfiyyat idarəsinin keçmiş əməkdaşı, təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bildirib.
“Amma bunu da əlavə etməliyik ki, həmin iki gün ərzində Tərtər qətliamını törətmiş cani və qatillər onların haqqında yüksək fikirdə olduğumuzu da sübut etdilər bizə. İnsanı övladının toyundan bir gün əvvəl şərləyib həbs etmək azmış kimi, cinayətkarlar toy məclisinin özünü də pozmağa cəhd etdilər.
Belə bir davranışı anlamaq mümkün olmadığından buna heç çalışmayaq da, çünki buna cəhd etsək təkcə əxlaq və mənəviyyat kodeksi deyil, hətta psixiatriya elmi də izahat verməkdə aciz qalacaq. Hərçənd İlham Aslanoğlunun övladının toyunda pozuculuq salmaq sadəcə pozuculuq məqsədi daşımırdı.
Əslində məqsəd toy məclisini pozmaqdan daha ciddi və daha məkrli idi, amma görünür, düşmən onun planlaşdırdığı növbəti cinayətdən bu dəfə öncədən xəbərdar olduğumuzu hesablaya bilməmişdi. Halbuki bilməli idi, çünki təkcə elə bəndəniz bu haqda azı iki dəfə çıxışında xəbərdarlıq etmişdi.
Həmçinin oxuyun: İlham Aslanoğlu yenidən həbs olundu
Plan isə toy məclisində qarşıdurma yaradıb onu zorakılığa çevirmək və son nəticədə bununla ölkə gündəmini tutmaqdan ibarət idi. Bunun da arxasında Tərtər qətliamının araşdırılmasına birdəfəlik son qoymaq məqsədi dururdu. Görünür, cinayətkarlar cəzadan qaça bilməyəcəklərini nəhayət ki, anlayırlar.
Bu yerdə bir qədər irəli gedərək bunu da cinayətkarların nəzərinə çatdırmaq istəyirəm ki, Tərtər qətliamı qurbanlarının iyunun 16-na nəzərdə tutulmuş etiraz aksiyasına qarşı hazırlanan təxribat haqqında da ətraflı məlumatımız var və həmin təxribatın da qarşısı qətiyyətlə alınacaq.
Düşmənin bütün səylərinə baxmayaraq dünən toy məclisi yüksək səviyyədə keçirildi.
Dünənki toy məclisinə ölkənin ən uzaq güşələrindən gələn yüzlərlə qonağın sayəsində düşmən Tərtər qətliamı ətrafında etibarlı, güclü, mübarizə əzmli bir ailənin toplaşdığını gördü. Düşmən dünən Bakını, Gəncəni, Lənkəranı, Qazağı, Xaçmazı, Şəkini, İsmayıllını, Qəbələni və ölkənin bütün bölgələrini Tərtərdə gördü.
Ümid edirəm və əminəm ki, düşmən bunlardan düzgün nəticə çıxarmağa çalışacaq və öz miskin mövcudluğunu, qanlı cismini, ölü ruhunu xilas etmək, törətdiyi əməllərin məsuliyyətindən qaçmaq üçün yeni cinayətlərə cəhd etməyəcək. Etsə belə, bunun da qarşısı alınacaq.
Amma dünənki toy məclisi və onun ətrafında baş verənlərin üç mühüm nəticəsi oldu:
1. Cinayətkarlar bizim 4 ildə görə bilmədiyimiz işin öhdəsindən cəmi iki gün ərzində layiqincə gəldilər və Azərbaycan xalqına onun hansı təhlükə ilə üz-üzə olduğunu əyani şəkildə göstərdilər.
2. Onların bütün çalışmaları toy məclisində iştirak edənlərdə sərt təpki və baş verənləri izləyənlərdə dərin nifrət doğurdu.
3. Düşmən təxribatlarına rəğmən dünən Tərtər qətliamının ifşasında xüsusi rolu olan İlham Aslanoğlunun ocağında xoşbəxt bir azərbaycanlı ailəsinin təməli qoyuldu. Ən əsas da elə budur.
Bütün gənclərimizə xoşbəxt ailə sahibi olmağı arzulayıram! Elə İlham Aslanoğlunun övladının toy məclisini pozmağa çalışan cinayətkarların övladlarına da. Onların da insan kimi buna haqqı var və xoşbəxt olarlarsa onlar qatil, satqın, xəyanətkar valideynlərinin yolunu getməzlər.
İstədiyimiz də elə budur: ölkədə cinayətkarlığa birdəfəlik son qoymaq, onun nəsildən nəslə keçməsini dayandırmaq. Hamılıqla buna da mütləq nail olacağıq!”, - Ə.Orucov qeyd edib.
Həmçinin oxuyun: Vergi borcu olan şirkət Maliyyə Nazirliyinə tualet kağızı satacaq

DİGƏR XƏBƏRLƏR

Top