Şərqdən Qərbə bir “beyin köçü” - Ziryab


Ziryabın xəlifə Harun Rəşidin hüzurundakı məharətli çıxışından sonra İshaq əl-Məvsili öz yetirməsi olan bu istedadlı tələbəsini dözülməz dərəcədə qısqanmışdı. Ziryabla öz evində baş-başa qalanda ona belə dedi: “Ya Əli! (Ziryabın əsl adı Əli ibn Nafi olduğu üçün müəllimi ona bu cür səslənmişdi) həsəd ən qədim və ən güclü xəstəlikdir. Dünya aldadıcıdır və insanı yoldan çıxara bilər. Sənət sahəsindəki ortaqlıq isə nəticədə düşmənçilik gətirər. Bu düşmənçiliyin çarəsi və çıxış yolu yoxdur. Mən sənin ustalaşman, sənətdə daha da püxtələşmən üçün əziyyət çəkib çalışsam da, sən üstün bacarıqlarını məndən gizlətdin. Mən sənin xeyrin üçün səni Harun Rəşidin hüzuruna çıxarmaqla özümə haqsızlıq etdim”. İshaq əl-Məvsili sonra sözlərinə belə davam elədi: “Sənin bu bacarıq və məharətin qarşısında mən xəlifənin gözündə geri plana düşəcəm. Belə olanda da biz ikimiz artıq rəqib olacağıq. Hətta bu gedişlə məndən daha yüksək bir mövqeyə gələcəksən. Ancaq mən buna imkan verə bilmərəm. Saray əyan-əşrafı arasında, xəlifənin hüzurunda öz mövqeyimi itirməkdənsə öz oğlum belə olsa onunla mücadilə edər, sənətdə özümə ortaq və rəqib qəbul etmərəm”.
İshaq əl-Məvsili Ziryabın önündə iki seçim buraxaraq sözlərinə belə davam elədi: “Buradan çox uzaq bir yerə gedəcəksən, mən də sənə bunun üçün maddi və mənəvi kömək edəcəyəm. Əgər belə etməsən, burada qalaraq mənim nifrətimi qazanacaqsan. Səni öldürəcəyimi, ya da sənə sui-qəsd əmri verəcəyimi iddia etməsəm də, heç vaxt yaşamağına icazə verməyəcəyəm! Elə indidən özünü məndən qoru və iki seçimdən birini tərcih et”. Əndəlüslü tarixçi və “Muktəbəs” kitabının müəllifi olan İbn Həyyanın (987-1076) qeyd etdiyinə görə, Ziryab müəlliminin onu böyük təhlükələrlə üz-üzə qoya biləcəyini düşünərək sənət, elm və mədəniyyət mərkəzi olan Bağdadı tərk etməyi seçdi. Müəllimi İshaq əl-Məvsili də Ziryabın bütün yol məsrəflərini qarşıladı. İshaq əl-Məvsili beləliklə Ziryabdan qurtularkən, Ziryab da Bağdaddan ayrılaraq üzü qərbə tərəf, əvvəlcə Qayrəvana, sonra da Kordovaya gedəcəkdi (İbn Həyyan, Muktəbəs, 312). Əslində İshaq əl-Məvsili və Ziryab arasında cərəyan edən bu hadisələrə Abbasi xilafət sarayının koridorlarında baş verən intiriqalardan biri kimi də baxmaq olardı.

