“Tərtər qətliamının ictimailəşməsində müstəsna rolu olmuş hüquqşünas İlham Aslanoğlu (Təhməzov) yenidən həbs olundu”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan təhlükəsizlik orqanının əks-kəşfiyyat idarəsinin keçmiş əməkdaşı, təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bildirib.
O qeyd edib ki, Yevlax rayon Məhkəməsi ona xüsusi ittiham qaydasında 6 aylıq həbs cəzası kəsib.
“Tanış gəldi? Əlbəttə, Əli Əliyevə qarşı atılan addımın təkrarı. Eyni hal, eyni dəst-xətt, eyni mənbədən gələn təhdid.
Əli Əliyev PKK-nı, İlham Aslanoğlu PKK çətəsinin Tərtərdə törətdiyi cinayəti ifşa etdiyi üçün şərlənib həbs olunur. Jurnalist Aytən Məmmədova PKK çətəsinə daxil olan cinayətkarların körpə Nərminlə bağlı törətdiyi cinayətdən yazdığına görə bıçaqlı hücuma məruz qalır və bütün bu, əməllər bizim susqunluğumuz sayəsində baş verir.
İlham Aslanoğluna “məhkəmə” oğlunun toyundan bir gün əvvəl axşam saat 5-də təcili şəkildə cəza kəsir. Bu, heç bir halda azərbaycanlı əxlaqı deyil, bu xalqa düşmənçilik edən və ölkəni işğal etmiş yadellilərin əxlaqı, mənəviyyatıdır. Biz rəsmən işğal altındayıq. Bunu anlamayınca xilas ola bilməyəcəyik.
Odur ki, sadə bir həqiqəti anlamalıyıq: işğalçı heç vaxt könüllü getmir, onu ya qovurlar, ya da məhv edirlər.
Bir dəfə rəhmətlik Vəfa Quluzadədən soruşdum ki, niyə bunlar PKK ilə belə sıx əlaqələr qurublar? Vəfa müəllimin cavabı çox sadə oldu. Dedi: “Ərəstun, PKK elə bunların özləridir da””, - Ə. Oruclu əlavə edib.
Qeyd edək ki, hüquq müdafiəçisi İlham Aslanoğlu (Təhməzov) bu ilin martın 5-də vaxtından əvvəl həbsdən azadlığa buraxılıb. Bu qərarı Şəki Apellyasiya Məhkəməsi çıxararaq İ. Aslanoğlunun böhtan ittihamı ilə 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzasını ləğv edib.
Xatırladaq ki, İ. Aslanoğlu “Tərtər işi” üzrə hərbçilərə və mülkü şəxslərə qarşı işgəncə faktlarını fəal şəkildə ictimailəşdirməklə tanınıb.
Məlumat üçün bildirək ki, bu ilin yanvarın 28-də Yevlax rayon Məhkəməsi İlham Aslanoğlunu 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilərək beş ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Fəal məhkəmə zalında həbs edilib.