Yusuf İslamı sənətə qaytaran musiqiçi – Ziryab


Yazı başlığını “Bağdaddan Əndəlüsə sürgün edilən musiqiçi”, “İki xilafət mərkəzinin musiqi alimi”, “Avropada ilk konservatoriya açan alim”, ya da “Avropanı süfrə mədəniyyəti ilə tanış edən şəxs” kimi versəydik, yenə də doğru olardı. Çünki Ziryab, həqiqətən, bütün bu işləri və daha artığını öz həyatına sığdıra bilmiş fərqli bir sima, fərqli bir alimdir. Ancaq Ziryabın günümüzdə Yusuf İslama və başqa musiqiçilərə verdiyi ilhamları nəzərə alaraq yazının bu bölümünə yuxarıdakı başlığı verdik.
29 yaşlı məşhur muqisiçi Ket Stevens (Cat Stevens) 1977-ci ildə İslam dinini qəbul etmiş və Yusuf İslam adını almışdı. Yusuf İslam bəlkə də əvvəlki həyat tərzini ona xatırladacağı üçün, ya da başqa səbəblərə görə İslamı seçdikdən sonra nə az-nə çox, düz 30 il musiqi ilə əlaqəsini kəsmişdi. Ancaq bu uzun müddətdən sonra yenidən musiqiyə dönməyə qərar verən Yusuf İslam bunun səbəbini bir müsahibəsində belə açıqlayırdı: “Bəlkə də bəzi insanlar elə düşünür ki, İslam sənətin, musiqinin önünü qapayır, ona icazə vermir, buna görə də İslamı seçikdən sonra mən bir daha musiqi ilə məşğul olmadım, ancaq bu belə deyil. Tarixə nəzər yetirsək, görərik ki bugünkü gitara aləti Əndəlüs İslam mədəniyyətinin bizə buraxdığı bir mirasdır. Müsbət elmlər, tibb, hətta bu gün hər köşədə içdiyimiz qəhvə İslam mədəniyyətinin, həyatın ön planda olduğu, əyləncənin də bu həyatın bir parçası olduğu İslam dünyasının bir məhsuludur. Mənim üçün mahnı oxumaq İslam düşüncəsində yaradıcılıq və dinamizmin varlığını isbat etmək və bunu insanlara duyurmaq mənasına gəlir. Əgər bir insan: “Müsəlman olmadan əvvəl çox gözəl mahnılar yazırdı, ancaq bir müsəlman olaraq artıq bunları edə bilməz” deyərsə, bunun əksini söyləməyə mənim cavabım var.”
Yusuf İslama ilham verən şəxs...
Yusuf İslam bu müsahibəni “Ziryabın qayıdışı” (The Return of Ziryab) yazılan bir plakatın önündə qəhvə içərək “The Guardian” qəzetinə vermişdi. Əslində o, Ziryab kimliyinin timsalında bir müsəlman olaraq musiqi ilə məşğul olmanın olduqca təbii və mümkün olduğunu vurğulayırdı. Müsahibə zamanı jurnalist: “Şəkildəki şəxs Ziryabdır. Onun haqqında nə deyə bilərsiz?” deyə soruşur. Yusuf İslam belə deyir: “Həqiqətən, o maraqlı şəxsdir. Musiqiçi, astronom, modelyer, qastroloq, bir sözlə Əndəlüsün mədəniyyət memarlarından biridir. Ziryab mədəniyyətin hər bir sahəsini İspaniyaya, dolayısı ilə Avropaya gətirdi. Təəssüf ki, müsəlmanlar onun haqqında çox az şey bilirlər”.

Yeniavaz.com xəbər verir ki, daha çox Ziryab ləqəbi ilə tanınan Əbul Həsən Əli ibn Nafi 789-cu idə Mosul şəhərində anadan olmuş, 857-ci ildə Əndəlüsdə dünyasını dəyişmişdir. Ziryab daha çox musiqiçi və bəstəkar kimliyi ilə tanınsa da, həm də bir şair, botanik və coğrafiyaçı idi. Araşdırmaçılar onun həyatını yaşadığı məkanları nəzərə alaraq Bağdad və Kordova (Əndəlüs) olmaqla iki hissəyə ayırırlar.