Rəssam, dizayner və illüstrasiya ustası olan Thomas Duane Ziryabın əmək fəaliyyətini və bacarıqlarını yuxarıdakı şəkildə təsvir edib. Burada səsi gözəl olan bir quş, ud çalğı aləti və üzərində şərq motivləri olan bir çəngəl olmaqla üç detal nəzərə çarpır. Səsi gözəl olan quş Ziryabın səsinin gözəlliyini və axıcılığını, şərq motivləri ilə bəzədilmiş çəngəl onun mətbəx və süfrə mədəniyyəti haqqındakı yüksək bacarıq və məharətini, ud çalğı aləti də nəzəri və praktiki mənada musiqi elmindəki dərin biliklərini simvolizə edir.
Ədib və bioqraf yazıçısı olan Makkarinin (1582-1632) rəvayətinə görə, Ziryab Harun Rəşidin önündə mahnı ifa etdikdən dərhal sonra müəlliminin təhdidi ilə Bağdaddan ayrılaraq Əndəlüsə getdi. Ancaq digər tarixçi İbn Kutiyyəyə (898-977) görə isə Ziryab, Harun Rəşidin ölümündən sonra oğulları Əmin ilə Məmun arasında baş verən mücadilədə tərəf olmuş və tərəf tutduğu şahzadənin məğlub olması ilə Bağdaddan ayrılaraq Əndəlüsə qaçmaq məcburiyyətində qalmışdı. Onu da qeyd edək ki, Əmin və Məmun arasındakı mübarizə 4-5 il davam etmiş və Ziryab Harun Rəşidin ölümündən on üç il sonra Əndəlüsə getmişdi. Bütün bu rəvayətləri nəzərə alanda aydın olur ki, Ziryab sadəcə müəlliminin təhdidlərinə görə Bağdadı tərk etməmiş, burada başqa səbəblər də rol oynamışdı. Xüsusilə Əmin və Məmun arasındakı mücadilə və mübarizəyə görə musiqi sahəsi istər-istəməz bir az arxa plana keçmişdi. Bu da Bağdadda musiqi ilə məşğul olanların maddi olaraq geriləməsinə yol açmışdı. Saraya daha yaxın olan və daha üstün qabiliyyətlərə sahib Ziryab kimi musiqiçilərə də bu vəziyyət təsirsiz ötüşməmişdi. Həmçinin xilafət məqamı Məmuna keçəndə 20 ay boyunca mahnı dinləmədiyi, musiqiçiləri hüzuruna qəbul etmədiyi rəvayət edilir. Bəlkə də saray ətrafında cəmləşən musiqiçilərin sıxıntıları hələ Harun Rəşidin sağlığında başlamışdı. Çünki Ziryab istedad və bacarığını Harun Rəşidin önündə nümayiş etdirsə də, Harun Rəşid ona mükafat verməmişdi. Ziryabın sənətinə dəyər verilməsini arzulaması, həmçinin şan-şöhrət və mal-mülk qazanma istək və ehtirasını da bütün bunlara əlavə edəndə onun yeni məkan axtarışına çıxmasını daha aydın anlamaq olar.

İspaniyanın Kordova şəhərində qoyulan Ziryab abidəsi. Burada onun səsinin simvolu olaraq bir quş heykəli və Ziryabın daha da təkmilləşdirdiyi ud çalğı aləti öz əksini tapıb.
Ziryabın Əndəlüsə getməsi Məğrib (Məğrib deyiləndə burada  əsasən Əlcəzair, Mərakeş, Tunis qismən Mavritaniya əraziləri nəzərdə tutulur) və Əndəlüs ilə İslam dünyasının şərq bölgələri arasında alimlərin gediş-gəlişlərindən, aradakı əlaqələrin varlığından xəbər verirdi. Hərçənd Əndəlüs torpaqları müsəlmanlar tərəfindən fəth edilməsi ilə bir müddət mərkəzi Şamda olan Əməvi Dövlətinin göndərdiyi valilər tərəfindən idarə edilmişdir. Xüsusilə məğrib bölgələrindəki müsəlmanlar üzü şərqə doğru Hicaz tərəflərinə həcc məqsədilə, İslam dünyasının dörd bir yanındakı alimlər də o dövrdə elm və mədəniyyətin əsas mərkəzi olan Bağdad, Şam və Misir kimi şəhərlərə tez-tez gəlib-gedirdilər. Bu insanların bəziləri sadalanan bu mədəniyyət və elm mərkəzlərində bir müddət elm öyrənib geri dönmüş, bir qismi də həmin məkanlarda qalmışdılar. Şərqdə elm öyrənib geri qayıdan alimlər olmaqla yanaşı, az da olsa şərqdə doğulub böyüdüyü halda Qərbə gedən, orada yaşayıb sənətini icra edən alimlər də olmuşdur. Ziryab məhz bu sonuncu misaldakı alimlərdəndir. Bağdaddan ayrılaraq məğrib diyarlarına (Qayrəvan şəhərinə) gələn musiqiçi alim Əndəlüs xəlifəsi Hakəmə məkub yazaraq sənətdəki məharət və bacarığından danışmış və onun yanına gəlmək üçün icazə istəmişdi. Hakəm də cavab olaraq göndərdiyi məktubla Ziryabı sarayına dəvət etmişdi. Belə bir müsbət cavab aldıqdan sonra Ziryab ailəsi və uşaqları ilə birgə Əndəlüsə gəlsə də xəlifə Hakəmin vəfat xəbərini almış və geri dönmək istəmişdi. Ancaq onu qarşılamağa gələn Yəhudi əsilli musiqiçi əl-Mansur Hakəmin yerinə keçən Abdurrahmanın da onu görməkdən məmnun olacağını söyləyərək Ziryabın yoluna davam etməsini söylədi.
Müsəlman mətbəxi Pireney yarımadasındakı İspan mətbəxinə əhəmiyyətli dərəcədə təsir edib. Müsəlmanlar Avropa ölkələri üçün qeyri-adi olan ekzotik maddələri, zəfəran, badam və müxtəlif ədviyyatları buraya gətirmişlər. Misal üçün İspaniya torpaqlarında əsasən zəfəran və tərəvəz qatılaraq hazırlanan soyuq şorbalar günümüzdə də öz populyarlığını qoruyub saxlayır. Kordova şəhəri o dövrlərdə mətbəxinin zənginliyi və mətbəx mədəniyyətində dünya sıralamasında öndə idi. Təbii ki, burada Bağdaddan Əndəlüsə gəlib çıxan Ziryabın önəmli rolu var idi. Ziryab müsəlmanların şorba ilə başlayan və şirniyyatla davam edən yeməkləri süfrəyə gətirmə ardıcıllığını Avropaya gətirən şəxs kimi tanınır.