Ziryabın həyatının qısa icmalı
Ziryab (Əli ibn Nafi) Bağdadda məşhur musiqiçi İbrahim əl-Məvsilinin tələbəsi və Abbasi xəlifəsi Mehdinin (hökmdarlıq illəri: 775-785) azadlı köləsi idi. İbrahim əl-Məvsili vəfat edəndən sonra Ziryab onun oğlu İshaq əl-Məvsilidən musiqi elmini öyrənməyə davam etmişdir. Bir gün İshaq əl-Məvsili ən qabaqcıl tələbəsi Ziryabı məharətlərini göstərməsi üçün xəlifə Harun Rəşidin hüzuruna çıxarmışdı. Ziryab da xəlifə başda olmaqla saraydakı hər kəsi heyran qoyacaq mükəmməl bir ifa ilə çıxış etmişdi. Ziryab o gün sanki gizli bir xəzinə qapağının açılması kimi xəlifənin hüzurunda parlamağa başlamış, bu da müəllimi İshaq əl-Məvsilinin qısqanclığına səbəb olmuşdu. İshaq əl-Məvsili açığı Ziryabdan belə mükəmməl çıxış və ifa gözləmirdi.

Səudiyyə Ərəbistanında çap olunan “Riyad” qəzetində Ziryabın təsviri
İshaq əl-Məvsilinin həsəd və qısqanclığına görə gənc musiqiçi Bağdaddan ayrılmaq məcburiyyətində qalacaqdı. Ziryab Bağdadı tərk etdikdən sonra Şimali Afrikadan keçərək Əndəlüsə gedəcəkdi. Ziryab Əndəlüsdə də dövlət məmurları tərəfindən yaxşı qarşılanmış, burada hörmət-izzət görmüşdü. Ziryab, Əndəlus Əməvi dövlətinin əmiri II Abdurrahmanın (hökmdarlıq illəri: 822-852) sarayında baş musiqiçi işləmişdir. Ziryabın Əndəlüsdəki təsiri yalnız musiqi ilə məhdudlaşmırdı. O özü ilə Əndəlüs mədəni həyatına əhəmiyyətli dərəcədə təsir edəcək, yeniliklər, zəngin bilgilər gətirmişdi. Unutmayaq ki, Ziryab dövrün ən öndə olan elm və mədəniyyət mərkəzi və Abbasi xilafətinin mərkəzi Bağdad şəhərindən yeni-yeni parlamaqda olan başqa bir elm və mədəniyyət mərkəzinə, Əndəlüs Əməvi dövlətinin mərkəzi Kordova şəhərinə gəlmişdi.
Ziryab saç stili, moda dizaynı, qastronomiya (yemək hazırlama sənəti), astrologiya və s. bir çox sahədə söz sahibi idi. O, Bağdaddan gələn bir şəxs olaraq mədəniyyət sahəsində Əndəlüs Əməvilərinin Abbasilərlə rəqabətinin simasına çevrilmişdi. Əndəlüs Əməvi dövlətinin özü üçün hər cəhətdən rəqib gördüyü Abbasi xilafətinin elmi və mədəni səviyyəsini yaxalamaq işində Ziryabın böyük rolu var idi. Ziryabın təsiri sadəcə o dövrdə yaşadığı Əndəlüs coğrafiyası ilə məhdudlaşmır. Avropada və Şimali Afrikada da mühüm təsirlər buraxmış və günümüzə qədər onun izləri gəlmişdir.
Bu qısa icmaldan sonra gəlin bir az əvvələ, Ziryabın yetişdiyi mühitə gedək, onun hələ Abbasi xilafətinin mərkəzində olduğu, burada yetişdiyi illərə bir az geniş nəzər salaq...
Sənətlə sadəcə məvalilərin məşğul olması...