Ziryab Əndəlüsə gəldikdən sonra buradakı insanlara gündə üç dəfə yemək yemə konsepsiyasını təqdim etmişdir. O, zəngin bilgi xəzinəsi ilə bir anda sarayın ləzzət mütəxəssisi olmuşdur. Ziryab bütün yeməklərin sanki piknikdə olduğu kimi eyni anda masaya gətirilməsinə qarşı çıxmış, yeməklərin müəyyən bir ardıcıllıq və sıra ilə gəlməsini təmin etmişdir. Beləcə də saraydakı yeməklərin təqdim edilmə şəklini tamamilə dəyişdirmişdir. Ziryab sarayda əvvəlcə isti şorbalar, sonra bişmiş qırmızı və ağ ətlər, daha sonra badam, qoz və baldan hazırlanan şirniyyatlar, bol fıstıq və fındıqdan hazırlanan unlu məmulatlar və meyvələrin sırası ilə masaya gətirilməsini öyrətmişdir. Ziryab özü ilə Bağdaddan gətirdiyi yemək üsullarını, misal üçün süfrəyə gətirilən quş ətlərinə ədviyyatların əlavə edilməsi və qovurulması ilə ləzzətli yeməklərin hazırlanma metodlarını Əndəlüsdə saray mətbəxində tətbiq etmişdir. Sarayda və saray mətbəxində tətbiq edilən bu yemək hazırlama üsulları tezliklə bürokratların evlərinə, oradan da xalqa və cəmiyyətə yayılırdı.
O günə qədər insanlar qızıl və gümüz qablarda yemək yesələr də Ziryab bunun yanlış olduğunu vurğulayaraq büllur və şüşədən hazırlanan qablardan istifadəni öyrətmişdir. Şüşə qabların yuyulması və təmizlənməsi həm daha asan, həm estetik olaraq daha gözəl, həm də digərlərindən ucuz idi. Ziryab yemək masasına bir örtük qoymağı tövsiyə etmiş və bu örtüyün kətan və ya asanlıqla təmizlənə bilən materiallardan hazırlanmasını təklif etmişdir. Onu da qeyd edək ki, Ziryab Əndəlüs xalqının yataqlarında istifadə etdiyi kətan (bitki liflərindən hazırlanan parça) və tüklü yorğanlardansa yumşaq və nazik yorğanlardan istifadə etməyi təklif etmişdir. Həmçinin o, saraydakı paltarları ağartmaq və qablardakı yağ ləkələrini təmizləmək üçün duzdan istifadə etməyi öyrətmişdir. İnsanlar da bu metodun faydalarını gördükdə Ziryaba təşəkkür etmişlər. Ziryab yemək əsnasında çəngəl və bıçaqdan istifadəni də əndəlüslülərə öyrətmişdir.
Ziryabın əndəlüslülərə qazandırdığı bunlardan ibarət deyil. O, mövsümə uyğun paltar geyinməyi də Əndəlüs torpaqlarına gətirən ilk şəxs hesab olunur. Hər şeyin öz vaxtı olduğu kimi, hər paltarın da mövsümə uyğun geyinmə vaxtı vardır. Bu minvalla yaz ayları başlayanda ağ paltarlar geyiləcək, rəngli olanlar çıxarılacaqdır. Onuncu ayın (oktyabr) əvvəlinə qədər bu ağ paltarlar geyilməli, üzü payız və qışa doğru isə rəngli paltarlara keçilməlidir. (İbn Həyyan, Muktəbəs, s. 323-324). Ziryab beləliklə də yay aylarında pambıqdan hazırlanan və ağ rəngli paltarları, payız aylarında qalın və içi astarlı paltarları, qışda isə ən qalın və yunlu paltarlar geyinməyi məsləhət görmüşdür. Düzdür, ağıla gələ bilər ki, onsuz da bu belə deyilmi? Burada qeyri-adi nə var? Ancaq Ziryabın miladi IX əsrdə yaşadığını, həmçinin insanların, ümumiyyətlə cəmiyyətin bu kimi məsələlərlə bağlı hər hansı anlayışlarının formalaşmadığını nəzərə alsaq, Ziryabın Əndəlüs torpaqlarına, həqiqətən də, öz çağını aşan yeniliklərlə gəldiyini anlamaq olar.