Məşhur “Müqəddimə” əsərinin müəllifi İbn Xaldunun qeyd etdiyinə görə, Abbasilər dövründə ərəb irqinə mənsub olanlar hakimiyyət və iqtidarı əllərində tutduğu üçün sənət sahəsi ilə bir o qədər məşğul olmurdular. Bu sahədəki inkişaf daha çox məvali, yəni ərəb olmayan müsəlman xalqları tərəfindən icra edilirdi. Bu minvalla xəlifə və əmirlərin saraylarından uzaq olmayan Ziryab öz məharətini göstərmək və inkişaf etdirmək üçün geniş imkan və fürsət əldə etmişdi. Bu rəngli həyat içərisində İbrahim əl-Məvsilinin, daha sonra da İshaq əl-Məvsilinin tələbəsi olması ona çox şey qazandırmış, öz sənətinin ustası olması üçün ona geniş fürsətlər vermişdir.
Bir Afrika atalar sözü...
Burada haşiyə çıxaraq bir məqama toxunmaq istəyirəm... Ziryabın (Əli ibn Nafi) ya da başqa bir alimin həyatını araşdıranda onun haqqında bu kimi ifadələrə rast gəlirik: "Dövrün elmi ab-havası, yetişdiyi mədəni mühit onun bir alim kimi formalaşmasında mühüm rol oynamışdır". Düzdür, bu kimi ifadələrin doğruluq payı vardır, ancaq burada unudulan, göz ardı edilən bir məqam var. Bir Afrika deyimində ifadə edildiyi kimi: "Çayda üzən hər şeyi timsah sanma, ağac kötükləri də çayda üzür". Yəni mühit hər şey demək olsaydı, çayda üzən kötüklərin də timsah olmaları lazım idi. Ancaq heç bir kötük timsahlarla yanaşı üzdüyünə görə bir gün dönüb timsah olmur... Bu minvalla Ziryabın, ya da başqalarının həyatını araşdıranda onun yetişməsi üçün elmi və mədəni mühitin oynadığı roldan bəhs etsək də əsas məsələ şəxslərdir, misal üçün Ziryabın özüdür. Əgər günümüzdə, ya da keçmişdə elmi və mədəni mühit hər şey demək olsaydı, məhz elmi mühitə görə hər kəsin bir Ziryab olması lazım idi. Ancaq tarix şahiddir ki, bu belə deyil.

Rəqabət mədəniyyət sahəsinə də daşınır
Gəlin yenə mövzuya qayıdaq... Əndəlüs Əməviləri ilə Abbasi xilafəti siyasi mənada rəqabət halında idilər. Siyasi arenada davam edən belə bir rəqabət Abbasi xilafət mərkəzi olan Bağdaddan ayrılmaq məcburiyyətində qalan musiqiçi alim Ziryabın (Əli ibn Nafinin) Əndəlüs Əməvilərinə pənah gətirməsi ilə mədəniyyət sahəsində də yaşanmağa başladı.
O dövrdə Əndəlüs Əməvi Dövlətinin mərkəzi olan Kordova şəhəri Bağdad mənşəli dəyərli malların istehlak edildiyi, qiymətli zinət əşyalarının ən populyar olduğu bir bazar halına gəlmişdi. Abbasi sarayındakı geyim tərzi, yemə və içmə mədəniyyəti, əyləncə, həmçinin rəsmi tədbirlərdə, təntənəli mərasimlərdə, yerinə yetirilməsi mütləq olan protokol qaydaları Əndəlüs Əməvilərinin sarayında da eynilə təqlid olunurdu. Tarixçilər belə bir mənzərənin formalaşmasında bir sıra amillərin rol oynadığı qeyd etməklə yanaşı, Bağdadda Abbasi xəlifəsi Harun Rəşidin xidmətində olan məşhur musiqiçi İshak əl-Məvsilinin tələbəsi Ziryabın (Əli ibn Nafi) Əndəlüsə gəlməsinin də böyük təsirə malik olduğunu qeyd edirlər.
Əndəlüsdəki alimlər tərəfindən musiqinin məşruluğu sorğulansa da saraylardan vətəndaşların evlərinə qədər musiqinin daxil olması buradakı insanların şeirə və musiqiyə olan rəğbətini göstərir.
Ziryab xəlifənin hüzurunda...
Daha əvvəl qeyd etdiyimiz kimi, Ziryab İshaq əl-Məvsilinin tələbəsi idi. Şübhəsiz ki, müəllimi Ziryabın bəzi qabiliyyətlərindən xəbərdar idi. Bu səbəbə görə onu Harun Rəşidin hüzuruna çıxarmışdı. İshaq əl-Məvsili xəlifə Harun Rəşidə istedadlı tələbəsi Ziryabdan bəhs edəndə onun hələ bir çox məharətindən xəbərsiz idi. Hətta ruhu oxşayan o gözəl bəstələri necə tapdığını Ziryabdan soruşanda: “onlar mənim fikrimin məhsuludur” demişdi. Ziryabı çox sevən İshaq əl-Məvsili onun nə vaxtsa böyük bir şöhrətə sahib olacağını hiss edirdi. Əslində hər şey Ziryabın xəlifənin hüzurunda özünü çox gözəl bir şəkildə tanıtmasından və xəlifənin onu bəyənməsindən sonra başlamışdı. Harun Rəşid Ziryabdan nə bildiyi soruşanda: “Mən insanların bildiyini bilirəm. Ancaq insanların çoxu mənim bildiklərimi bilmir! İcazə versəniz, indiyə qədər heç kimin eşitmədiyi mahnıları oxuyaram”. Cavabdan məmnun qalan xəlifə İshaq əl-Məvsiliyə ud alətini gətirməsini əmr etdi. Ancaq Ziryab ona verilən ud alətini götürməyərək bəsdələdiyi mahnıları özünün hazırladığı ud ilə ifa edəcəyi bildirir. Harun Rəşiddən icazə alaraq özünün hazırladığı ud alətini gətirir. Xəlifə bu ud ilə digərinin bir-birinə bənzədiyini görəndə niyə əvvəl verilən udu qəbul etmədiyini və bunlar arasındakı fərqi bilmək istəyir. Ziryab da Harun Rəşidə belə deyir: “Müəllimim İshaq əl-Məvsilinin mahnılarını oxumamı istəyirsinizsə, onun ud aləti ilə ifa edim. Ancaq mənim mahnılarımı dinləmək istəyirsinizsə, öz ud alətim ilə ifa etməliyəm. “Bu iki ud arasındakı fərqi görə bilmirəm” deyən xəlifəyə Ziryabın cavabı olduqca iddialı idi: “Zahiri görünüşlərinə görə belə düşünməkdə haqlısınız. Mənim hazırladığım ud aləti ustadımın udu ilə eyni görünüşə sahib olsa da, onun üçdə biri ağırlığındadır. Udumdakı tellər isti su ilə təmasda əyilib bükülməyən ipəkdən hazırlanıb. Bu da ud alətinə yumşaq, hamar, axıcı və həzin bir səs qazandırır.
Bu udun bəm telini (telli musiqi alətlərində qalın səs çıxaran tel) aslan balasının bağırsaqlarından hazırladım. Belə olanda səsin aydınlığı, dəqiqliyi və duruluğu digər heyvanların bağırsaqlarından hazırlanan udla müqayisədə qat-qat çox olur. Həmçinin mizrab vuruşlarına qarşı digərləri ilə müqayisədə daha dözümlüdür. Harun Raşid Ziryabın bu izah və şərhlərinə  heyran qalaraq ona mahnı oxumasını söyləyir. Ziryab: "Ey şanslı hökmdar Harun! Hamı sənin hüzuruna gələrək yeni-yeni əsərlərini təqdim edir” deyə bir qoşma ilə oxumağa başlayır. Ziryabın oxuması ilə ovsunlanan xəlifə İshaq əl-Məvsiliyə dönərək: “Bu vaxta qədər bu uşağı məndən gizlətdiyin üçün səni cəzalandırardım. Onu apar, boş vaxtımızda onu dinləmək üçün yetişdirin. Ona qayğı göstərib qoruyun” (İbn Həyyan, Muktəbəs, s. 311).

Mövzunun davamını buradan oxuya bilərsiniz
 
Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top