Ziryabın Əndəlüs və Avropa mədəniyyətinə verdiyi töhfələrdən bəhs edən ərəb dilində bir mətn
Əndəlüsdə və bütün Pireney yarımadasında 800 ilə yaxın davam edən müsəlman hökmranlığı hardasa həyatın bütün sahələrində təsirli olduğu kimi bəzi yeni musiqi alətlərinin inkişafı və ortaya çıxmasında da öz rolunu oynayıb. Bu mənada bir-birindən fərqlənsələr də Ziryab xristianlığın və kilsənin təsiri altında formalaşan qərb musiqisi ilə şərq musiqi ənənəsinin qarışığından Əndəlüsə xas yeni bir musiqi dəst-xətti ərsəyə gətirməyə nail olmuşdur. Musiqi sahəsində ud çalğı alətinə 5-ci telin əlavə edilməsi, qartal lələyindən hazırlanan mizrabdan ilk dəfə istifadə, həmçinin “nəvbə” adı verilən və peşəkar musiqiyə aid edilən əsərlərin inkişafı yenə Ziryabın adı ilə bağlıdır.

Ziryabın Əndəlüs timsalında qərbə təsirləri.
İslam elm və mədəniyyətinin qərb dünyasına keçid yollarından ən mühümü Əndəlüs olmuşdur. Bu keçid və təsir keçmişdən günümüzə qədər çoxyönlü istiqamətlərdə günümüzə qədər davam etmişdir. Ziryabı tanıdan və ön plana çıxaran şübhəsiz ki, onun musiqişünas olması idi. Ziryab Bağdadda müəllimi İshaq əl-Məvsilidən aldığı nəzəri və praktiki bilgiləri Kordova şəhərində gənclərə, ümum insanlara öyrətmək üçün konservatoriya (ali musiqi məktəbi) qurmuşdur. Bu Əndəlüsdə və dolayısı ilə Avropada ilk konservatoriya idi. Ziryabın Əndəlüsə gəlişindən əvvəl musiqi ustadlarının əllərində tələbələrini yetişdirmələri üçün hər hansı tədris metodu yox idi. Ziryabın Əndəlüsə gəlişi ilə açılan musiqi məktəblərində günümüzün ifadəsi ilə desək, xüsusi qabiliyyət imtahanları tərtib edildi. Bu imtahanlardan keçə bilən şagirdlər isə sadədən mürəkkəbə doğru bir təlim-tədris prosesi gözləyirdi. Ziryabın bu metodu günümüzdə də konsevatoriyalardan istifadə edilir. Ziryabın açdığı bu musiqi məktəblərində sadəcə ərəb və müsəlman tələbələr deyil, eyni zamanda bir çox Avropa ölkəsindən gələn tələbələr də qəbul edilmişdir. Bu tələbələr o dövrdə Fransa və Almaniyadan Kordovaya gələrək Ziryabın açdığı bu konservatiroyada oxuyaraq öz ölkələrinə qayıtdılar. Beləcə də İslam diyarında və müsəlman musiqiçilərin əlində inkişaf etdirilmiş, müxtəlif çalarlar əlavə edilmiş musiqi sənəti Avropada intibah (oyanış) hərəkatına öz töhfələrini verdi.

Yazının əvvəli ilə buradan tanış ola bilərsiniz.

Yazının davamına BURDAN baxa bilərsiniz

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top